Bəşir Hacıyev: "Kəlbəcərin zəngin su ehtiyatları və otlaq sahələri aqrar inkişaf üçün əsas olacaq"
Kəlbəcər rayonunda aqrar sahə və akvakultura layihələrinin miqyasının genişləndirilməsi nəzərdə tutulur.
"Report"un Zəngilan rayonuna ezam olunmuş əməkdaşı verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" ilə əlaqədar təşkil edilmiş müşavirə çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Kəlbəcər rayonu zəngin su resursları, geniş otlaq və yaylaq əraziləri, həmçinin əlverişli ekoloji şəraiti sayəsində kənd təsərrüfatının müxtəlif istiqamətlərinin inkişaf etdirilməsi baxımından böyük potensiala malikdir.
"Heyvandarlıq, quşçuluq və əkinçilik sahələrində sahibkarlıq fəaliyyətlərinin reallaşdırılması istiqamətində müvafiq işlər həyata keçirilir. Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş tədbirlər Kəlbəcərdə aqrar və akvakultura istiqamətlərinin daha geniş inkişafına zəmin yaradacaq. Dövlət proqramı vasitəsilə yeni investisiyaların cəlb olunması, istehsal həcminin artırılması və məşğulluq səviyyəsinin yüksəldilməsi üçün əlavə imkanlar formalaşdırılacaq", - B. Hacıyev vurğulayıb.
O qeyd edib ki, Kəlbəcərin aqrar və akvakultura imkanlarından daha effektiv şəkildə yararlanılması rayonun sosial-iqtisadi tərəqqisinə, eləcə də əhalinin dayanıqlı məskunlaşma prosesinə əhəmiyyətli töhfə verəcək.