azia.az
azia.az

Qarabağda rüsvayçılıq: "N-DO", "El-Ta" və "Gold MMC" fəhlələrin pulunu vermir!

Bu gün, 08:27

Qarabağın yenidən qurulması və işğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi bu gün hər birimiz üçün qürur mənbəyidir. Lakin bu müqəddəs missiyaya kölgə salan, orada gecəsini gündüzünə qatıb çalışan fəhlənin alın tərinə göz dikən bəzi "işbazlar" hələ də öz çirkin əməllərindən əl çəkmirlər. Növbəti belə acınacaqlı və rüsvayçı hadisə Ağdam rayonunun Çovlan kənd sakini, Qarabağda fəhlə işləyən Süleymanlı Möhübbət və onun iş yoldaşlarının başına gəlib.

VİDEO BU LİNKDƏDİR

Xəbər verilir ki, Ağdamın Xıdırlı kəndində rəsmi müqavilə ilə bərpa-tikinti işlərində çalışan fəhlələr aylardır ki, dekabr və yanvar ayının əmək haqlarını ala bilmirlər. Şikayətçinin sözlərinə görə, fəhlələrin pulunu mənimsəmək üçün ortada açıq-aşkar bir maxinasiya sxemi qurulub. Belə ki, işlədikləri müddətdə şirkətin adı gah "N-DO", gah "El-Ta", gah da "Gold MMC" olaraq dəyişdirilib. Şirkətlərin adını "müqəvva" kimi tez-tez dəyişməkdə məqsəd fəhləni aldatmaq, məsuliyyətdən qaçmaq və qazanılan milyonların içindən zəhmətkeşin bir neçə yüz manatlıq maaşına əl qoymaqdır. Pulu tələb edəndə isə qarşı tərəf tamamilə "gözəgörünməz" olur. Şikayətdə adları keçən İsgəndərov Tahir və İsgəndərov Zaur kimi məsul şəxslər, fəhlələrin haqlı tələbləri qarşısında telefonları söndürür, mesajları cavabsız qoyurlar. Hətta Qarabağ Dirçəliş Fondundakı rəsmi şəxslərin köməkçiləri səviyyəsində edilən xəbərdarlıqlar, şirkətin pulu mənimsədiyini rəsmən ortaya qoysa da, bu "işbazlar" hələ də vətəndaşın halal pulunu geri qaytarmaq fikrində deyillər. Vətəndaş Möhübbət Süleymanlı haqlı olaraq fəryad edir ki, evə tək gəlir gətirən özüdür, yaşlı və pensiya almayan valideynlərinə təkbaşına baxır və qanuni şəkildə işlədiyi zəhmətin pulunu tələb edir. Dövlətin Qarabağın bərpası üçün ayırdığı vəsaitləri və fəhlənin əl qabarını özlərinə qənimət bilənlər anlamalıdırlar ki, bu özbaşınalıq cəzasız qala bilməz. Dövlət başçısının və aidiyyəti qurumların Qarabağdakı hər bir layihəyə xüsusi həssaslıqla yanaşdığı bir vaxtda, bu cür şirkətlərin özbaşınalığı həm qanuna, həm də dövlət siyasətinə qarşı açıq hörmətsizlikdir. Dövlət Əmək Müfəttişliyi Xidmətini və Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi — Emin Hüseynovu bu rüsvayçılığa son qoymağa, adları çəkilən MMC-lərin fəaliyyətini ciddi şəkildə araşdırmağa və fəhlələrin aylardır tapdalanan hüquqlarını bərpa etməyə çağırırıq!Haqqını tələb edən vətəndaşın səsi eşidilməli, zəhmətkeşin pulunu mənimsəyənlər qanun qarşısında ən kəskin şəkildə cavab verməlidirlər!

Qarşı tərəfin cavab haqqını tanıyırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi