Torbadakı dərman idi, yoxsa heroin?
Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Yardımlı rayon sakini 30 yaşlı Rusif Tərlanovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org-un xəbərinə görə, Rusif Tərlanov şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Araz” adlı çəxslə cinayət əlaqəsinə girib. “Araz”ın tapşırığına əsasən ötən ilin oktyabrında gömrükdən gizli yolla keçirilən 1 kiloqram heroini Yardımlı rayonunun Arus kəndirinin girəcəyindəki lövhənin altından çıxararaq yaşadığı Koryədi kəndinə gətirib və qarajda gizlədib.
Ertəsi gün yenə də “Araz”ın tapşırığı ilə bağlamanı şəxsiyyəti istintaqa məlum olmayan müştəriyə çatdırmaq üçün özüylə Bakı-Sumqayıt magistral yolunun kənarında yerləşən “Azər City”marketin qarşısına aparıb. Elə orada da Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
İstintaq zamanı məlum olub ki, bu, Tərlanovun ilk məhkumluğu deyil. O, 2016-cı ildə aksiz markasız siqaretlərin satışına görə həbs edilib, Yardımlı rayon məhkəməsinin qərarı ilə barəsində 2 il sınaq müddəti olmaqla şərti cəza təyin edilib.
Təqsiləndirilən R.Tərlanov ilkin ifadəsində kənddə qəssab işlədiyini, həbs olunmazdan səkkiz ay öncə ailə həyatı qurduğunu, heç zaman narkotik maddələrdən istifadə etmədiyini, əvvəllər İrana ticarət məqsədilə gedib-gəldiyini deyib. Elə həmin ərəfələrdə də İranın Biləsuvar şəhərində təsadüfən “Araz” adlı şəxslə tanış olub. İranlı ilə səmimi dostluq sonda Rusifi həbsxanaya sürükləyib. Söhbət əsnasında maddi vəziyyətindən gileylənən Rusifə ailəsini dolandırmaq üçün “sərfəli iş” təklif edilib. Rusif iranlının təklifi ilə razılaşıb, bir-birlərinə telefon nömrəsi veriblər.
“İşin nədən ibarət olduğunu soruşdum. Dedi ki, tanışlarım vasitəsilə Azərbaycana heroin göndərəcəyəm, həmin narkotiki lazım olan müştərilərə çatdırıb bunun müqabilində pul alacaqsan. Heroinin hər kiloqramına görə 1500 manat verəcəyini vəd etmişdi. Bu işin təhlükəli olduğunu bilsəm də, qazancım olacağını düşünüb razılaşdım”- R.Tərlanov ifadəsində deyib.
Aralarındakı razılığa əsasən “Araz” ona yaxın günlərdə işə başlamaq üçün xəbərdarlıq edəcəyini bildirib. Lakin Rusif İrandan Azərbaycana qayıtdıqdan sonra aksiz markasız siqaret satışına görə mühakimə olunub və bir müddət “Araz”la əlaqə saxlamayıb. Nəhayət, ötən ilin oktyabrında “Araz” Rusiflə Whatsapp messenceri ilə əlaqə saxlayıb, ona Arus kəndinin girəcəyində, üzərində “Arus kəndi” yazılmış lövhənin altında torpağa basdırılan 1 kiloqram heroini oradan götürməyi tapşırıb.
Həmin əraziyə gedən Rusif tablonun altındakı torpağı qazıb və torbadakı heroini oradan çıxarıb. Torbanı gödəkçəsinin altında gizlədərək yaşadığı evə gətirib. Ertəsi gün “Araz” onunla yenidən əlaqə saxlayıb və narkotiki götür-götürmədiyini soruşub. Rusif heroin torbasını götürdüyünü və evdə gizlətdiyini deyib.
“Araz” ona narkotiki axşam saatlarında “Azər City” marketin qarşısında bir nəfərlə görüşüb həmin şəxsə təhvil verməyi bildirib: “Heroini kimə verəcəyimlə maraqlandıqda ətraflı heç nə demədi. Dedi, 142 nömrəsi ilə bitən avtomobil yaxınlaşacaq, heroini ona ver, 1500 manatı al. Heç avtomobilin markasını da demədi. Mən də əlavə sual verməyə çəkindim, dediyi kimi elədim”.
İranlının göstərişi ilə Rusif heroin torbasını qarajdan götürüb və birbaşa deyilən ünvana yola düşüb. Marketin qarşısında, yolun kənarında oturub müştərinin gələcəyini gözləyib. Elə bu vaxt bir neçə mülki geyimli şəxslər ona yaxınlaşıb polis əməkdaşı olduqlarını deyiblər. Hal şahidlərinin iştirakı ilə Rusifin üzərinə baxış keçirilib. Rusif heroin torbasını polislərə təhvil verib.
Məhkəmə prosesində R.Tərlanov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. İfadəsində İrana müalicəyə gedib-gəldiyi ərəfədə “Araz”la tanış olduğunu deyib: “Həmin iranlı mənə çox yaxşlıqlar etmişdi. Aramızda dostluq yaranmışdı. Arabir whatsappla əlaqə saxlayırdıq”.
R.Tərlanovun ifadəsinə inansaq, guya “Araz” ona heroin deyil, İrandan dərman göndərib. İstintaq zamanı təzyiq altında etirafedici ifadələr verib: “Mənə dedi ki, bir dostuma dərman aparmaq lazımdır. Kəndin girəcəyindəki lövhənin altındakı dərmanı götürüb apararsan. Mən də oradan götürüb gətirdim. Ertəsi gün marketin qarşısında 142 nömrəsi olan avtomobilə verdim. Marketdən çıxanda məni tutdular. Heç bilmirdim o torbanın içərisindəki nə olub. Polislər idarəyə gətirəndən sonra torbadakının dərman deyil, heroin olduğunu dedilər”.
Məhkəmə R.Tərlanovun ifadəsini inandırıcı hesab etməyib.
Məhkəmənin hökmü ilə Rusif Tərlanov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İnarə Rafiqqızı