azia.az
azia.az

"23 fevral" bayram günü kimi qeyd olunmalıdırmı?-ARAŞDIRMA

22-02-2019, 12:33

"23 fevral"  bayram günü kimi qeyd olunmalıdırmı?-ARAŞDIRMA

Azia.az sayıtı nəzərinizə çatdırırıq ki,Əslində "23 fevral "da oğlanlara hədiyyə almalıyıq.

-Nəyə görə?

-Kişilərin bayramıdı axı.

-23 fevral nə günüdü?

-Kişilər günü.

-Yox qızım, bu günün bizim kişilərə aidiyyatı yoxdu. 23 fevral Sovet İttifaqı dövründə sovet ordusunun və hərbi dəniz donanmasının yarandığı günün tarixi olub. Bizim öz kişilər günümüz var. Hədiyyəni onda alarsan.

-Hansı günlərdi?

-9 iyun Milli Ordunun, 26 iyun Silahlı Qüvvələrin yaranması günüdü...

-O günləri kişilərin bayramı kimi keçirmirlər axı, hədiyyə aparsam mənə gülərlər...

Nilufərin bu sualı qarşısında susmalı oluram. “Mənə gülərlər” deyir qızcığaz. Amma 20 yanvar tarixini təqvimimizdə qara rəngə boyayan sovet ordusunun yaranması gününü kişilər günü kimi qeyd etməyə gülmürlər. Müəllimi ilə vəziyyəti aydınlaşdırdıqda məlum olur ki, belə bir hal baş verməyəcək. Uşaqlar kor-koranə bu günün bayram olduğunu eşitmiş, lakin müəllimin müdaxiləsi ilə artıq 23 fevral deyilən bir tarixin kişilərimizin bayramı olmadığını öyrənmişlər.

***

Müstəqilliyimizə qovuşduqdan, imperiyanın əsarətindən qurtardıqdan sonra təqvimdə köklü dəyişiklik edildi. Əlamətdar günlər, oraq-çəkic imitasiyalı bayramlar tarixə qovuşdu. Yeni tarix yazıldı. Amma bu tarixin içərisində tək 23 fevralı beynimizdən süpürüb ata bilmədik.

İllərdir, bu tarix müzakirələrə yol açır. Əlbəttə, hər kəs bilir ki, bu günün bizim təqvimdə yeri yoxdu. Buna baxmayaraq bildikləri halda belə bəziləri kişiləri təbrik etmək ənənəsindən geri çəkilmir. Sanki bu gün beyinlərə pərçimlənib: illa ki, kişilərə hədiyyə alınmalı, onları təbrik etməlidirlər. Qarşı tərəf isə adətən təbriki məmnuniyyətlə qəbul edir. Sovet ordusunun yaranma tarixini qutlayan bu adamların son anda belə 20 yanvar tarixindən bir fraqment gözləri önünə gəlmir. Vicdanlarına sual etmirlər ki, biz hansı ordunun yaranması gününü qeyd edirik? Bizi qanımıza boyayan ordununmu???

***

Kişilər üçün bayram keçirilməlidi. Bu, onların da haqqıdır. Gəlin, milli kimliyimizi burada da təsdiqləyək. Bizim kişilər İvandan qeyrətli, namuslu, ailəcanlı, əməksevərdi. Tarixən keçdikləri kişilik məktəbi ilə milyonlarla İvana örnək ola bilərlər. Niyə öz kişilərimiz üçün onlara layiq olan tarixi onların gününə-bayramına çevirməyək? Əslində çevirmişik, amma niyə bunu 23 fevrala qurban verək, təbliğatını lazımi səviyyədə aparmayaq ki? 23 fevralı səbrsizliklə gözləyən xanımlarımız hədiyyələrinin təqvimdəki trayektoriyasını dəyişsinlər, lütfən. Öz ordumuzun-kişilik məktəbimizin yaranması tarixi var. Həmin tarixi daha da qutsal edə bilmək öz əlimizdədi. Bəlkə elə qələbəyə gedən yolumuz həmin tarixin daha təntənəli, hamılıqla qeyd olunmasından keçir? 23 fevraldan əvvəl 20 yanvar, sonra 26 fevral, 02 aprel, 08 may, 18 may... kimi tarixlər gəlir. Həmin tarixlərdə nə qədər şəhid, əlil olan, əsir düşən kişilərimiz var. 23 fevralı kişilər günü kimi qeyd etmək bunları görməzlikdən gəlməkdir. 23 fevral millətimizin kişilik tarixində qara bayramdır əslində. Və bu gün hədiyyə qəbul edən kişilərimizə yekə bir “ayıb olsun” düşür. Nə qədər ki, Qarabağı ancaq əcnəbi jurnalistlərin çəkdiyi fotolarda görəcəyik, şüurlarda KİŞİLƏR GÜNÜ 20 yanvar, 26 fevral... olacaq.

Kişilərimizi Qarabağda təbrik etmək ümidilə...

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi