"Şəhid ailələrinə tikilən evlər Siyavuş Novruzovun dədəsinin pulu hesabına tikilməyib" - "ÜZR İSTƏMƏLİDİR"
ADR sədri Qubad Ibadoğlu
Siyavuş Novruzov üzr istəməlidir.Siyavuş Novruzov Milli Məclisdə ilk çıxışında deyib ki, “neft pullaırnın hesabına qurulan, yaradılan bütün məktəblər, bağçalar, məcburi köçkünlər üçün tikilən evlər xalq üçün edilir. İnsanlar zəlzələdən evi uçanda dövlət vətəndaşa ev tikir, yanğından evi yanan vətəndaşa dövlət ev verir. Başqa ölkələrdə belə addımlar atılmır. Dövlət insanlara dədəsi-babası tikəndən daha yaxşı ev verib”.
Bununla əlaqədar diqqətinizi bir neçə məqama çəkmək istərdim.
Əvvala hüquq doktorunun nəzərinə çatdırmaq istəyirəm ki, Konstitusiyanın 14-cü maddəsinə görə, təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Odur ki, məktəblər, bağçalar mənzilə ehtiyacı olan məcburi köçkün, qaçqın, şəhid ailələrinə tikilən evlər Siyavuş Novruzovun nə özünün, nə də dədəsinin pulu hesabına tikilməyib. Korrupsiya potensialı yüksək olan belə tikinti layihələri təbii ehtiyatlar hesabına formalaşan Neft Fondundan maliyyələşib. Məlumat üçün qeyd edim ki, indiyə qədər qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması üçün Dövlət Neft Fondundan 2,5 milyard manatdan çox vəsait ayrılıb.
İkincisi, nə məcburi köçkünlər, nə də qaçqınlar dədə-baba yurdlarında daxmalarda yaşamayıb, əksəriyyətinin işğal olunmuş ərazilərdə qalan evləri ilə müqayisədə indi dövlətin verdiyi daxmaya oxşayır. Onların bir hissəsi hələ də yaşayış şəraiti olmayan yataqxanalarda yaşayır. Halbuki, onlar da imarətlərini qoyub gəliblər.
Üçüncüsü, məcburi köçkünlər, qaçqınlara ev lazım deyil, torpaq lazımdır. Odur ki, Qarabağ işğaldan azad olunsun, onların böyük əksəriyyəti torpaqlarına qayıdacaq. Onlara ilan mələyən dərələrdə – Müşfiqabadda, neft iyi verən Mehdiabadda verilən evləri də özlərinə qalar.
Dördüncüsü, canını ölkənin ərazi bütövlüyü uğrunda qurban verən, şikəst olan şəhid ailələri və Qarabağ əlillərinə ev vermək hər bir dövlətin borcudur. Onların da hamısı hələ də evlə təmin olunmayıb. Rayon (şəhər) icra hakimiyyətlərində mənzil növbəsinə dayanan minlərlə Qarabağ əlilləri və şəhid ailələri hələ də növbə gözləyir.
Beçincisi. əmlak sığorta sistemi mövcud olsaydı zəlzələdən evi uçana, yanğından evi yanan vətəndaşa dövlət deyil, sığorta şirkətləri təzminat verməlidir.
Yekun olaraq onu qeyd edim ki, heç kəsin, özü də dövlətin resursları hesabına təmin olunan deputatın vətəndaşa minnət qoymağa və onu dövlətdən haqq edib aldığına görə aşağılamağa hüququ yoxdur. Odur ki, tələb edirəm ki, Milli Məclisin son iclasında Regional məsələlər komitəsinin sədri vəzifəsinə yenicə təyinat almış Siyavuş Novruzov çıxışında dövlətin sosial proqramlar çərçivəsində ev verdiyi məcburi köçkün, qaçqınlar, şəhid ailərlərinin, Qarabağ müharibəsi əlillərinin, zəlzələdən və yanğından evləri dağılanların hissiyatına toxunan, onları aşağılayan çıxışına görə üzr istəməlidir.