Bakıda ŞOK OLAY! Qadınların davası düşdü: "Evə kişi gətirir, oğlanla öpüşən yerdə tutdum"
Bakının Xətai rayonunda 1985-ci il təvəllüdlü Lətafət qonşusu Xəyaləyə xəsarət yetirib.
Teleqraf.com-un xəbərinə görə, hadisə Xudu Məmmədov küçəsində yerləşən bina evlərindən birində baş verib. Binanın 14-cü mərtəbəsinin dəhlizində Lətafətin evinə oğlan gətirməsi ilə bağlı ona qapı qonşusu Xəyalə irad tutub.
Bu səbəbdən onların arasında mübahisə baş verib. Mübahisə zamanı Lətafət Xəyalənin bədəninin müxtəlif nahiyələrindən vurub, ona bədən xəsarətləri yetirib.
İstintaq orqanı tərəfindən Lətafətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Xəyalə bildirib ki, Lətafət 5 ilə yaxındır onun yaşadığı binaya köçüb: “Lətafət mənim qapı qonşumdur. Onun evinə hər gün müxtəlif adamların gəldiyini görmüşəm. Bu hallar məni özümdən çıxardı. Dəfələrlə Lətafətə evə adam gətirməyilə bağlı öz iradlarımı bildirdim. İradlardan nəticə çıxarmadı. Onu dəhlizdə oğlanla öpüşən yerdə tutdum, yenə iradımı bildirdim. Sonradan Lətafətin anası həmin şəxsin nişanlısı olduğunu bildirdiyindən onu bağışladım. Son iki il ərzində Lətafətlə münasibətim olmayıb, onunla salamlaşmamışam”.
Xəyalə qeyd edib ki, hadisə baş verən günü saat 14 radələrində evdən çıxan zaman Lətafəti yaşadığı mərtəbənin dəhlizində görüb: “Lətafətə yenidən irad bildirdim və qapısının ağzına heç kimi gətirməməyini tapşırdım. Amma yenə sözlərimə fikir vermədi. Söhbət əsnasında münaqişə yarandı. Səs-küyə qonşularımız gəldi.
Bu zaman Lətafətin qızı evdən dabankeş gətirərək ona verdi. Lətafət dabankeşi götürərək belimə, baş nahiyəmə zərbələr endirdi. Əlimlə özümü qoruyan zaman dabankeşlə əlimə də xəsarət yetirdi. Lətafətin əlindən qurtulmaq üçün əl-qol hərəkətlərim ilə özümdən uzaqlaşdırmağa çalışdım. Həmin vaxt Lətafəti vurmamışam, ona hər hansı xəsarət yetirməmişəm”.
Xəyalə qeyd edib ki, Lətafət ilə barışmayıb və barışmaq niyyəti də yoxdur.
Təqsirləndirilən şəxs qismində ifadə verən Lətafət ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, iki azyaşlı övladı ilə birlikdə yaşayır: “Əvvəllər gözəllik salonunda dırnaq ustası işləmişım. Sonradan salonda işləmək istəmədiyimdən hərdən evdə müştəriləri qəbul etmişəm. Ölkədə yaranmış pandemiya vəziyyəti ilə əlaqədar evdə müştəri qəbul etmədim”.
Lətafət qeyd edib ki, zərərçəkmiş Xəyalə onun qapı qonşusudur: “2016-cı ilin aprelindən hazırda yaşadığım binaya köçmüşəm. Həmin vaxtdan Xəyaləni qonşu kimi tanımışam. Əvvəl münasibətlərimiz normal olub. 2016-cı ilin yay aylarında Xəyaləni bir neçə dəfə sistem köçürmək üçün evə dəvət etmişəm. Sonuncu dəfə sistemi köçürdükdən sonra Xəyalənin pulu az verdiyimi düşündü. Həmin gündən Xəyalə ilə münasibətlərim pozuldu. Bir-birimizi görən zaman salamlaşmadıq.
Dəfələrlə Xəyalə səbəbsiz yerə məni təhqir edib, əsassız mübahisələr yaradıb, mənə pozğun deyib. Lətafət hər dəfə məni və övladlarımı dəhlizdə, binanın həyətində görəndə üzərimə hücum edərək nalayiq ifadələrlə təhqir edib. Bu barədə dəfələrlə polisə şikayət etmişəm”.
Lətafətin sözlərinə görə, hadisə günü saat 14 radələrində evdən çıxan zaman növbəti dəfə Xəyalə onu blokun dəhlizində görüb: “Mənə əsəbi halda yaxınlaşaraq nalayiq ifadə işlətməyə başladı. Ondan səbəb soruşdum, evimə çox gediş-gəliş olduğunu bəhanə gətirdi, mənə qarşı nalayiq ifadələr işlətməyə davam etdi, üzərimə hücum etdi. Qonşuları köməyə çağırdım. Qonşular Xəyaləni sakitləşdirməyə çalışdı. O, sakitləşmədi, qəfildən iki dəfə sifətimə şillə vurdu, saçından tutaraq yoldu”.
Lətafət qeyd edib ki, hadisə zamanı Xəyaləyə xəsarət yetirməyib, əksinə Xəyalə ona xəsarət yetirib.
Bu cinayət işinə Xətai rayon Məhkəməsində baxılıb. Məhkəmə Lətafətin əməlini sübuta yetirməyib və onun barəsində bəraət hökmü çıxarıb.