azia.az
azia.az

Kimi danışdırdımsa hamısı oğlumu Rövşən Əkbərovun öldürdüyünü dedi...”

30-07-2021, 19:43

Kimi danışdırdımsa hamısı oğlumu Rövşən Əkbərovun öldürdüyünü dedi...”
20 il öncə Ukraynada iş adamını öldürməkdə ittiham olunan Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org-un xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Rövşən Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətdə olarkən 31 may gecə saat 03-04 radələrində Kiyev şəhəri, Deqtyaryov küçəsi, 7 ünvanındakı "Sikora” kafesində tanışları Elçin Əliyev və Məzahir Şıxaliyevlə içki məclisində iştirak edib. Bu vaxt Rövşən Əkbərov sərxoş vəziyyətdə həmin şəxsləri ona qarşı hörmətsizlikdə günahlandırıb. Niyə onu tanımadıqlarını, hörmətlərini ifadə etmədiklərini deyib və mübahisəyə başlayıb.



Tərəflər arasında mübahisə kafenin həyətində də davam edib. R. Əkbərov Məzahir Şıxəliyevə yumruqla zərbələr vurub. Daha sonra avtomobilinə yaxınlaşaraq bıçaq götürüb. Həmin bıçaqla Elçin Əliyevə xəsarət yetirib. Xəsarət nəticəsində Elçin Əliyev hadisə yerində keçinib.

Təqsirləndirilən Rövşən Əkbərov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib:" İttihamın mahiyyəti aydındır. Amma bu hadisənin mənə heç bir aidiyyatı yoxdur. Özüm də atasız böyümüşəm. Bunun nə demək olduğunu bilirəm. Amma bu işi mən görməmişəm. Hadisənin üstündən 20 il keçib. Bu illər ərzində ortada bir dənə sübut da yoxdur desinlər ki, o adamı mən öldürmüşəm. İttihamda yazılanlar sanki hansısa filmin ssenarisidir".

Hakim R. Əkbərova ifadə verməyi təklif edib. O, hazırkı mərhələdə ifadə vermək istəmədiyini deyib: "Zərərçəkmiş və şahidlər dindirilsin. Mən öz sözümü axırda deyəcəyəm".

Daha sonra prosesdə mərhum Elçin Əliyevin atası Fədai Əliyev ifadə verib. O, oğlunun ölüm xəbərini səhərə yaxın aldıqlarını deyib:" Düz 20 ildir hər günümüz o gün kimi keçir. Oğlumun dostları - Nazim İbrahimov və Səməd Novruzov cənazəni özləri gətirəcəklərini dedilər. Səmədin Kiyevdə yaşayan qardaşı Mədədlə telefon əlaqəsi saxladım, oğlumu kimin öldürdüyünü soruşdum. Mədəd dedi ki, Elçini general Rövşən öldürüb. Yasda iştirak edən hamı bundan xəbərdar idi".



Oğlunun yeddi mərasimindən sonra Kievə getdiyini deyən zərərçəkmiş işi araşdırmağa başlayıb: "Səfirliyin işçiləri, kafenin işçiləri hamısı mənə oğlumu general Rövşən Əkbərovun öldürdüyünü dedilər. Mən başa düşürəm ki, insanlar arasında söz-söhbət olar. Lakin kişi elədiyini danmaz. İşi görəndə də mərdi mərdanə görər. Öldürübsə desin, öldürmüşəm. Gözümün içinə baxa-baxa deyir bunu eləməmişəm. Əgər mənim balamın günahı olsaydı bu gün burada olmazdım. Mən bütün faktları toplamışam. Özüm üç il işi istintaq kimi aparmışam. İstintaqa verdiyim ifadələrə də cavabdehəm. Əgər dediklərim səhv olsa, məni güllələyin".

Mərhumun atası qətllə bağlı 50 nəfərlə danışıqlar apardığını, onların hamısının generalın adını çəkdiyini deyib:" Ukraynadakı səfirliyin yaranmasında oğlumun əməyi var, təmirinə köməklik edib, binanın yerini də özü verib. Qətli araşdıran zaman dedilər ki, həmin gün axşam saat 12-də hamısı səfirlikdə olub. Birgə yeyib-içiblər, kabab bişiriblər, samovar qaynadıblar. Gecəyarısı dağılışıblar. Oğlumun evi səfirliyin yaxınlığında idi. Məzahirlə birgə səfirlikdən çıxandan sonra yaxınlıqdakı kafedə oturub pivə içiblər. Həmin vaxt Rövşən Əkbərov da ora gəlib. Elçin Rövşəni masasına qonaq çağırıb, pivə içiblər. Hətta "Qospoda ofitserı" mahnısını sifariş edib. Amma daha sonra aralarında mübahisə düşüb. Kafedəkilər onları çölə çıxarıb. Sonra Rövşən bıçaqla oğlumu vurub öldürüb. Daha sonra Məzahir indiki nazir müavini Orucəli Hacıyevə zəng edərək Elçinin Rövşən tərəfindən öldürüldüyünü deyib".

Dövlət ittihamçısının suallarını cavablandıran zərərçəkən deyib ki, hadisə ilə bağlı əvvəlcə Qüdrət Əhmədov (dünyasını dəyişib-red.) adlı şəxs saxlanılıb: "Sonradan yoxlayıb gördülər ki, cinayəti o törətməyib. Qüdrəti hadisədən sonra tanımışam. Bu iş üzrə ay yarım saxlanılıb. O da oğlumun dostu olub. Qüdrət sonradan mənə dedi ki, Rövşən ona qətli öz boynuna almağı, bunun əvəzində isə 40 min dollar və 3 otaqlı mənzil təklif edib. O isə Rövşən Əkbərovun təklifini rədd eləyib. Balamın qəbrinə and olsun, Qüdrət özü mənə belə demişdi. Yalan deyibsə də özü bilər, doğru deyibsə də".

Məhkəmə prosesi 25 avqust saat 10:00 da davam edəcək.

İnarə Rafiqqızı
Kimi danışdırdımsa hamısı oğlumu Rövşən Əkbərovun öldürdüyünü dedi...”
Kimi danışdırdımsa hamısı oğlumu Rövşən Əkbərovun öldürdüyünü dedi...”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi