Araşdırmaçı jurnalist deputatı təkzib etdi: “Məndə başqa faktlar da var...”
Mirzə Cəlilin nəvələrini, Musa Nağıyevin erməni nəticəsini, dünyaca məşhur şuşalını tapan Hafiz Əhmədovdan şok açıqlamalar
Xəbər verdiyimiz kimi, bugünlərdə AMEA-nın vitse-prezidenti, akademik, deputat İsa Həbibbəylinin dəvəti ilə görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin nəslinin davamçıları, ədibin nəticəsi Martin Cavanşiri və Pzemslav Cavanşiri Bakıya gəlib. Mətbuatda bu barədə gedən məlumatlarda ədibin nəvə və nəticələrininin akademik tərəfindən axtarılıb tapıldığı qeyd olunub.
Lakin bu bir faktdır ki, Mirzə Cəlilin varislərini bir müddət bundan əvvəl araşdırmaçı jurnalist Hafiz Əhmədov taparaq, onlardan maraqlı müsahibə almışdı. Lakin bilinməyən səbəbdən jurnalist ədibin davamçıları ilə olan görüşə dəvət edilməyib. Nəticədə Hafiz Əhmədov facebookda status yazaraq, buna etiraz edib.
Yaranmış qalmaqalla bağlı akademik İsa Həbibbəyli “Yeni Müsavat”a eksklüziv açıqlama verərək, jurnalistin bu məsələdə böyük əməyi olduğunu etiraf etdi: “Ötən il mətbuatda ”Hafiztimes" saytında mən Mirzə Cəlilin Polşada yaşayan nəvələri haqda bir müsahibəni oxudum. Həmin müsahibəni saytın rəhbəri Hafiz Əhmədov hazırlamışdı. Onun bu yazısı məsələyə yenidən qayıtmağa, bu nəsli tapmağa əsas verdi, şərait yaratdı. Beləliklə, xeyli vaxtdan sonra jurnalistin nömrəsini tapdım və xahiş etdim ki, nəslin davamçılarının ünvanlarını, koordinatlarını versin. Buna görə Hafizə çox təşəkkür edirəm, onun bu işdə çox böyük əməyi var".
Akademik jurnalisti ədibin nəticələri ilə görüşə dəvət etməməsinin səbəbini bu cür əsaslandırdı: “Əslində onu da bu görüşlərə dəvət etməli idik. Lakin əlaqə tapa bilmədiyimdən dəvət edə bilmədik. Amma sonradan onun əlaqə nömrəsini tapıb zəng etdim və bildirdim ki, hər zaman ədibin davamçıları ilə onu görüşdürməyə hazıram. Hətta rayondan Bakıya gəlməsi üçün lazım olan maliyyəni də üzərimizə götürürük”.
Məsələ ilə bağlı Hafiz Əhmədovun da mövqeyini öyrənməyə çalışdıq. Jurnalist olanlara bu cür aydınlıq gətirdi: “İsa Həbibbəylinin yadına düşdü ki, mənim əməyim böyükdür? On gün bundan əvvəl bütün mətbuat orqanlarında anons verilmişdi ki, akademik İsa Həbibbəyli Mirzə Cəlilin nəticələrini tapıb, onlar Bakıya gələcək. Bəs onda heç olmasa bir yerdə qeyd edilmişdi ki, bu məsələdə jurnalist Hafiz Əhmədovun da əməyi var? Yəni heç bir yerdə demədilər ki, onları əslində kim tapıb. Halbuki mənim müsahibəmdən sonra İsa Həbibbəyli mənimlə əlaqə saxlayıb, xahiş etmişdi ki, onların ünvanlarını, əlaqə koordinatlarını verim. On gün sonra isə gördüm ki, nəticələrini Bakıya dəvət ediblər. Mən kənddə ola-ola, min bir çətinliklə onların ailəsini tapdım, Azərbaycan və babaları haqqında məlumat verdim. Qeyd edim ki, nəticənin adını da düzgün yazmırlar. Hətta mən onlara babaları haqqında vikipediya göndərdim ki, ”baxın görün sizin babanız necə böyük şəxsiyyətdir, ədibdir". Onlar heç Azərbaycanın harada olmasından xəbərsiz idilər. Bütün bu məlumatları onlara mən vermişəm, yalnız ondan sonra mənim suallarımı cavablandırmışdılar. Necə olur ki, bu qədər işdən sonra Hafiz Əhmədov kənddə təsadüfən telefonunda görür ki, Mirzə Cəlilin nəticələri Bakıdadır və onu görüşə dəvət etməyiblər? Fəxri Xiyabanda onların birgə şəkillərini görüb kənddə ürəyim partlayırdı ki, necə ola bilər ki, məni unutsunlar. İnanın ki, hər gün onun nəticələrinə Bakı, Azərbaycan haqqında danışırdım ki, ölkəmizə gəlsinlər.
Bu gün nəticəsi mənə yazdı ki, “niyə bizi qarşılamağa gəlmədin?” Axırda cavab yazdım ki, “məni çox üzürlü sayın, lakin məni dəvət etməmişdilər”. İsa Həbibbəylinin bütün işçilərində mənim facebook ünvanlarım, telefon nömrələrim var idi. Necə olur ki, onlardan heç biri mənimlə əlaqə saxlaya bilməsin? Bütün əlaqələr birdən-birə silinə bilməz axı. Bütün məmurlar, dövlət adamları, hər kəs görüşə dəvət edilir, bir məndən başqa. Nəticələr ilə görüşdən sonra çoxlu sayda insanlar bildirirdilər ki, bu ailə haqqında ictimaiyyətə geniş məlumat verilmir, deyilmir ki, onlar İrandan Polşaya necə gedib çıxıblar və sairə. Məlum olduğu kimi, tərcüməçilər də imkan verməyib ki, jurnalistlərin sualları cavablandırılsın.
Mən bununla bağlı status yazdım və bir jurnalist həmkarım məndən xahiş etdi ki, onu silim. Bildirdi ki, İsa Həbibbəyli məni Bakıya dəvət edir, 50 manat da pul verir. Hətta qeyri-etik olaraq dedi ki, “Kişi deyilsən, pul tapıb, borc alıb Bakıya gələ bilmirsən?” Mən əməyimi pula satmıram. İki ildir ki, kənddəyəm, heç bir yerdə çalışmıram. Nə milyonluq ofisim, nə maaşım, nə də Bakıda başımı sala biləcəyim bir daxmam var. Mən bütün bu araşdırma yazılarımı, müsahibələrimi Tovuzda ucqar bir dağ kəndində yazıram. Heç bir maddi qazancım yoxdur. Kənddə sahədə çalışıb axşamlar yorğun olsam da bu araşdırmaları yazıram.
Bütün yaşayış şəraitimi, çətinliklərimi İsa Həbibbəyli bilirdi. Əgər düşünsəydi, görüşdən 2-3 gün əvvəl məni Bakıya dəvət edərdi. Yoxsa ki, qonaqlar gələn gün günorta saat 3-də zəng edib deyir ki, “qonşudan da olsa borc pul tap gəl Bakıya”. Bu nə dərəcədə doğrudur?
Əgər statusu yazmasaydım, heç kəs mənimlə əlaqə saxlamayacaqdı, heç kəs də məsələnin əsli haqda məlumat almayacaqdı".
Bundan əvvəl Hacı Zeynalabdın Tağıyevin Amerikada nəvə-nəticəsini taparaq, geniş müsahibə hazırlayan jurnalist daha sonra bunları dedi: “Bakıya Tağıyevin nəticəsi kimi gələn Alban Klod haqqında məlumatsızam və bu məsələyə şübhə ilə yanaşıram. Şəxsən özü ilə əlaqəm var, lakin qeyd etdiyim kimi, mənim üçün bu məsələ şübhəlidir. Bildiyiniz kimi, bundan əvvəl mən Tağıyevin Amerikada yaşayan nəvə-nəticələrini tapıb müsahibə almışdım. Hətta Tağıyevin Rusiyada yaşayan davamçılarını tapmışdım. Onlar tam olaraq təsdiqlənmiş nəvə-nəticələridir. Alban da fotolar təqdim edir, lakin faktlar ortada yoxdur”.
Jurnalist araşdırıb tapdığı digər məşhur varislərdən də söz açdı: “Mənim hazırda çox məşhur nəslin davamçıları ilə müsahibələrim var. Lakin artıq qorxuram ki, müsahibə yayımlanandan iki ay sonra yenə də hansısa məmur, dövlət qulluqçusu bu araşdırmaları öz adlarına çıxacaq. Məsələn, Musa Nağıyevin erməni əsilli, 86 yaşlı nəvəsini tapmışam. Amma o, Azərbaycanla qürur duyur. Bildiyiniz kimi, zamanında Musa Nağıyevin qızı ilə Şəmsi Əsədullayevin oğlu Mirzə Əsədullayev ailə həyatı qurub. Tapdığım nəvə Suren Məlikian onların oğlunun nəvəsidir. Müsahibimin anası zamanında erməniyə ərə gedib. Bu nə deməkdir? Onun anası zamanında Xalq Cümhuriyyətini yıxıb-sürüyən, çoxlu sayda qırğın törədən erməniyə ərə gedib. Lakin bu gün o, Azərbaycanla fəxr edir və müsahibəsində Bakıya gəlmək, baba yurdunu görmək istədiyini bildirib.
İlk dəfə mən araşdırıb tapdım ki, türk musiqi tarixinin ən önəmli simalarından biri, əfsanəvi musiqiçi, məşhur “Gülpembe”, “Dönünce” mahnılarının bəstəkarı Əhməd Güvənç Əhməd bəy Ağaoğlunun nəvəsidir. O, müsahibəsində qeyd etmişdi ki, “Doğma yurdum Şuşaya gedə bilmədim”. Hətta Barış Manço bir dəfə mərhum prezident Heydər Əliyevə özünün Azərbaycan əsilli olduğunu deyib. Dəfələrlə sosial şəbəkələrdə yazdım ki, onu bircə dəfə Bakıya dəvət edin. O, dünyaca məşhur şuşalılardan biridir. Onun bir açıqlaması Qarabağ, Şuşamız barədə ən gözəl təbliğat olar. Lakin buna da əhəmiyyət vermədilər. Bildirim ki, bu günə qədər Əhməd bəy Ağaoğlunun ən böyük arxivini mən tapmışam, halbuki ölkədə bu qədər alim, araşdırmaçı var, nə qədər pul ayrılır, onlar bunu araşdırmırlar. Mən isə bütün bunları öz kəndimdə hazırlamışam. Yəqin təsəvvür edərsiniz ki, bu nə qədər çətin bir işdir. Aylarla kiçik bir faktı araşdırmalı oluram..."
Xalidə GƏRAY,