azia.az
azia.az

Qızını öldürməsinə səbəb kimi Aprel döyüşlərini göstərən ata

15-04-2017, 09:32

Qızını öldürməsinə səbəb kimi Aprel döyüşlərini göstərən ata

O, qızının əxlaqsızlıq etdiyini əsas gətirərək qızını amansızlıq öldürüb

15 yaşlı qızını öldürməkdə təqsirli bilinən Nəsib Cabbarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. azia.az teleqraf.com-a istinadən xəbər verir ki, Nəsib Cabbarov qızının əxlaqsızlıq etdiyini əsas gətirərək onu amansızlıqla öldürüb. İttihama görə, qətl hadisəsi ötən ilin iyulun 20-də Xırdalan şəhərində baş verib. Ağdam rayon sakini Aygün Cabbarova ağır bədən xəsarətləri ilə xəstəxanaya gətirilib və orada ölüb. Hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən mərhumun atası N.Cabbarov tutulub.

Qətl

Məlum olub ki, 52 yaşlı Nəsib Cabbarov 15 yaşlı A.Cabbarovanı qısqanclıq zəminində gecə yatdığı yerdə bıçaqla qətlə yetirib. Belə ki, Nəsib Cabbarov bacısı Zəhra Əliyevanın evində olan qızlarının yanına gedib. Axşam qızlarının yatdığı otağa girərək qapını içəridən bağlayıb. Əlində olan bıçaqla qızı Aygünə zərbə vurub. Yuxudan ayılan Aygün atasına yalvararaq müqavimət göstərib. Digər çarpayıda yatan Süra Cabbarova da bacısının səsinə oyanıb. Süra atasına yalvarıb ki, bacısını öldürməsin. Amma o buna məhəl qoymayaraq qızına daha bir neçə zərbə endirib. İstintaqın gəldiyi nəticəyə görə, Nəsib Cabbarov qızının əxlaqsızlıq etməsi haqqında söz-söhbəti qohumu Rövşən Cabbarovdan eşidib. Nəsib Cabbarov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham edilir. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Özümü idarə edə bilmirəm”

Məhkəmədə ifadə verən Nəsib Cabbarov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, 2016-ci ilin aprel hadisələrində Ağdam istiqamətində gedən döyüşlərdə evlərinə və qonşuların həyətinə düşən bombalardan sonra sarsıntı keçirib: “Evimizin yanına bomba düşdü. Nə olduğunu bilmirəm. Qonşuların evi dağıldı, mən özümdə deyildim. O vaxtdan özümü idarə edə bilmirəm. Nə etdiyimi, nələr yaşadığımı bilmirəm. Bakıya niyə gəldiyimi, necə gəldiyimi bilməmişəm”.

“Qızım əxlaqsızlıq etməyib”

Nəsib Cabbarov qızımı niyə öldürdüyünü izah edə bilməyib: “Qızım heç vaxt əxlaqsız hərəkət etməyib. Başım özümdə olmayıb. Qızımın heç bir pis hərəkəti olmayıb. Mən onu min əziyyətlə böyütmüşəm. Hadisənin necə olduğunu bilmirəm”. Hakim Nəsib Cabbarova xatırladıb ki, o, istintaqa ifadəsində qızını namus üstündə öldürdüyünü deyib. Lakin Nəsib Cabbarov məhkəmədə qızının heç bir səhv hərəkətinin olmadığını, istintaqda nə dediyini bilmədiyini bildirib.

“Övladlarım belə hərəkət etməz”

Nəsib Cabbarov da Rövşəndən qızı haqda nalayiq ifadələr eşitdiyini xatırlamadığını söyləyib: “Mənim övladlarım elə hərəkət etməz. Mən xatırlamıram, Rövşən mənə nə deyib”. Şahid qismində ifadə verən Rövşən Cabbarov bildirib ki, Nəsib Cabbarov onun həyat yoldaşının dayısıdır. Rövşən bildirib ki, Nəsib Cabbarov aprel döyüşləri zamanı xəsarət alıb, psixoloji sarsıntı keçirdiyi üçün özündə olmayıb. Nəsib Cabbarovun bacısı Zəhra Əlyarovanın sözlərinə görə, qardaşı çox yaxşı adamdır: “Qardaşımın ailəsi də namuslu olub. Qardaşıma canım qurban. Qardaşım 2016-ci ildə həyətlərinə mərmi düşəndə Ağdamda başından xəsarət aldı. Nə oldusa bundan sonra oldu. Həmişə qorxurdu ki, qızlarına nəsə olar. Qızlarını Bakıya bizə göndərmişdi. Deyirdi ki, mənə nəsə olsa, qızlarım sənə əmanətdir. Qardaşım özünü idarə edə bilmirdi. 2-3 dəfə ziyarətgaha apardıq. Fikirləşdik, qorxusunu bəlkə götürdülər. Həkimə də apardıq, dedilər ki, beyni oynayıb. Onun müalicəsi mümkün olmadı”. Bu cinayət işi üzrə məhkəmə prosesi aprelin 21-də davam edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi