azia.az
azia.az

Daşkəsəndə yerli sakinlərlə növbəti görüş keçirilib

2-10-2023, 19:07

 

Sentyabr 29-da “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Korporativ Sosial Məsuliyyət  (KSM) Komitəsi tərəfindən Daşkəsən şəhərində yerli sakinlərlə növbəti görüş keçirilib. QSC-nin törəmə cəmiyyəti - “Daşkəsən Dəmir Filiz” MMC-nin inzibati binasında təşkil edilən görüşdə rayonunZağalı, Xoşbulaq, Alunitdağ və Yuxarı Daşkəsən kəndlərinin sakinləri, həmçinin Daşkəsən şəhərindən olan vətəndaşlar iştirak ediblər.

Görüşdə “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini, KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev çıxış edərək, Səhmdar Cəmiyyətin aktiv hasilat və istehsalat fəaliyyəti həyata keçirdiyi Daşkəsən rayonunda yerli əhali və icmalarla iş prioritetləri çərçivəsində icra edilməkdə olan layihələr haqqında məlumat verilib. Qeyd olunub ki, son dövrlər Daşkəsəndə təşkil edilən səyyar tibbi müayinə aksiyaları, istifadəyə verilən idman meydançaları, məktəb binası, əhalinin içməli su təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər məhz rayon sakinlərinin hərtərəfli diqqət və qayğı ilə əhatələnməsinə xidmət etməklə, sosial xarakterli dövlət proqramlarına töhfə vermək məqsədi daşıyır.

Bildirilib ki, ümumilikdə“AzerGold” QSC-nin fəaliyyəti nəticəsində hasilat sahələrinin yaxınlığında yerləşən kəndlərin sakinləri mütəmadi olaraq ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq, məşğulluq, sahibkarlığın təşviqi, idman və s. istiqamətləri üzrə icra edilən layihələrdən faydalanırlar.

Daşkəsən rayonunda məşğulluq səviyyəsinin artırılması istiqamətində Səhmdar Cəmiyyət tərəfindən reallaşdırılan tədbirlərdən söz açan Komitə sədri ştat cədvəlinə uyğun mövcud vakansiyalar əsasında işə qəbul zamanı yerli sakinlər, xüsusilə şəhid ailələri və qazilərin müraciətlərinə üstünlük verildiyini, namizədlərin elektron qaydada müraciətləri əsasında tam şəffaf şəkildə, test imtahanı ilə vətəndaşlarınəmək fəaliyyətinə cəlb edildiyini bildirib. Səhmdar Cəmiyyətin uzunmüddətli podrat təşkilatları tərəfindən də işə qəbul zamanıyerli sakinlərə üstünlük verildiyi diqqətə çatdırılıb. Bu xüsusda QSC-nin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində və “Daşkəsən” dəmir filizi sahəsindəçalışanların, eləcə də podratçı şirkətlərin əməkdaşlarının əksəriyyətinin yerli sakinlər olduğu vurğulanıb.

QSC-nin qarşıdakı dövrlərdə strateji layihələrin icrası ilə bağlı kadr ehtiyaclarının yerli sakinlər hesabına qarşılanması üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində dağ-mədən sənayesini əhatə edən müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr üçün artıq üçüncü ildir ki, “Təqaüd proqramı” layihəsinin icra edildiyi xatırladılıb. Həmçinin ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrində dağ-mədən mühəndisliyi, geologiya və metallurgiya sahələrində təhsil alan tələbələr üçün “Təqaüd proqramı” müsabiqəsinin təşkil edildiyi, hər iki layihə qaliblərinin məzun olduqdan sonra müvafiq vakansiyalar üzrə işlə təminatı istiqamətində addımların atıldığı diqqətə çatdırılıb. Bundan başqa, “AzerGold” QSC-nin “Gələcəyin mədənçisi” layihəsinin icrasına başladığı vurğulanıb. Layihənin Daşkəsən rayonunda qeydiyyatda olan 10-cu sinif şagirdlərinin dağ-mədən sahələri üzrə ali təhsil müəssisələrinə hazırlıq kurslarına cəlb edilməklə, onların bakalavriat səviyyəsinə qəbuluna dəstək göstərmək məqsədi daşıdığı qeyd olunub.

Daha sonra vətəndaşların müraciətləri dinlənilib, yeni təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb, eləcə də sakinlər arasında anket sorğusu keçirilib. Görüş iştirakçılarının qaldırdıqları məsələlər araşdırılması və mövcud qanunvericilik çərçivəsində həll edilməsi üçün qeydiyyata alınıb. 

Qeyd edək ki, “AzerGold” QSC tərəfindən hədəf qruplarına yönəlmiş təşəbbüs və layihələr çərçivəsində bölgə əhalisi ilə ənənəvi görüş və sorğuların təşkili davam etdiriləcəkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi