azia.az
azia.az

44 GÜNLÜK MÜHARİBƏDƏ ATA İLƏ OĞULUN SÖHBƏTİ

7-10-2022, 09:28

“Ata, Şəmkirdən olan Qəzənfər Abdullayev adlı MAXE mərminin əsgər Bayram Bayraməliyevin yanına düşəcəyini görüb, özünü onun üstünə atdı...”

II Qarabağ müharibəsində qazandığımız şanlı qələbəmizin 2-ci ildönümünün həyəcanlarını yaşayırıq. 2020-ci ilin bu günlərində Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi, qəhrəman Azərbaycan ordusunun rəşadəti, əsgər, çavuş, MAXE, gizir, zabit və generallarımızın cəsarəti, şücaəti sayəsində 30 il erməni işğalında olan Qarabağın kəndləri, qəsəbələri, şəhərləri bir-birinin ardınca azad olunurdu. Həmin vaxtlarda 7-dən 77-yə qədər uşaqlı, böyüklü bütün xalqımızın yaşadığı sevinci sözlə ifadə etmək indi mümkün deyil. Düz iki il bundan öncə, məhz bu günlərdə cəbhədə qanlı döyüşlər gedirdi. Əlbəttə, bu yolda şəhidlərimiz də, yaralılarımız da olurdu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı qazilərimizə tezliklə şəfa bəxş etsin və o odun- alovun içindənmöcüzə sayəsində salamat çıxan, qələbəmizdə böyük pay sahibi olan veteranlarımıza uzun ömür versin!



Bu günlərdə bütün KİV-lər, dövlət, özəl, internet televiziyaları, radiolar, saytlar və sosial şəbəkələr o şanlı günləri yenə yada salır, həmin zəfər tariximizin səlnaməsini bir daha tarix üçün gündəmə gətirirlər. Biz də tezadlar.az saytı və yeni açılmış eyni adlı internet televiziyası-tezadlar TV olaraq, o günlərin qəhrəmanlarını sizlərlə görüşdürmək, danışdırmaq və onları  tarixin yaddaşına köçürmək istəyirik. Bu söhbətlər, yazılar gələcəkdə 44 günlük zəfər tariximizi yazanlar, bu barədə kino və sənədli film çəkənlər üçün samballı mənbə ola bilər. Axı bu döyüşçülərin hər biri o zəfər tariximizi qanları ilə yazanlar və canlı şahidlərdir. Onların bu döyüşlərdən danışdıqları ən kiçik detal belə 30 il işğalda olan torpaqlarımızın necə qəhrəmanlıqla azad olunmasına canlı sübutdur.

Təvazökarlıqdan uzaq olsa da, birinci özümdən, daha döğrusu 44 günlük döyüşün axıra qədər iştirakçısı olmuş, yüngül yaralansa da salamat gəlib evə çıxmış oğlum Tural Məmmədlidən başlamaq istəyirəm. Bir il üç ay xidmət edən çavuş kimi Gəncədəki “N” saylı hərbi hissənin tərkibində Kəlbəcər-Murov istiqamətində döyüşlərə qatılan Turalla ara-sıra zabitlərin telefonu ilə danışa bilirdim. İstəyirəm istəkli oxucularımıza həmin 44 gün ərzində oğlumla olan telefon danışıqlarını təqdim edim. Inanıram ki, I Qarabağ döyüşünün iştirakçısı olan atanın və II Qarbağ savaşının döyüşçüsü kimi oğulun söhbətləri həm oxucular, həm də Zəfər tariximizin hər anını qeydə alan tarixçilər üçün döyüşlərin xronikası baxımından olduqca maraqlı olacaq.      

***

 …Bəli, əziz oxucular, 1992-ci ilin mayında könüllü olaraq Qarabağ döyüşlərinə gedəndə qızımın 2 yaşı var idi. Oğlum hələ dünyaya gəlməmişdi... Mən 1977-1979-cu illərdə Sovet qoşunlarının tərkibində Almaniyada D-30 markalı 122 mm-lik toplarda 2 il əsgəri xidmət keçmişdim. Ona görə də Qarabağda mənim kimi texnikanı bilənlərə böyük ehtiyac var idi. Döyüşdə olduğum bir il ərzində Haramı düzündən Xocavənd (Martuni) istiqamətində, daha sonra Zəngilan, Qubadlı, Laçın və Füzulidə gedən döyüşlərdə, topçu batareyasının komandiri kimi iştirak etdim. O zaman elə bilirdik ki, çox qısa bir müddətə müharibəni qələbə ilə başa vuracağıq və övladlarımız gələcəkdə Qarabağ problemi ilə üzləşməyəcəklər. Ancaq sən saydığını say, gör fələk nə sayır?..

Oğlum Tural Məmmədli 9 dekabr 1999 cu ildə dünyaya gəldi. 9-cu sinifdən Bakı Texniki Kollecinə qəbul olundu. 4 illik təhsildən sonra,  2019-cu ildə kolleci bitirib, hərbi xidmətə yollandı. Gəncədəki “N” saylı hərbi hissədə 1 il 3 ay idi ki, qulluq edirdi. Çox böyük intizarla, sonuncu 3 ayı da başa vurub, evə gələcəyi günü səbrsizliklə gözləyirdik. Amma...

2020-ci il sentyabrın 27-də Ali Baş Komandan, Prezident cənab İlham Əliyev, tez-tez törədilən erməni təxribatlarının qarşısını almaq məqsədilə, ordumuza əks-hücum əmri verdi. Bu zaman, nəinki hərbi xidmətdə olan əsgərlər, hətta səfərbərlik yolu ilə və  könüllü olaraq, minlərlə insan döyüşə yollandı. Oğlum Turalgilin hərbi hissəsi də Kəlbəcər-Murov istiqamətində başlayan ilk döyüş əməliyyatlarına qatıldılar. Keçmiş döyüşçü olmağıma baxmayaraq, oğlum Turalın və minlərlə oğlum kimi övladların taleyi məni çox narahat edirdi. Bir tərəfdən də böyük qürur hissi keçirirdim ki, 30 illik işğala nəhayət, son qoyulacaq. Buna adım kimi əmin idim. Bir tərəfdən də, fəxr edirdim ki, bizim o vaxt yarımçıq qalan işlərimizi indi oğullarımız davam etdirir...

4-5 gündənbir oğlum zabitlərin telefonu ilə əlaqə saxlayırdı. Səsini eşidən kimi sevinirdim ki, şükür Allaha, hələ sağdır. Elə ki, o 4-5 gün arası zəng etmirdi, onda fikirləşirdim, indicə hərbi komissarlıqdan xəbər gələcək ki, oğlun şəhiddir. Tam səmimi olaraq bildirirəm ki, mən həm özümü, həm də həyat yoldaşımı psixoloji cəhətdən buna da hazırlamışdım.

Növbəti zənglərin birində oğlum Tural telefonda belə dedi: “Ata, ermənilərin 12 postunu almışıq, indi irəli gedirik”.  Bir anlıq sevincimdən harada olmağımı unutdum. Elə bildim ki, yenə də 1992-1993-cü illərdə olan döyüşlərdəyəm və oğlum da mənim o dövrdə olan 44 əsgərlərimdən biridir. Ona görə də kövrələ-kövrələ oğluma əmr şəkilində belə dedim: “Afərin oğlum, qırın o alçaqları, irəli gedin. Dayanmayın. İndiki zamanda dayanmaq olmaz. Oradakı döyüş yoldaşlarının hamısına məndən salam söylə. De ki, atam keçmiş komandir kimi, hər birinizlə qürur duyur...”

 

Sevincdən axan göz yaşlarıma hakim ola bilmədiyimdən, daha sözlərimin ardını gətirə bilməyib, sağollaşdıq. İlahi, həmin günü mənim nə qədər sevinc içində olduğumu bir Allah bildi ki, nəhayət, bu mənfur ermənilər torpaqlarımızdan qovulur. Hər gün də efirdən Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin yeni-yeni azad olunmuş kəndlər, qəsəbələr barədə verdiyi xəbərləri eşidəndə isə, Prezidenti ekranda qucaqlamaq istəyirdim. Axı 30 illik işğala artıq son qoyulmağa start verilmişdi. Buna həm də keçmiş döyüşçü kimi necə sevinməyəsən? Bir də ona sevinirdim ki, torpaqlarımızın işğaldan azad olunmasında minlərlə oğullar kimi, oğlum Turalın da payı var...

***

 Bu xəbərlərdən necə vəcdə gəldimsə, dərhal jurnalist oduğum üçün Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə zəng edib, o zaman 61 yaşım olmasına baxmayaraq, keçmiş döyüşçü kimi, yenidən döyüşlərə getmək istədiyimi bildirdim. Xidmətin əməkdaşı Kamil müəllim qeydiyyat götürdü və “Ehtiyac yaranarsa, çağırarıq”- dedi və çağırmadılar...

***

Növbəti zəng: “Ata, dünən, (oktyabrın 7-də-E.M.) ölümdən döndüm. Ermənilərin atdığı minamyot mərmisi düz yanımızda partladı. Bir il üç ay bir yerdə xidmət etdiyim  əsgər yoldaşlarımın 5 nəfəri şəhid oldu, 10 nəfəri yaralandı. Mərminin dalğası məni daşa çırpdı. Burun çəpərim sındı, çənəm yerindən çıxdı, beynim silkələndi. Bir anlıq özümdə olmamışam. Özümə gələndə isə, gördüm ki, əsgər yoldaşlarımdan biri ağır yaralıdır. Atılan mərmilərə baxmayaraq, onu atəş altından çıxartdım və 500 metr çiynimdə aparıb, təxliyə qrupuna təhvil verdim. Burnumdan axan qanı görüb, məni də Hospitala aparmaq istədilər. Ancaq bir burnuma görə döyüş dostlarımı qoyub gedə bilməyəcəyimi bildirdim. İndi burnumun qanı kəsilib, bir az ağrılar var, o da yəqin keçib gedər”.

 

İndi təsəvvür edin, bundan sonra mən necə özümə yer tapa bilərdim? Gah sevinirdim ki, oğlum yüngül yaralansa da, şükür Allaha, sağdır. Daha bir sevincim də ona görə idi ki, yaralanmasına baxmayaraq, özünü itirməyən oğlum Tural ağır vəziyyətdə olan əsgər yoldaşını atəş altından çıxara bilib. Axı mənim oğlum şəhərdə böyüyüb və əlindən heç bir iş gəlmirdi. Divara adi bir mismarı vurmaq qabiliyyəti yox idi. Bəs bu bacarıq, bu hünər, bu qəhrəmanlıq onda necə yaranmışdı? Keçmiş döyüşçü kimi, tez də bu suala özüm cavab verdim: “Döyüş səhnələri, ölüm-itimlər adamı belə qəhrəmanlıqlara hazırlayır...” Artıq dərk etdim ki, oğlum Tural da bu döyüş həyatına, qısa müddətdə adaptasiya ola bilib...

Növbəti zəng: “Ata, 10 gün bundan əvvəl, oktyabrın 7-də mərmi düşməsi nəticəsində yaralanan əsgər yoldaşlarımdan olan Yusif  Nəcəfov yarasını sağaldaraq, bu gün, (Oktyabrın 17-də- E.M.) yanımıza qayıtdı. Yarası yüngül idi deyə, Hospitalda 10 gün yatandan sonra buraxılıb. Hamımız onu yenidən sıramızda görməyimizə çox sevindik. Həmin günü də onun 19 yaşı tamam olurdu. Zabitin telefonu ilə bizdən xeyli aralanıb, atası ilə danışırdı. Atası onu 19 yaşının tamam olması münasibətilə təbrik edirdi. Bu zaman düşən mərmi onun həyatına son qoydu və şəhid oldu. Bu, hamımıza çox pis təsir etdi. Düzdür, bu döyüşdür. Hər birimiz şəhid ola bilərik. Amma döyüş dostumuzun ad günündə şəhid olması bizi çox üzdü. Allah rəhmət eləsin”.

Sonralar öyrəndim ki, öz ad günündə şəhid olan 19 yaşlı Yusif Nəcəfov Yasamal rayonundandır. Bu, doğrudan da acı xəbər idi və adamın qanını dondururdu. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Növbəti zəng: “Ata, dünən döyüşlərarası fasilə yaranmışdı. Bu zaman ermənilər sığınacağımızı vurdular. Nə yaxşı ki, atəşdən bir az əvvəl oradan çıxmışdıq. İsti paltarlarımız və “batinkalarımız” içəridə qalmışdı, dünəndən ayaqlarımızı don vurub, özümüz isə, soyuqdan əsirik. Yerimiz həm çox yüksəklikdə, həm də atəş hədəfində olduğuna görə, bura iri maşınların gəlməsi mümkün deyil”.

Mən dərhal bir jurnalist kimi, Müdafiə Nazirliyinin mətbuat xidmətinin o vaxtkı rəisi Vaqif Dərgahlı ilə əlaqə saxlayıb, bu məlumatı ona çatdırdım. Səhər verdiyim  bu xəbərə, axşam təxminən 21:00 radələrində Vaqif  Dərgahlı mənə zəng edərək bildirdi ki, həmin yerə isti paltarlar və ayaqqabılar çatdırıldı. Mən sevinərək V.Dərgahlıya təşəkkürümü bildirdim. Həm də sevindim ki, uşaqların isti paltarla təmin olunmasında az da olsa, xidmətim oldu. Amma uşaqlar ruhdan düşməmişdilər... Yeri gəlmişkən deyim ki, sırf təsadüfdən oğlum da T-44 markalı  85 mm-lik topçu batareyasının əsgəri idi, yəni Artillerist kimi mənim davamçım döyüşürdü...

Növbəti zəng: “Ata, müharibədən 4 gün əvvəl, sentyabrın 23-də Seyfəli poliqonunda, səninlə görüşə gələndə, mənim yanımda Həsənov familiyalı bir MAXE ( Müddətdən Artıq Xidmət Edən-E.M.) vardı ha, bax onun yanına düşən mərminin qəlpəsi qarnından girib boğazından çıxdı. Ağır yaralansa da, şükür ki, ölmədi.  Ata, Şəmkirdən olan Qəzənfər Abdullayev adlı bir MAXE isə, gələn mərminin əsgər Bayram Bayraməliyevin yanına düşəcəyini görüb, özünü onun üstünə atdı. MAXE-nin bədəninə 52 qəlpə, əsgərin ayaqlarına isə 27 qəlpə dolmuşdu. MAXE Qəzənfər Abdullayev şəhid oldu, əsgər isə, sağ qaldı. Ata, hamı MAXE-nin bu qəhrəmanlığından danışır”.

Mən oğluma müharibədə belə halların baş verməsinin təbii olduğunu, mən də döyüş vaxtı bu kimi hadisələrlə rastlaşdığımı bildirdim və özünü qorumağını tapşırdım. Eyni zamanda tövsiyə etdim ki, yoldaşlarınla çalışın mərmi düşən yerdə dayanın. Axı qaydadır, bir dəfə mərmi düşən yerə ikinci dəfə düşə bilməz. Atayam, həm də keçmiş döyüşçü olduğum üçün məsləhətlərimi verməli idim...

Növbəti zəng: “Ata, deyirlər erməniləri bütün döyüş bölgələrindən qovublar, torpaqlar azad olunur. Biz də aldığımız yerlərdə bərkimişik. Söhbət var ki, tezliklə qələbə bizim olacaq”.

Mən də belə cavab verdim: ”Oğlum, bu döyüş bizim o dövrdəki döyüşlərə bənzəmir. Bizim dövrümüzdə vahid rəhbərlik, bacarıqlı sərkərdə yox idi, ona görə də bəzən alınan yerlər yenidən erməniyə təhvil verilirdi. Bu gün isə, bütün dünyanı heyrətə salan Ali Baş Komandan, Prezident İlham Əliyev kimi sərkərdəmiz var. Onun rəhbərliyi ilə ən müasir silahlarla silahlanmış ordumuz düşmənə bütün cəbhə boyu qan uddurur. Bu səbəbdən də əlbəttə ki, qələbə tezliklə bizim olacaq. Mənim bu qələbəyə olan inamımı döyüş dostlarına da çatdır”.

Bu sözlərimdən oğlum ruhlanaraq, çox sevindi. Mənim həm jurnalist kimi informasiya içində işləməyim, həm də keçmiş döyüşçü olmağım oğlumda inam yaratdı ki, bəli, qələbə tezliklə bizim olacaq.

Növbəti zəng: “Ata, deyirlər artıq müharibə başa çatdı. Qələbə qazanmışıq. Bizi artıq dağdan aşağı düşürüblər. Deyirlər, tezliklə hərbi hissəmizə qaytaracaqlar”.

Əlbəttə, Zəfər xəbərini biz də eşidirdik və görürdük. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin ulu Öndər Heydər Əliyevin məzarı önündə Şuşanın azad olunduğunu bildirməsi, nəinki mənim, Azərbaycan xalqının, hətta bütün dünyada yaşayan azərbaycanlıların qəlbini riqqətə gətirdi. Hamı sevinc göz yaşlarına boğulmuşdu. Bəli, 30 il idi ki, biz bu Zəfəri gözləyirdik. 2020-ci il noyabrın 10-da üçtərəfli bağlanan və Ermənistanın lideri tərəfindən imzalanan kapitulyasiya aktı Azərbaycanı qalib dövlət kimi, bütün dünyada tanıtdı. Azərbaycan xalqı 30 illik üstümüzdə qalmış bu qara ləkəni təmizləyən ordumuza, onun Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevə sonsuz minnətdarlığını bildirirdi.

***

Bəli, beləcə 44 günlük döyüş qələbəmizlə başa çatdı. Döyüşçü oğlum Tural 1,5 illik əsgəri xidmətini müharlibəyə görə 2 il çəkərək, ötən il iyulun 1-də evə döndü. Bir daha Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı qazilərimizə tezliklə şəfa bəxş etsin və o odun alovun içindən, möcüzə sayəsində salamat çıxan, qələbəmizdə böyük pay sahibi olan veteranlarımıza uzun ömür versin!

Elçin MƏMMƏDLİ,

Topçu batareyasının sabiq komandiri,

“Təzadlar” qəzetinin, saytının

və eyni adlı internet televiziyasının əməkdşı

P.S. Döyüşdən və əsgəri xidmətdən qayıtdıqdan sonra oğlum subbakalavr kimi Texniki Universitetə daxil oldu və hazırda Maşınqayırma fakültəsinin Mexanıka Mühəndisliyi ixtisası üzrə II kurs tələbəsidir. Yeri gəlmişkən, II Qarabağ döyüşçüləri olan tələbələrə göstərdikləri yüksək qayğı və diqqətə görə Texniki Universitetin rektoru, professor Vilayət Vəliyevə, prorektorlar Nurəli müəllimə, Rəşad müəllimə, Kamran müəllimə, Mətbuat Xidmətinin rəhbəri Sevinc xanıma, dekan Malik müəllimə, dekan müavini Elgün müəllimə, dekanlığın əməkdaşı, tələbələrin sevimlisi Kamil müəllimə, həmçinin universitetin bütün professor və müəllim heyətinə, həm valideyn, həm də keçmiş döyüşçü kimi dərin təşəkkürümü bildirirəm.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi