YEVLAX İcra hakimiyyəti rəqəmləri şişirtdi və... CƏZALANDI!
Yevlax Şəhər İcra Hakimiyyətinin elan etdiyi tender dünən ləğv edilib. XALQ.AZ xəbər verir ki, söhbət dəyəri 318.293 manat olan Yevlax şəhərində mənzil fondunun əsaslı təmirindən gedir.
Rəsmi qaynaqlarda qeyd edilir ki, Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Xidməti (AİİBNX) tenderin ləğv edilməsinin səbəbi kimi, qiymətləndirilmənin şişirdilməsini əsas götürərək, İcra Hakimiyyəti haqqında protokol tərtib edib.
Xatırladaq ki, Yevlaxın icra başçısı Anar Aqil oğlu Tağıyevdir. Qeyd edək ki, Tağıyev 25 mart 1981-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005-ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirib. Təhsil aldığı müddətdə 1999-cu ildən 2002-ci ilədək “Eurostyle” şirkətində ümumi işlər üzrə hüquqşünas, 2006-cı ildə H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis, 2006-2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləyib. 2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin “İctimai təşkilatlar və siyasi partiyalarla iş” şöbəsinin, 2010-2011-ci ilədək “Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş” şöbəsinin müdiri, 2011-ci ildən isə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışıb.