Oğuz və Şəkidə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi yaşayış evləri təqdim edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə Oğuz və Şəki rayonları üzrə 7 ədəd yeni fərdi yaşayış evi təqdim edilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 5 nəfəri Qarabağ müharibəsi əlili, 2-i isə şəhid ailəsidir.
Evlərin istifadəyə verilməsi tədbirlərində qeyd olunub ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, həmin insanların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində ardıcıl və məqsədyönlü işlər görülür.
Təkcə bu ilin ötən dövründə 12 rayonda 51 fərdi yaşayış evi, həmçinin Abşeron rayonunda hazır yaşayış binalarından tender yolu ilə alınaraq təmir etdirilmiş 53 mənzil istifadəyə verilməklə, 104 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. Hazırda Bakıda və ölkənin regionlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün həm çoxmənzilli, həm də fərdi yaşayış evlərinin inşası, eləcə də hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri uğurla davam etdirilir.
Tədbirdə iştirak edən əlil ictimai birliklərinin və yerli ictimaiyyətin nümayəndələri ölkə əhalisinin həyat səviyyəsinin yaxşılaşmasına yönələn və ildən-ilə güclənən tədbirlərin hər bir vətəndaşın dövlətimizə, dövlətimizin rəhbərinə inam və etimad hissini daim artırdığını vurğulayıblar.