azia.az
azia.az

"Arvadımı dayım oğlu ilə əl-ələ gördüm, Qurana and içdi ki…” –Qandonduran hadisə

1-08-2022, 08:45


Şəmkir rayonunda 1978-ci il təvəllüdlü Səlim şəxsi münasibətlər zəminində Malik və onun yanında olan Sərdarı (adlar şərti verilib - red.) güllələyib.
"Arvadımı dayım oğlu ilə əl-ələ gördüm, Qurana and içdi ki…” –Qandonduran hadisə
Azia.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə ötən ilin mayın 9-da Şəmkir-Seyfəli avtomobil yolunun Çinarlı qəsəbəsi ərazisindən keçən hissəsində "Asiman Petrol" yanacaq doldurma məntəqəsinin yanında baş verib.

İstintaq orqanı tərəfindən Səlimin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

"Həyəcanlı "Qurani Kərim"ə and içdi"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 1997-ci ildə Lətafət ilə ailə həyatı qurub: "Bu evlilikdən dörd övladım dünyaya gəlib. Lətafət ilə münasibətlərimiz mehriban olsa da, son iki il ərzində aramızda soyuq münasibət yaranıb. Bunun əsas səbəbi dayım oğlu Maliklə yaxın münasibət saxlayaraq mənə xəyanət etməsi olub".

Təqsirləndirilən şəxsin sözlərinə görə, ilk dəfə 2019-cu il dekabrın ortalarında Malikin onun yaşadığı fərdi yaşayış evini güdməsini görüb: "Bu barədə qızım Ləmandan soruşdum. Qızım Maliki görmədiyini bildirdi. Həmçinin, 2020-ci ilin mayın sonlarında işdən evə tez gəldim. Həmin vaxt fərdi yaşayış evinin eyvan hissəsində arvadım ilə dayım oğlunun əl-ələ tutaraq oturduqlarının şahidi oldum. Nə baş verdiyini soruşan zaman arvadım həyəcanlı bir şəkildə "Qurani Kərim"ə and içərək "mərc gəlirdik" deyə bildirdi".

"Dedim ki, ay Malik, səni görürəm"

Səlim bildirib ki, həmin vaxt özünü çətinliklə ələ alaraq övladlarının xətrinə arvadı və dayısı oğlunun bu hərəkətlərinə dözüb: "Lakin hər iki tərəfi xəbərdar edərək "bir daha sizi birlikdə görməyim, yoxsa axırı yaxşı olmayacaq" dedim. Bundan sonra Malik getdi. Bir müddət Maliki evimin ətrafında görmədim".

Səlim qeyd edib ki, 2020-ci ilin iyunun ortalarında, gecə saat 01 radələrində evin pəncərəsinin qarşısında siqaret çəkən zaman Maliki pəncərənin qarşısında olan çəpərin yanında yataq otağını güdməsini görüb: "Bu barədə Malikə xəbərdarlıq etdim. Dedim ki, ay Malik, çəpərin qarşısında duran sənsən, səni görürəm, səni tutacam, bu, sənin üçün yaxşı olmayacaq. Malik səsimi eşitdikdən sonra çəpərdən uzaqlaşdı".

"Arvadımın bədənində dişlək izləri gördüm"

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci ilin avqustun ortalarında hava isti olan zaman günorta saat 16 radələrində işdən evə gəlib: "Arvadım Lətafət ilə çarpayıya uzandıq. Lətafət əynində idman stilində paltarla uzanmışdı. Lətafətdən paltarını soyunmasını istədim. Lətafət isə ağrıdığını bəhanə etdi. Təkidlə Lətafətdən paltarını çıxarmasını tələb etdim. Arvadımın mənə yalan danışdığından şübhələndim. Onu tam soyundurdum. Həmin vaxt Lətafətin bədənində, sol ayaq nahiyəsinin qasıq hissəsində, sol ayağın baldır hissəsində dişlək izlərinin olmasını gördüm. Hirsimdən Lətafətə bir şillə vurdum. Lətafət həmin gün evdən getdi".

Səlim bildirib ki, bundan sonra Lətafət 9 ay anası Sevdanın evində yaşayıb: "9 ay ərzində Lətafəti güdərək Malik ilə yaxın münasibətləri barədə məlumat topladım. Lətafətlə Malik havalar isti olan zaman axşam saatlarında Şəmkir rayonu, Qapanlı kəndində görüşüb, söhbət ediblər. Onların telefonla yazışmalarını bildim".

Təqsirləndirilən şəxs deyib ki, Lətafətlə 2021-ci il aprelin sonlarında boşanıb: "Biz boşansaq da, həmin vaxta qədər Maliklə Lətafətin yaxın münasibətdə olmasından əsəbiləşmişəm. Qisas almaq niyyətilə təxminən 7 ay əvvəl çobanlıq etmək üçün dostum Nərman adlı Şəmkir rayon, Aşağı Seyfəli kənd sakini vasitəsilə adını bilmədiyim Samux rayon sakinindən pulla aldığım ov tüfəngi ilə Maliki vurmağı qərara aldım".

"Hadisə yerindən qaçmadım"

Səlimin sözlərinə görə, mayın 9-da saat 17 radələrində idarə etdiyi "VAZ 2106" markalı avtomobili ilə Şəmkir-Seyfəli avtomobil yolu boyunca hərəkət edib: "Saat təxminən 18 radələrində Aşağı Seyfəli kəndinin qurtaracaq hissəsində Maliki gördüm. Malik mənim avtomobilimi görən kimi uzaqlaşsa da, onu vurmaq məqsədilə avtomobili sürətli şəkildə onun avtomobilinin arxasınca sürdüm. Biz magistral yolun Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisindən keçən hissəsində üz-üzə gəldik. Malikin avtomobilini saxlaması üçün öz avtomobilim ilə onu vurdum. Toqquşmadan sonra Malik avtomobilin ön oturacağında oturmuş xalası oğlu Sərdar ilə avtomobildən düşdülər. Bu zaman Malikin qaçmağa başladı, "dayan" deyə üç dəfə qışqırdım. Lakin Malik Çinarlı qəsəbəsinə doğru qaçmağa davam etdi. Avtomobildən tüfəngi götürərək Malikə tərəf tuşladım. Həmin vaxt Sərdar qaçsa da, məqsədim Maliki vurmaq olub. Odlu silahdan bir dəfə atəş açdım. Lakin Məlik qaçmağa davam etdi. Mənim Malikin və Sərdarən xəsarət alıb-almaması barədə məlumatım olmayıb. Malikin atası dərhal hadisə yerinə gələrək hüquq-mühafizə orqanlarına baş vermiş hadisə ilə bağlı məlumat verdi. Təxminən 20 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəldilər. Mən hadisə yerindən qaçmadım".

"Cinsi münasibətim olmayıb"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Malikin sözlərinə görə, Səlim ilə arasında əvvəllər sözlə mübahisələri olsa da, ədavət və ya düşmənçilik olmayıb: "Əksinə, Səlimlə daim mehriban münasibətlərimiz olub. Səlim ilə aramızda olan mübahisələrin əsas səbəbi onun keçmiş arvadı Lətafət ilə bağlı olub. Səlim əsassız olaraq məni arvadı ilə münasibətimin olmasında günahlandırıb. Lakin mənim Lətafətlə heç vaxt cinsi münasibətim və ya telefon danışığım olmayıb. İstər evli olduqları müddət ərzində, istərsə də sonradan Lətafətlə bağlı heç bir yaxın münasibət və ya sevgi məzmunlu danışığım olmayıb. Lətafətlə daim bibim oğlunun arvadı kimi sərhədli münasibətim olub. Səlimin ifadəsində qeyd etdiyi xüsusatlar tamamilə yalan və əsassız olub. Heç bir zaman Lətafətlə əl-ələ tutmamışam. Lətafətin yaşadığı evi güdməmişəm".

Zərərçəkmiş daha sonra ifadəsində göstərib ki, hadisə baş verən günü Səlim onun avtomobili ilə toqquşub: "Həmin vaxt Səlimə əsəbi şəkildə "ə sən neylədin" deyərək özümdən çıxdım. Bu zaman Səlim avtomobilin arxa qapısını açaraq oradan ov tüfəngini götürdü. Səlimin məqsədi məni öldürmək olub. Maşınımda olan Sərdarla Çinarlı istiqamətində qaçmağa başladıq. Səlim ov tüfəngi ilə bir dəfə atəş açaraq mənim arxa nahiyəmdən vurdu. Mən yerə yıxıldım. Bu zaman Səlimlə aramızda məsafə təxminən 30 metr məsafə olub. Sol ayaq nahiyəmin bud hissəsində odlu yara xəsarəti aldıqdan sonra birtəhər özümü toplayaraq ayağa qalxdım və qaçmağa davam etdim. Bu əsnada atam Səlimə mane olaraq ov tüfəngini əlindən aldı. Atam Səlimin bu əməlinə mane olmasaydı, mənim öldürəcəkdi. Hadisədən sonra atamın köməkliyi ilə Şəmkir rayon mərkəzi xəstəxanasına aparıldım. Orada mənə lazımi tibbi müayinə və müalicə tədbirləri görüldü".

Şər-böhtandır"

Cinayət işi üzrə şahid qismində ifadə verən Lətafətin sözlərinə görə, Səlim onun keçmiş əri olub: "Ərim xaraktercə çətin, ailəsinə diqqət göstərməyən bir insan olub. Onunla evliliyimizdən dörd övladım var. Övladlarımdan biri xəstəlik ucbatından vəfat etdi. Səlimlə münasibətim ailə həyatı qurduğum gündən çox pis olub. Münasibətimizin pis olmağının əsas səbəbi Səlimin məni hədsiz dərəcədə və əsassız olaraq qısqanması, daim içkili vəziyyətdə evə gələrək dava salması olub. Səlimin mənimlə bağlı dedikləri şər-böhtan olub. Mənim Səlimin dayısı oğlu Maliklə heç bir münasibətim olmayıb. Mənim ərimdən başqa digər şəxs və ya şəxslərlə münasibətim olmayıb".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Səlim 14 il müddətinə azadlıqdan məhrum edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi