Vidadi İsayevin iqtidara başağrı olan repressiv siyasəti: ətalət, hədə, zülm... - Video
Bərdə rayonunda ətalətin və istibdadın ən ağır günləri yaşanır. Hakimiyyət tezliklə bu bölgədəki idarəçilik formasına son qoymasa, daha dərinə işləyən fəsadlarla qarşılaşa bilər.
Çünki icra başçısı Vidadi İsayevin Elmar Vəliyevsayağı hərəkətləri insanların canını boğazına yığıb. Bu da ilk növbədə iqtidarın 2018-ci ildən start götürən yeni siyasi kursunun əleyhinədir.
Anaxeber.info-nun analizləri, aparılan araşdırmalar, proseslərin gedişi göstərir ki, Bərdəni ciddi silkələnmə gözləyə bilər.
Ona görə ki, V.İsayevin özbaşınalıqları rayonda gərginliyi artırmaqdadır. Sonuncu belə hadisə Qaradırnaq kəndində olub.
Kənd sakinləri ələ keçirilən örüş sahələrini geri tələb ediblər. Lakin onların etirazları boğulub, bir neçə kənd ağsaqqalı saxlanıb.
Sakinlər deyirlər ki, hektar ərazidən 64 hektar qalıb və haqqını istəyənlər təzyiqlə üzləşiblər. Bu siyasətin başında isə icra başçısı Vidadi İsayev gəlir.
Onun anti-prezident fəaliyyəti aşağılarla yanaşı yuxarılara da problem yaratmaqdadır. V.İsayevin əhaliyə zülm etməkdə məqsədi bilinmir.
Amma faktdır ki, hüquqları pozulanlar səsini qaldıranda icra başçısı tərəfindən təhdid edilir, sıxışdırılır, həbslə qorxudulur.
Bərdədə repressiv siyasət yürütməklə dövlətin yenilənən idarəçilik sisteminə qarşı gedən V.İsayevin işindən kənarlaşdırılması üçün dosye halında faktlar var.
Hətta son günlərdə hakimiyyəti dəstəkləyən və nadir hallarda məmur özbaşınalığına toxunan bəzi tirajlı xəbər portalları da Bərdə İH başçısının qanunsuzluqlarını, vətəndaşları incitməsini, həbs edilən icra başçılarından sonra Vidadi İsayevin təşvişə düşərək maaş kartlarını sahiblərini qaytardığını yazırlar.
Artıq rayonda vəziyyət o həddə çatıb ki, iqtidara yaxın KİV-lər də Bərdədəki prosesləri yuxarıların nəzərinə çatdırmağa başlayıblar.
Bu gedişlə V.İsayev üçün ən optimal yol Saatlının icra başçısı kimi vəzifəsindən azad edilməklə canını qurtarmaqdır. Çünki Prezident Administrasiyasına gedən şikayətlərin sayı-hesabı yoxdur.
Biz də dəfələrlə real faktlar təqdim etmişik. Dediyimiz kimi, sonuncusu Qaradırnaq kənd camaatının əzilməsi, tapdanmasıdır.
Son həbslər, işdən azadetmələr olsa da, yenə də V.İsayev öz fəaliyyətini qismən də olsa nizamlamaq istəmir. Görünür, pis aqibətlə üzləşməyəcəyinə arxayınlaşıb.
Amma yerlərdə sosial gərginliyin olması, panemiya dövründə narazılığın daha da yüksəlməsi mərkəzi ciddi narahat etməkdədir. Bu halda dövlət başçısının İH-lərdə apardığı “təmizləmə”lər anlaşılandır.
Biz aylar əvvəl təhlillərdə yazırdıq ki, ölkə başçısı nazirlər və özünü buraxan parlamentlə haqq-hesab çəkdikdə sonra növbə İH-lərindir.
Anaxeber.info təhlil edir ki, Bərdədə fermerdən kəndliyə, sahibkardan məcburi köçkünə, aztəminatlı ailədən şəhid ailəsinə qədər hamı bir nəfər kimi V.İsayevdən narazılığını zaman-zaman dilə gətirib. Dəfələrlə sübutlar ortaya qoyulub.
İstərsə Quba hadisələri, İsmayıllı üsyanı olsun, istərsə sahibkarların incidilməsi, aksiyalar, vətəndaşların mülkiyyətinin qanunsuz sökülməsi, şəhid və məcburi köçkünlərin qapıdan qovulması olsun, hər birində narazılıq iqtidara qarşı yönəlib.
Təkcə bu despot siyasət yox, icra başçılarının sərvətlərə sahiblənməsi, rayonlarda kiçik “padşah”lara çevrilməsi, biznes şəbəkələrini qurması əhalidə ciddi etirazlar doğurub.
Məsələn, bu günlərdə hakimiyyətyönlü axar.az yazır ki, V.İsayevin göstərişi ilə ictimai işə cəlb edilən şəxslərin kartlarının “qaytarılması” prosesinə başlanılıb.
Qeyd edilir ki, ictimai işlərə cəlb edilən şəxslər Bərdə şəhər bələdiyyəsinə dəvət edilir və onlardan “izahat” da alınır.
İzahatda isə sözügedən şəxslər “könüllü olaraq” bildirirlər ki, maaş kartları hər zaman “özlərində” olub, heç vaxt icra başçısının seyfində saxlanılmayıb.
Bu gülünc izahatın niyə alındığı və hansı qara gün üçün saxlanıldığı bəlli olmasa da, bu, Bərdə İH-nin ilk belə cəfəng “əməliyyatı” deyil.
Bir müddət öncə İsmayıllı rayon icra başçısının karantin rejimini pozduğuna görə Prezident sərəncamı ilə töhmət almasının ardınca Bərdə icra başçısının onlayn konfransa tibbi maska ilə çıxması birmənalı qarşılanmamışdı. Onlayn konfrans zamanı tibbi maskadan istifadə tələb etməsi başçını gülüş hədəfinə çevirmişdi.
Bərdə rayonu ilə bağlı daha bir məlumat isə orta məktəb müəllimlərinin maaşının kəsilməsidir. Rayondakı mənbənin verdiyi məlumata görə, DTX-nın ciddi əməliyyatlarına baxmayaraq, Bərdə məktəblərində müəllimlərdən pul yığılması bu ay da davam edib.
İddia olunur ki, müəllimlərə onsuz da işləmədikləri, onlayn dərs keçmək imkanlarının da məhdud olduğu bildirilərək, maaşlarının 10 faiz tutulmasına "şükür etmələri” olduqları bildirilib.
Daha bir maraqlı məqam Bərdə icra başçısının Yevlaxdakı evi ilə bağlıdır. Qeyd olunur ki, icra başçısı Yevlaxda yerləşən mülkünün böyür-başındakı evləri alaraq, həyətinə qatıb və villasının əzəmətini artırıb. V.İsayevin alıb villasına daxil etdiyi ev sürücüsünə məxsusdur.
Belə ki, V.İsayev sürücüsünün evindən bir neçə dəfə baha qiymətə - 50 minə kənarda ev alıb və onu sürücüsünə bağışlayıb.
Əvəzində isə villasının arxasında yerləşən sözügedən evi öz həyətinə birləşdirib. Və bütün bunları dezinformasiya yazmayan bir sayt yayıb. Deməli, Bərdə ilə bağlı ciddi addımlar atıla bilər.
Anaxeber.info