Əli Həsənov evini satışa çıxardı – Dəyərindən iki dəfə ucuz
Prezidentin sabiq köməkçisi Əli Həsənov paytaxtdakı mənzilini satışa çıxarıb.
Azia.az-ın əldə etdiyi məlumata görə, söhbət Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 64 ünvanında dövlət vəsaiti hesabına tikilərək Əli Həsənova hədiyyə edilmiş 5 otaqlı mənzildən gedir.
Müvafiq icra hakimiyyəti tərəfindən hədiyyə edilmiş 275 kvadrat metrlik mənzil Əli Həsənovun oğlu olan Həsənov Şamxal Əli oğlunun adına rəsmiləşdirib.
Bildirilir ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfərlinin həbsindən az sonra Əli Həsənov bu mənzili dəyərindən 2 dəfə ucuz qiymətə satışa çıxarıb. Belə ki, real dəyəri 550 min manat olan sözügedən mənzil 350 min manata satışa çıxarılıb.
Bu isə Əli Həsənovun ətrafında halqanın hər gün daha da daralmasından və onun hansı səbəbdən ciddi narahatlıq keçirməsindən xəbər verir.
Xatırladaq ki, 2019-ci ilin noyabr ayında Prezident İlham Əliyevin imzaladığı sərəncamla Əli Həsənov Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilib.