Qubanın icra başçısı İTTİHAM OLUNUR - TƏFƏRRÜAT
Çox maraqlıdır ki, icra başçılarının bir qismi bu vəzifəyə “yol sökməklə”, daha doğrusu, dövlətin yol tikintisinə ayırdığı milyonları mənimsəməklə, oğurlamaqla gəliblər.
Belə icra başçılarından biri də Qubanın icra başçısı Ziyəddin Əliyevdir.
Ziyəddin Əliyevin ömrünün çoxu “yolda” keçib, uzun illər “Bakı Yol Tikinti-1”in direktoru, “Azəryolservis” ASC-nin “81 saylı Yol İstismarı” MMC-nin rəisi, “Azəravtoyol” ASC-nin “Bakı 2 №-li Yol İstismarı” MMC-nin direktoru vəzifələrində çalışıb.
Bu adam yolun hesabına milyonlar qazanıb və tikdiyi yollar da bir neçə aydan sonra dağılıb.
Nəhayət, 40 il yolları sökə-sökə “ Əməkdar mühəndis” olan Ziyəddin Əliyev 2017-ci ildən Qubanın icra başçısıdır. Və indi də Qubanı sökməklə məşğuldur.
Bu adam Qubada xırda bir parkı abadlaşdırmaq üçün 300-400 min xərcləyir, amma 1 milyon 700 min manat silir.
Bir neçə il əvvəl Ziyəddin Əliyevin izinə Ukraynanın Korrupsiyaya qarşı Milli Agentliyi düşmüşdür.
Belə ki, Ziyəddin Əliyev Ukraynadakı asfalt zavoduna 7 milyon avro kapital qoyub.
Görəsən, Ziyəddin Əliyev 7 milyon avronu necə qazanıb?
Ziyəddin Əliyev izi itirmək üçün Ukraynadakı ona məxsus “Alov-bud” şirkətinin qeydiyyat sənədlərindən öz adını çıxardaraq Ukraynadakı biznesini idarə edən Vüqar Hacıyevin adına rəsmiləşdirilib.
Vüqar Hacıyev isə Maliyyə Nazirliyinin Quba rayonu üzrə Maliyyə İdarəsinin rəisi Ruslan Hacıyevin qardaşıdır.
Ziyəddin Əliyev təkcə yollardan deyil, hətta koronavirusdan pul qazanır. Qubadakı hər sahibkardan, hər dükandan “aylıq” alır.
Zərdabi qəsəbəsindəki şadlıq sarayı və Fayton restoranı da icra başçısınındır
Bu adamın mülklərinin, biznes obyektlərinin siyahısı heç bir kitab-dəftərə sığmır. Ukraynadan tutmuş İngiltərəyə, Türkiyəyə, Avropanın böyük şəhərlərinə qədər Ziyəddin Əliyevin milyonluq mülkləri var. Görəsən bəlli bir maaşla bu adam dəyəri on milyonlar olan bu varidatı necə əldə edib ?
Bu adam Qubada şəhərdaxili yolları sahibkarların hesabına təmir etdirir, yol saldırır. Dövlətin ayırdığı vəsaiti isə həzm-rabedən keçirir.
Quba bələdiyyəsinin sədri Anar müəllim isə icra başçısının pul yığanıdır.
İcra başçısının icazəsi ilə hətta sərt karantin dövründə Azərenerji-nin keçmiş şefi Etibar Pirverdiyevin mağazaları, Şahdağ ticarət mərkəzi gecə-gündüz işləyib. Sabiq ekonazir Hüseynqulu Bağırovun, keçmiş müdafiə naziri Səfər Əbiyevin obyektləri də eləcə. Əsas odur ki, icra başçısının pulu verilsin.
İcra başçısı Leyla Şıxlinskaya məxsus SPA Bərpa Mərkəzini də ələ keçirmək istəyir. Bir sözlə, Ziyəddin Əliyev bütün Qubanı özəlləşdirib.
İcra başçısının xanımı Donara Əliyeva da həyat yoldaşından geri qalmır. Əvvəllər Quba Mərkəzi Xəstəxanasının (RMX) Yoluxucu xəstəliklər şöbəsinin müdiri olan Donara xanım son vaxtlar Quba rayonunun baş infeksionisti olub.
Ziyəddin Əliyevin Çexiyadakı biznesini 26 yaşlı oğlu Nicat Əlibəyli idarə edir.
2017-ci ilə aid illik maliyyə hesabatına görə icra başçısına aid bu şirkətin aktivləri 15 milyon kron, yəni yarım milyon dollar civarındadır. Qeyd edək ki, Ziyəddin Əliyev bu şirkət üzərindən Brnoda avtosalon və servis mərkəzi açıb.
Amma Ziyəddin Əliyev Avropada biznesini Çexiya ilə məhdudlaşdırmayıb. Belə ki, 22 iyul 2017-ci il tarixdə cənab Əliyev Avstriyanın paytaxtı Vyanda daha bir şirkət qeydiyyatdan keçirib.
Bu şirkətin fəaliyyət dairəsi daşınmaz əmlak, tikinti, ticarət sahələrini əhatə edir.
Ziyəddin Əliyev Qubanın ən münbit torpaq sahələrini özəlləşdirib satır. Onu da qeyd edək ki, ölkədəki oliqarxların çoxunun Qubada möhtəşəm villaları, mülkləri var. Bu oliqarxlar da icra başçısına “torpaq basdı” pulu verirlər.
Ümumiyyətlə, Əliyev qardaşları pul qazanmaq üçün hər yola gedirlər.
Qardaşlardan biri, Şahvələd Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general- mayordur. Xidmətdəki bütün maliyyə maxinasiyalarına cənab general baxır və hər tenderdən, təmir işlərindən “otkat”ını alır.
Bir sözlə, qardaşlar, dövlət vəsaitini oğurlamaqla milyonçuya çevriliblər.
Bəs, görəsən, dövlətin hüquq-mühafizə orqanları hara baxır ?
Bu sualın cavabı bizlik deyil. Bizim işimiz neqativ halları işıqlandırmaqdır. //gundelik-baku.com//