Narazı vətəndaşın ümidi nazirə qalıb... - GİLEY
Dələduzluq yolu ilə aldadılaraq külli miqdarda pulu mənimsənilən Atayeva Vüsalə Arif qızı Rubrika.Az saytına müraciət edərək istintaq prosesinin gedişatından və cinayət işinin düzgün araşdırılmadığından narazılığını bildirir.
Şikayətçi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində istintaqı aparılan 200200076 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs Abdullazadə Faiq Novruzəli oğlunun barəsində həbs qəti imkan tədbirinin seçilməsindən imtina edilməsi barədə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərarından narazı olduğunu, şikayətinin təmin olunmadığını qeyd edir.
V.Atayeva şikayət məktubunda qeyd edir ki, onun keçmiş həyat yoldaşı Abdullazadə Faiq Novruzəli oğlu və qardaşı Abdullayev Fərid Novruzəli oğlu əlbir olaraq onun etibarından sui-istifadə edərək müxtəlif vaxtlarda üst-üstə 191.950 manat pulunu ələ keçirmiş, sonradan dəfələrlə pulu geri istəməsinə baxmayaraq geri qaytarmamışlar. Qardaşlar V.Atayevanı guya Nərimanov rayonu, Gənclik metrostansiyası yaxınlığında “Burhan FF” MMC vasitəsilə məşğul olduqları avtomobil icarəsi biznesinə vəsait qoyub gəlir götürəcəyinə inandıraraq 2018-ci ilin yanvar ayından 2019-cu ilin avqust ayına qədər olan müddətdə Nizami rayonu “Neftçilər” ticarət mərkəzində yerləşən ofisdə ümumilikdə 191.950 manat pulunu ələ keçiriblər.
Xatırladaq ki, Abdullazadə Faiq və Atayeva Vüsalə 2000-ci ildə ailə həyatı qurmuş, bu nigahdan 2 övladları doğulmuş və 2010-cu ildə boşanmışlar. Lakin ailə münasibətəri dağılsa da tərəflər arasında normal münasibətlər saxlanılıb. Şikayətçi bildirir ki, məhz övladlarının xatirinə keçmiş həyat yoldaşına inanıb, qarşı tərəf isə bundan sui-istifadə edərək ona qarşı dələduzluq edib.
Təqsirləndirilən şəxsin guya lombard fəaliyyəti ilə məşğul olan V.Atayevadan faizə pul götürüb sonradan qaytara bilməməsi barədə dediklərinin tamamilə yalan olduğunu bildirən şikayətçi F.Abdullazadənin bu yolla istintaqı çaşdırmağa çalışdığını bildirir.
“Təqsirləndirilən şəxs məhkəmədə çıxışı zamanı da yalan ifadələr səsləndirərək guya işçisi Kənanı və qardaşı Fəridi göndərərək müxtəlif zamanlarda 5-6 faizlə pul borca götürdüyünü söyləyir. Guya yaxın münasibətlərimizə görə mən ondan girov tələb etməmişəm. Bir daha bildirirəm ki, mənim lombard fəaliyyəti ilə məşğul olmağım Faiqə verdiyim pulları da məhz borc kimi verməyimə dəlalət etmir. Əgər mən həmin pulları faizlə borc olaraq versəydim ən azından onun mənə təqdim etdiyi avtomobilləri rəsmiləşdirməklə girov kimi götürər və verdiyim vəsaiti bu yolla sığortalayardım. Odur ki, mənim Faiqə heç bir girovsuz faizə borc verməyim tamamilə absurddur! Mən Faiqə övladlarımın atası, Fəridə isə əmisi kimi inanmışam, onlar isə mənim etibarımdan sui-istifadə edərək pulumu ələ keçiriblər.”
V.Atayeva bildirir ki, istintaq zamanı F. Abdullazadənin şahidi kimi çıxış edən Vüsalə Bağırova adlı qadını ümumiyyətlə tanımır, onu qarşı tərəfin yanında da görməyib. Odur ki, belə bir şəxsin birbaşa şahid kimi qəbul edilməsi yolverilməzdir və ifadələrinin heç bir hüquqi əsası yoxdur.
Təqsirləndirilən şəxs V.Atayevanı həqiqətən də avtomobil icarəsi ilə məşğul olduğuna inandırmaq üçün müxtəlif markalı maşınlar göstərmişdir. Lakin sonradan məlum olub ki, həmin avtomobillər əslində tamamilə başqa şəxslərə məxsusdur. Hətta V.Atayevaya verilmiş “Mercedes S-klas” markalı 10 NG102 qeydiyyat nömrə nişanlı avtomobil bir müddət zərərçəkəndə qaldıqdan sonra mülkiyyətçisi Elmar Zeynalov tərəfindən geri alınmışdır.
“ Məndə olan məlumatla görə, Faiq Abdullazadə məni aldatdığı yolla başqa müxtəlif şəxsləri də aldadaraq pullarını ələ keçirib, bununla bağlı Bakı şəhərinin müxtəlif rayonlarında materiallar araşdırılıb. Müvafiq sorğular verilərsə, dediklərim öz təsdiqini tapar. Həmçinin dəfələrlə mənim də iştirakımla F.Abdullazadə ilə bağlı istintaq hərəkətlərinin keçirilməsi nəzərdə tutulsa da o müxtəlif bəhanələrlə istintaqdan yayınmış, nəhayət uzun müddətli axtarışdan sonra tutularaq müvəqqəti saxlanma yerinə yerləşdirilib.
F.Abdullazadə tərəfindən mənə dəfələrlə hədə-qorxu gəlinib. Bu gün də həmin təzyiqlər davam etdirilir. Bir daha xatırladıram ki, mənim və övladlarımın həyatı təhlükə qarşısındadır. Hər an ölüm təhlükəsi ilə üz-üzəyik. Belə bir məqamda Xətai rayon Məhkəməsi təqsirləndirilən şəxs barəsində həbs qəti imkan tədbiri seçilməsi barəsində deyil,onun bəraəti haqqında qərar çıxarıb.
Yuxarıda sadaladıqlarımdan da göründüyü kimi F.Abdullazadə cəmiyyət üçün xüsusi təhlükəli şəxs hesab oluna bilər. Onun azadlıqda qalması daha çox insanın ziyan görməsinə şərait yaradır. Həmçinin hədə-qorxulara məruz qalmam mənim və övladlarımın da taleyini təhlükə altına atır. Bütün bunları nəzərə alaraq təqsirləndirilən şəxs Abdullazadə Faiq Novruzəli oğlunun barəsində həbs qəti imkan tədbiri seçilməsindən imtina edilməsi barədə Bakı şəhər Xətai rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsinə qanunamüvafiq qaydada köməklik etmənizi xahiş edirəm. Belə bir şəxsin azadlıqda qalması cəmiyyət və şəxsən mənim həyatım üçün təhlükəlidir. İnanıram ki, ədalətli qanunlarımız bu dəfə də qalib gələcək, haqlını haqsız qarşısında əlacsız vəziyyətdə qoymayacaqdır!”.