“Kəbinsiz arvad ərinə məhrəm sayılmır” – Tanınmış DİN XADİMİ
Bütün İslam ölkələrində olduğu kimi, Azərbaycanda da rəsmi nikahla yanaşı, dini kəbin anlayışı var. Qadın və kişi arasında rəsmi nikahın bağlanması tərəflərin ər-arvad olduğunu hüquqi baxımdan təsdiq edir.
Bəs dini kəbin, o nəyi ifadə edir? Evlilikdə kəbinin olması vacibdirmi? Kəbin kəsilməsə, münasibət haram sayılırmı? Kəbin kəsilən zaman bunu təsdiqləyən hər hansı kağız verilməlidirmi?
Müşahidələrə görə, Azərbaycanın bəzi bölgələrində insanlar kəbinə bir o qədər də önəm vermirlər. Məsələn, Qərb bölgəsində kəbin kəsdirmədən ailə həyatı qururlar. Qazax-Ağstafa zonasından olan İlhamə Mirzəyevanın Modern.azpa dediyinə görə, o və həyat yoldaşı yalnız rəsmi nikaha giriblər, kəbin kəsdirməyiblər. Müsahibimiz bunun onlar üçün vacib məsələ oldağını vurğulayıb.
Cəbub bölgəsindən olan digər müsahibimiz Ramil Ağayev isə deyir ki, dini kəbin vacib xüsusatdır. O, həyat yoldaşı ilə hətta rəsmi nikaha girməzdən öncə kəbin kəsdirib: “Biz hələ nişanlananda valideynlərimiz kəbinimizi kəsdirdilər. Çünki nişanlımın kəbin olmadan onun əlindən tutub gəzməyə getmək, hardasa əyləşib söhbətləşmək naməhrəmlik sayılardı”.
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imam camaatı Hacı Şahin Həsənli sözügedən mövzuda Modern.az-ın suallarını cavablandırıb.
Hacı Şahin kəbinin həm dini qayda, həm də bir ənənə olduğunu bildirib:
“İnsanlar ailə qurduqları zaman kəbin oxutdururlar. Bu, dini nöqteyi-nəzərdən izdivacın legitimləşməsidir. İnsanların bəziləri onun vacib olduğunu anlamır. Bəli, indi kimi də kəbin kəsdirmədən ailə quranlar var.
Təbii ki, kişi və qadın izdivacı dövlət qeydiyyatından keçirmək üçün rəsmi nikaha daxil olurlar. Bununla yanaşı, dini nöqteyi-nəzərdən kəbin də oxunmalıdır. Din xadimi onu oxuduğu zaman insana istər-istəməz Allahı xatırladır, ər-arvada nəsihət verir. Ona görə də buna riayət olunması lazımdır”.
Hacı Şahinin sözlərinə görə, kəbin oxunan zaman kağızın verilməsi vacib şərt deyil:
“Əsas kəbinin oxunmasıdır. Kəbin əsasən qarşılıqlı razılıq əsasında, valideynlərin iştirakı ilə də oxunur. Kəbin kağızını yadigar saxlamaq üçün yazdırırlar. İslam şəriətində yazılması yox, oxunması vacibdir.
Ümumiyyətlə, əksər bölgələrimizdə ailə qurulan zaman kəbin oxunur. Hətta bəzi ailələr kəbin kağızını bir-birilərindən tələb də edirlər.
Eyni zamanda, onu da qeyd edim ki, sovet dövründə bir çox yerlərdə namaz qılınmır, oruc da tutulmurdu. Müstəqilliyimiz bərpa olunandan sonra insanlar tədricən dini dəyərlərə qayıdır və onu mənimsəyirlər. Düşünürəm ki, getdikcə insanlar bu məsələ ilə bağlı məlumatlanacaq, dini adət-ənə yenidən bərpa olunacaq”.
Din xadimi rəsmi nikahla dini kəbinin üz-üzə qoyulmasının da düzgün saymadığını qeyd edib:
“Rəsmi nikah ölkə qanunlarına uyğun olaraq bağlanmalıdır. O evliliyi təsdiq etdirən sənəddir. Qeydiyyata alınmalıdır ki, sonda bir çox hüquqi problemlər yaratmasın. Ona görə hesab edirəm ki, hər birinin özünəməxsus yeri var.
Ər-arvad dövlət qeydiyyatından da keçməlidirlər, inancı olan, Allahı qəbul edən insanlar kəbin də oxutdurmalıdırlar. Kəbin kəsdirmək əslində insanların inancından aslı olan bir məsələdir. Digər məsələ bir vətəndaş olaraq insanların vəzifəsidir.
Hər bir halda insanlar birgə ailə həyatı yaşayırsa, dini nöqteyi-nəzərdən aralarında mədənilik yaratmaq üçün dini kəbin də oxutdurub, normal şəkildə həyatlarını davam etməlidirlər. Digər məsələlər qanunvericiliklə tənzimlənir. Bir daha deyirm ki, insanlar öz evliliklərini, evləndiyi qadının məhrəm olmasını istəyirsə, dini kəbin də kəsilməlidir”.