azia.az
azia.az

Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasında - Ermənistan 12 pillə gerilədi

26-07-2019, 10:07


Azərbaycan Ordusunda olan döyüş ruhu, kadr potensialı, hərbi texnika və avadanlıqlar kifayət edər ki, torpaqları işğaldan azad etsin
“Global Firepower” təşkilatı 2019-cu ilin ən güclü ordularının siyahısını açıqlayıb. Sorğunun nəticəsinə görə, Azərbaycan Ordusu siyahıda ötən illə müqayisədə bir pillə irəliləyərək 137 ölkə arasında 52-ci yerə yüksəlib.
Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasında - Ermənistan 12 pillə gerilədi
Bu barədə yayılan məlumatda bildirilir ki, siyahıda birinci yeri ABŞ, ikinci yeri Rusiya tutur. İlk üçlüyü Çin ordusu tamamlayır. Türkiyə siyahıda doqquzuncu, İran 14, Gürcüstan isə 85-cidir. Ermənistan yeni reytinqdə 12 pillə geriləyərək 96-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, 2018-ci ildə də “Global Firepower” araşdırma şirkəti dünyanın ən nəhəng ordularının siyahısını yayımlamışdı. Həmin sorğuda erməni ordusu Azərbaycandan 31 pillə geridə qalırdı. 136 ölkənin yer aldığı siyahının müəyyən edilməsində coğrafi faktorlar, logistika imkanları və NATO müttəfiqi də daxil olmaqla, 55 faktor əsas götürülüb. 2018-ci ildə də ilk üçlükdə ABŞ, Rusiya və Çin idi. Qardaş Türkiyə də ilk onluqda yer alır. İşğalçı Ermənistandan fərqli olaraq, Cənubi Qafqazın digər ölkəsi - Gürcüstan 2018-lə müqayisədə cəmi 3 pillə geriləyib. Beləliklə, Cənubi Qafqazın ən güclü ordusu Azərbaycana məxsusdur. Bu isə o deməkdir ki, Azərbaycan istənilən vaxt torpaqlarını Ermənistanın işğalından azad etməyə qadirdir, sadəcə, qan tökülməməsi naminə səbr və təmkin nümayiş etdirərək danışıqların nəticəsini gözləyir.
Məsələyə münasibət bildirən deputat Aqil Abbas Moderator.az-a açıqlamasında 24 iyulda Lələtəpədə əsgərlərimizə baş çəkdiyini deyərək hərbçilərimizin şücaətindən danışıb: “Mən Lələtəpədə oldum. Bizim müdafiə nazirimiz general-polkovnik, cənab Zakir Həsənov və Füzuli rayonun icra başçısı Alı Alıyevlə birlikdə oradaydıq. Əsgərlərimizlə oturub əsgər yeməyi yedim. Yeni bir kazarmanın açılışı idi. Əsgərlərimizlə yediyim yeməyin dadı damağımdan getmədi. Oradan Ağcabədiyə gəldim və böyük bir stol açmışdılar, amma dedim ki, əsgər yeməyi yediyim üçün toxam, yemirəm. Azərbaycan Ordusunda qüdrət də, vətənpərvərlik də öz yerindədir. Orada əsgərlərimizlə söhbət də etdik. Dörd saatımı əsgərlərimizlə keçirdim. O əsgərlərimizə bir əmr lazımdır ki, torpaqları işğaldan azad etsinlər. Cənab nazir elə çıxış elədi ki, ürəyim atlandı. Bizim ordumuz hələ çox irəli gedəcək. Biz hələ sirlərimizi açmırıq, onları açsaq, on pillə də irəli gedər. Bu gün ordumuzda əsgərlərə elə bir yemək verirlər ki, bunu Yessentukidə sanatoriyada vermirlər. Bununla yanaşı, onların döyüş bacarığı da çox yüksəkdir”.
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, “Global Firepower” təşkilatının siyahısında Azərbaycan Ordusunun 137 ölkənin orduları arasında 52-ci olması qürurvericidir: “Cənubi Qafqaz deyəndə burada üç dövlət yerləşir və təbii ki, Azərbaycan Ordusu onlardan daima irəlidədir, bu, belə də olmalıdır. Bəs bu hansı kriteriyalara görə belədir: Əsas və birinci faktor əsgər və zabitlərin peşəkar hazırlığı və hərbi əməliyyatlarda, döyüşlərdə iştirak etməsi və bu həm də öz ölkələrindən kənarda da olsa, daha vacib faktora çevrilir. Müasir silahların olması ilə bərabər, döyüş təcrübəsi olması da mühüm şərtdir. Dünyanın bir sıra ordularına nəzər salsaq görərik ki, Çin kimi böyük dövlətin ordusu on illərlə heç bir döyüş təcrübəsinə malik deyil. Eləcə də Hindistan və s. Avropada ən mühüm ordular Fransa və Böyük Britaniya ordusu sayılır. Təbii ki, Rusiya və ABŞ da, Türkiyə də, İsrail də mühüm əməliyyatlar aparan və döyüşən ordular sırasındadırlar”. A.Nağıyev qeyd etdi ki, bu dövlətlərin orduları ilə bir yerdə Azərbaycan ordusunun da adının çəkilməsi mühüm bir amildir: “Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından biri təbii ki, hərb yoludur və Azərbaycan ordusu bütün parametrlərlə bunu etməyə qadirdir. Zənnimcə, buna misallar var. Ordu nə qədər güclü olsa, suverenliyin qarantı daha çox olur. Ordu icraçı bir orqandır, yəni əmrin icrasını edən bir qurumdur və bu gün Azərbaycan Ordusunda olan döyüş ruhu, kadr potensialı, hərbi texnika və avadanlıqlar kifayət edər ki, münaqişə suverenliyimiz çərçivəsində həll edilsin. Biz dünyəvi dövlətik və beynəlxalq hüquq normalarına uyğun danışıqlarda iştirak edib münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq. Lakin beynəlxalq ictimaiyyət də, ermənilər və onların havadarları da başa düşməlidirlər ki, Azərbaycan Ordusu güclüdür və belə getsə, həqiqətən də dünyanın ən güclü ordularından 52-cisi olduğunu göstərəcək”.

Deputat, BQB başqanı Fazil Mustafa isə arxayınlaşmağın tərəfdarı deyil: “Bu durum daha çox Rusiyanın erməni ordusuna maliyyə yardımını obyektiv səbəblərdən azaltmasından qaynaqlanır. Bu xəbərin psixoloji baxımdan bizə faydası olsa da, gerçəklikdə bizi çox da arxayın salmamalıdır. Çünki bizim rəqibimiz bilavasitə erməni ordusu deyil, onu himayə edən ölkələrin diplomatiyası və ordusudur. Biz daha ciddi irəliləməliyik ki, onu himayə edənlərin qarşısında dirəniş göstərməyimiz mümkün olsun”.

Cavid TURAN,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi