Aliment borcu olan qadınların sayında da artım müşahidə olunur
Cari ilin ilk altı ayında icraatda olan 131 mindən çox aliment işi üzrə təxminən 2400 halda borclu tərəf qadın olub.
Mütəxəssislər hesab edirlər ki, bu göstərici təkcə hüquqi statistika deyil, həm də ailə münasibətlərində baş verən dəyişikliklərin və valideyn məsuliyyətinin daha bərabər bölüşdürülməsinin göstəricisidir. Onların fikrincə, uşağın məhkəmə qərarı ilə atanın himayəsində qalması halları artdıqca, aliment öhdəliyinin ana tərəfindən yerinə yetirilməsi də qanunun tələbidir.
Mövzu ilə bağlı Sherg.az-a danışan vəkil Ramil Süleymanov bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən qadın və kişi hüquq və vəzifələr baxımından bərabərdir:
"Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, qanun qarşısında hamı bərabərdir və qadınlarla kişilər eyni hüquq və vəzifələrə malikdirlər. Bu prinsip aliment öhdəliklərinə də şamil olunur. Məhkəmə uşağın hansı valideynin himayəsində qalacağına dair qərar qəbul edir. Əgər uşaq atanın himayəsində saxlanılırsa, bu halda ana onun saxlanılması üçün aliment ödəməlidir.
Alimentin ödənilməsinə dövlət icra xidmətinin əməkdaşları nəzarət edir. Son dövrlərdə aliment borcu olan qadınların sayında da artım müşahidə olunur. Məhkəmə qərarı qüvvəyə mindikdən sonra həm qadınlar, həm də kişilər həmin qərarı icra etməyə borcludurlar. Bu, qanunun tələbidir və hər bir valideyn üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir".