azia.az
azia.az

Eynulla Fətullayevlə QAT sədri arasında erməni jurnalist davası

14-12-2016, 10:06

Eynulla Fətullayevlə QAT sədri arasında erməni jurnalist davası
QAT sədrini polisə çağırdılar, baş redaktor isə məchul bir məmura 2 gün vaxt verdi

Xəbər verdiyimiz kimi, virtualaz.org və haqqın.az saytlarının baş redaktoru Eynulla Fətullayev erməni jurnalist Süzan Caginyanı işə götürüb.

Musavat.com-a geniş müsahibəsində E.Fətullayev bu haqda danışıb. Amma sözügedən xəbərdən dərhal sonra sosial şəbəkədə ona etirazlar da gəlməyə başlayıb və erməni ilə çalışmasını tənqid ediblər.

Baş redaktor isə buna cavab olaraq deyib ki, bu, əslində ermənilərin Azərbaycanın daxilində, bizim qanunlar çərçivəsində yaşamasını sübut edəcək bir eksperimentdir. Erməni jurnalist haqqın.az saytında Ermənistan siyasətini daxildən təhlil edərək, ermənilərə ciddi zərbə vuracaq. Artıq bununla bağlı Ermənistanda ona qarşı etirazlar da başlanıb. Bunu da E.Fətullayev müsahibəsində deyib.

Amma xəbər yayılandan sonra buna sərt etiraz edənlərdən biri Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı olub. A.Nağı öncə sosial şəbəkədə aşağıdakı statusu yazıb: “Mənə xəbər çatdı ki, Eynulla Fətullayev ”məşhur erməni jurnalisti" Suzan Çaqinyanı redaksiyasında işə götürüb və sübut eləməyə çalışır ki, guya çox böyük iş görüb. Əslində çox böyük qələt eləyib, başını da daşa döyüb. Eynulla Mircəfər Bağırovdan ağıllı və hökmlü olacaqmı ki, ermənini yanında saxlasın, ondan istifadə etsin. O olayı haminiz bilirsiniz".

Akif Nağı həmçinin qeyd edib ki, haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev ermənilərə qucaq açır: “Eynullaya sözümü qısa deyirəm; erməni qancığını rədd edirsən gedir. Sənə 2 gün vaxt veririk. İstəsən, özün də onun dalınca gedə bilərsən”.

Bu statusa dərhal cavab verən E.Fətuallayev də sərt sözlərdən istifadə edib: “Bir məmura xəbərdarlıq!!! Mən Akif Nağı kimi düdüyə cavab verməyəcəm. Cavabım sənə olacaq. Özünü yığışdır, sənə 2 gün vaxt verirəm. Yoxsa açıq hücuma keçəcəm sənə qarşı. İtini yığışdır!!!”

“Yeni Müsavat”a açıqlamasında E.Fətullayev son durumu təhlil etdi. Dedi ki, A.Nağı ona “iki gün vaxt verəcək” adam deyil. Onun sözlərinə görə, QAT sədrinin sözləri heç bir əhəmiyyət daşımır: “Mən özümə, Azərbaycan dövlətinin böyüklüyünə, ölkədəki kriminogen duruma əmin olmasaydım, erməni jurnalisti işə dəvət etməzdim. Bəzən milçək vızıltısı belə bəzi səslərdən daha şərəflidir. Bu adamların ağlı əvvəlki zamanlara gedib. İndi Azərbaycanda fərqli zamandır. Düşünmürəm ki, kimlərsə əvvəlki qaydada redaksiya qabağına gəlsin, etiraz etsin, ümumən belə hallara yol verilsin. Dünya da dəyişir. Biz artıq fərqli dünyada yaşayırıq. Digər tərəfdən, Akif Nağıl kimdir ki? Yasir Ərəfat, Mahmud Abbas belə bir bəyanatla çıxış etsəydi, bir az narahat olardım. Amma Akif Nağı çıxış etdi, yaxud Ağcabədinin kənd bələdiyyəsinin sədri çıxış etdi, mənim üçün heç bir fərqi yoxdur”.

E.Fətullayev eyni zamanda bildirdi ki, ümumən Qarabağ Azadlıq Təşkilatının adı da çox gülməlidir. Onun sözlərinə görə, A.Nağı bu haqda düşünsə daha yaxşı olar. Müsahibimiz statusunda yazdığı kimi, kimə 2 gün vaxt verməsini isə açıqlamadı: “Mən öz sözümü yazdım. O sözün müəllifi də öz payını götürdü. Əsas odur ki, mən öz mesajımı ona yolladım”.

Akif Nağı isə Bakı Şəhər Baş Polis İdarəsinə çağırılmasının səbəblərini ölkə.az-a açıqlayıb: “Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayevin erməni jurnalist Suzan Caginyanı işə götürməsi ilə bağlı QAT-ın sərt açıqlaması olmuşdu. Bu açıqlama ilə əlaqədar məni Bakı Şəhər Baş Polis İdarəsinə çağırdılar. Məni Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov qəbul etdi. Qəbulda Səhlab Bağırovdan başqa digər dövlət qurumlarının nümayəndələri də iştirak edirdi. Səhlab Bağırov və görüşdə iştirak edən digər şəxslər mənə dövlətin mövqeyini çatdırdılar. Bildirdilər ki, bu, dövlət səviyyəsində aparılan bir siyasətdir. Bunun müsbət cəhətləri var. Mən də öz mövqeyimi əsaslandırdım. Sonra mənə yazılı şəkildə xəbərdarlıq etdilər və sərbəst buraxdılar”. (musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi