azia.az
azia.az

DYP qəza törədib, hadisə yerindən qaçan “S-class”ın xanım sürücüsünü niyə himayə edir?

12-10-2019, 13:33


“Dövlət Yol Polisində baş verən özbaşınalığın, harın adamların necə pərdələnməsinin, daha doğrusu etdiyi cinayətdən necə yayındırılmasına sizin diqqətinizi yönəltmək istəyirəm. Burdan birbaşa daxili işlər naziri cənab Vilayət Eyvazova müraciət edirəm ki, polisdə baş verən bu süründürməçiliyi şəxsi nəzarətinə götürsün”.
Azinforum.az xəbər verir ki, bu sözləri jurnalist Məhəmmədəli Qəribli sosial şəbəkədəki səhifəsində yazıb.
DYP qəza törədib, hadisə yerindən qaçan “S-class”ın xanım sürücüsünü niyə himayə edir?
O bildirib ki, 9 oktyabır saat 20-17 radələrində qardaşı Qəribov Ramin Qərib oğlunun idarə etdiyi 99 GC 987 dövlət nömrə nişanlı avtomobil bir xanımın idarə etdiyi 10 PC 082 dövlət nömrəli “Mersedes S Klass” maraklı avtomobil tərəfindən vurulub:
“Hadisə zamanı avtomobilə ciddi ziyan dəyib. Xanım sürücü avtomobili saxlamayaraq, hadisə yerindən qaçıb. Bütün bu hadisə “TS 6049” nömrəli kameranın altında baş verib. Yəni hadisənin necə baş verdiyini ordan əldə olunan görüntülərlə müəyyən etmək olar.
Qardaşım həmin xanımın dalısıca gedib, görüb ki, maşını varlı insanların yaşadığı məhlə kimi tanınan ərazidə saxladı. Qardaşım deyir ki, xanım maşından düşən zaman anlaqlı vəziyyətdə olmayıb və onu söyməyə başlayıb. Sonra bildirib ki, gedib hara istəyir, şikayət etsin. Hətta qardaşımı ən pis formada söyüb, təhqir də edib.
Baş verən hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Pollisinə rəsmi şikayət edilib. Şikayəti həmin idarənin 4-cü mərtəbəsində əyləşən Qafar adlı bir polkovnik qəbul edib.
Maraqlıdır ki, hadisədən 3 gün keçməsinə baxmayaraq, Qafar müəllim həmin xanımı məsuliyyətə cəlb etmək istəmir. Cənab polkovnik hadisəyə qanunun tələbləri çərçivəsində deyil, centelmen sayağı yanaşmağa üstünlük verir. Zəng vurub qardaşımdan dəyən ziyanın məbləğini soruşur və söz verir ki, həmin məbləği xanıma ödətdirəcək.
Dünən və bu gün cənab polkovniklə mənim özüm də danışmışam. Hiss edirəm ciddi cəhdlə xanımı müdafiə edir və deyir ki, həmin xanım çox əxlaqlı birisidi, hətta hətta Həccdə də olub. Hər halda, kimin hansı əxlaqi kriteriyaların daşıyıcısı olmasını DYP araşdırmamlıdır. Heç bizim şikayətimiz də bununla bağlı deyil. DYP-nin əməkdaşı olan Qafar müəllimin borcudur ki, şəxsiyyəti bəlli olan və barəsində rəsmi şikayət edilən, qəza törədib hadisə yerindən qaçan xanımla bağlı dərhal hüquqi ölçü götürsün.
Qanunun tələblərinə görə, həmin xanımın idarə etdiyi avtomobilə dərhal saxlanma əmri verilməlidir və avtomobil cərimə meydançasına gətirilməlidir. Qafar müəllim isə deyir ki, xanım psixotrop dərmanlar qəbul edir, müalicə olunduğuna görə DYP-yə, yəni onların çağrışlarına gələ bilmir. Cənab polkovnik bilməlidir ki, həmin xanımı ora dəvət yox, gətizdirmək lazımdır.
Çünki o qanunu pozub, inzibati xəta törədib. Polkovnik isə deyir ki, bu işi birinci gün yoluna qoya bilər. İndi fikir verin, yolda getdiyimiz yerdə kimsə bahalı bir maşınla bizi vurub qaçır, bizə ciddi ziyan dəyir, amma biz həmin xanımın kimin tərəfindənsə himayə olunduğuna görə, 5 gün gözləməliyik. Hələ bilmirik ki, 5 gün sonra Qafar müəlim hansı qərarı qəbul edəcək.
Polkovnik deyir ki, qanunla onun bu işi araşdırmaq üçün 15 gün vaxtı var. Yox, Qafar müəllim, siz dediyiniz başqa araşdırma predmetlərinə aiddir. Həmin maşın hal – hazırda da xanım tərəfindən idarə olunur. Ətrafda yaşayan vətəndaşlardan soruşmuşuq, hadisədən sonra da hər gün maşını sürdüyünü görürlər. İndi biz gözləyirik ki, o bahalı maşını ilə növbəti qəzaları, bəlkə də cinayətləri törətsin? Qafar müəllimin həmin xanımın vəkili qismində çıxış etməsi, şikayəti qanunvericiliyin tələbləri çərçivəsində araşdırmaması məndə ciddi şübhələr yaradıb. Bu səbəbdən də məsələnin DYP rəhbərliyi və DİN tərəfindən ciddi araşdırılmasını tələb edirik”.
Xatırladaq ki, jurnalist şərhinə xanım sürücünün hadisə yerindən necə qaçmasını əks etdirən video görüntünü də yerləşdirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi