İlham Əliyevin cəbhə xəttindən savaş bəyanatları
Prezidentdən hərbi geyimdə işğalçıya gözdağı, həmsədrlərə mesaj; Azərbaycan Ordusu Konstitusiya günündə özünün ən iri hərbi təlimlərinə başladı; Ali Baş komandan: “Ermənistan başqasının gücünə güvənməsin”; “Ağıllarını başlarına yığsınlar, nəticə çıxarmasalar, Lələtəpə əməliyyatları təkrarlanacaq...”
Qarabağ danışıqlarında yenindən dalan vəziyyəti yaranıb.
Ermənistanın vasitəçi dövlətlərin loyallığından istifadə edərək, təzədən radikal mövqeyə köklənməsi və özünə sərfəli status-kvonu uzatmağa çalışması müharibə riskini yenidən artırıb. Belə vəziyyətdə işğala məruz qalan tərəf kimi, Azərbaycanın öz hərbi potensialını, ordusunun döyüş qabiliyyətini durmadan artırmaqdan savayı yolu qalmır. Çünki klassik deyimdəki kimi, sülh istəyiriksə, müharibəyə hər an hazır olmalıyıq.
Azərbaycan elə bunu da edir, qardaş Türkiyə, Pakistan, İsrail və bəzi digər dövlətlər hesabına öz hərbi parkını aybaay yeniləyir, təkmilləşdirir, müasirləşdirir. Eyni zamanda, adı çəkilən dost və strateji tərəfdaş ölkələr sayəsində ən yeni hərbi silah və texnikanın ölkəmizdə istehsalına nail olmağa çalışır. Paralel surətdə də Silahlı Qüvvələrimizin qardaş ölkə ilə və ya ayrılıqda geniş miqyaslı hərbi təlimləri davam etdirilir.
Diqqətə layiqdir ki, iki gün öncə - noyabrın 12-də, Azərbaycanın Konstitusiya günündə müstəqilliyimiz tarixində ən iri miqyaslı, 60 min hərbçinin, yüzlərlə ağır texnika vahidi və artilleriya qurğusunun iştirakı ilə təlimlərə start verilib.
Həmin gün Ali Baş Komandan, ölkə prezidenti İlham Əliyev şəxsən cəbhə bölgəsində olub, faktiki, təlimlərin açılışını edib, hərbi formada düşmən tərəfinin mövqelərini müşahidə edib.
***
Dövlət başçısına öncə cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib. Daha sonra o, hərbçilərlə görüşüb, döyüş tapşırığını yerinə yetirərkən xüsusi fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib hərbi qulluqçular qarşısında çıxış edib.
“Bu gün biz Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan əvvəl bu ərazi işğal altında idi. Biz bu işğala son qoyduq. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının ərazilərində işğal altındakı 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilib. Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərib. Aprel döyüşləri bizim şanlı qələbəmizdir” - prezident qeyd edib.
Ali Baş komandan daha sonra deyib: “Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Ordumuz istənilən vəzifəni icra etməyə qadirdir. Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalq bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri var”.
“Biz ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik...”
Prezident Ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyədə olduğunu və günbəgün artığını xüsusi vurğulayıb: “Ordumuzda nizam-intizam hökm sürür və onun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha göstərdi. Aprel döyüşlərindən sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər görülür, vəsait ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlar, texnika alınır və artıq bizim sərəncamımızdadır”.
Ölkə başçısı deyib ki, Azərbaycan Ordusunun döyüş qabiliyyəti ilə bərabər, vətənpərvərlik ruhu da yüksəkdir: “Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Bizim heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik.... Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz işğal altındakı bütün torpaqlarımıza qayıdacağıq. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasa, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız, güclü ordumuz var. Biz Ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə - bax, burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik. Sizə eşq olsun! Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik!”
İlham Əliyev bildirib ki, gələcəkdə ordumuza nə qədər silah-sursat lazımdırsa, Azərbaycanda o qədər də istehsal olunacaq və idxal ediləcək. “Ermənistan başqasının gücünə güvənməsin. Əgər istəyirlər ki, məsələ sülh yolu ilə həll olunsun və erməni xalqı itki verməsin, torpaqlarımızdan çəkilsinlər. Biz də müharibə istəmirik, ancaq biz torpaqlarımızı istəyirik. İşğalçılardan azad edilmiş, bu gün durduğumuz bax bu yerdə - Lələtəpədə olmağımız onu göstərir ki, biz o günü yaxınlaşdırırıq”.
Bu sözləri isə prezident Füzuli rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlər ilə görüşündə deyib. O, cəbhəyanı bölgədə yaşayan insanların böyük hörmətə layiq olduqlarını da qeyd edib: “Siz döyüş bölgəsində, düşmənlə üz-üzə yaşayırsınız. Buna baxmayaraq, qurursunuz, yaradırsınız, uşaqlar böyüdürsünüz. Mən sizə minnətdaram. Sizi salamlayıram, sizə yeni uğurlar arzulayıram”.
***
Prezidentin məhz cəbhə xəttindən, üstəlik də ən iri hərbi təlimlərin başladığı Konstitusiya günündə işğalçı tərəfə bu qəbildən sərt xəbərdarlıq mesajları verməsi, həmçinin savaş xəbərdarlığı etməsi, sözsüz ki, hazırkı mürəkkəb vəziyyətdə ikiqat-üçqat önəm kəsb edir. Bu, bir daha onu göstərir ki, Azərbaycan öz torpaqlarının davamlı işğalı ilə, status-kvonun süni şəkildə uzadılması ilə barışmaq niyyətində deyil. Bu - habelə onun mesajıdır ki, qarşı tərəf təklif edilən ən optimal həll variantı kimi “muxtar respublika”ya razı olmasa, müharibə qaçılmaz olacaq.
Demək, Ali Baş Komandanın xəbərdarlıq mesajlarından üçüncü on ildir sülh nizamlanmasına nail olmayan, hətta altdan-altdan ermənipərəstlik edən ATƏT-in Minsk Qrupu həmsədrlərinə də məxsusi pay düşür. “Ermənistan başqasının gücünə güvənməsin” deyəndə əslində elə bunu nəzərdə tutub. (musavat.com)