Etimadın qorunması prinsipinin inkişafında mülki hüququn rolu
Azia.az bildirir ki, E-huquq.az Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimi Orxan İsmayılovun yeni məqaləsini oxucuların diqqətinə təqdim edir:
Etimad (güvən) sosial həyatın və birgəyaşayışın ayrılmaz və əsas ünsürlərindən biridir. Azərbaycan dilində etimad etibar, inam, inanma[1], eyni zamanda söykənmə, istinad etmə, güvənmə, bel bağlama[2] mənalarını ifadə edir.
Göründüyü kimi, ədəbi dildə “etimad” anlayışı bir şəxsin müəyyən bir şəkildə davranacağına dair inancı bildirir. Etimad anlayışı ümiddən daha güclü, ancaq zəmanətdən (zamin olmaqdan) daha zəif bir gözləntini özündə birləşdirir. Bu anlayış, eyni zamanda müxtəlif elm sahələrində də (psixologiya, sosiologiya və s.) istifadə olunur. Etimad anlayışı həm də vətəndaş–dövlət münasibətlərində mühüm rol oynayır.
Qeyd etmək lazımdır ki, etimadın qorunması mövzusu elmi ədəbiyyatda və hüquqi təcrübədə daha əvvəl müzakirə olunsa da, müstəqil bir prinsip kimi ilk dəfə İkinci Dünya müharibəsindən sonra Almaniyada (almanca Vertrauensschutzprinzip) formalaşmışdır.[3]
Alman dilində “Vertrauensschutz” anlayışının kökündə duran “vertrauen” sözü “kiməsə güvənə biləcəyinə əminlik əsasında nəyinsə qurulması” mənasını ifadə edir. Hüquqi mənada isə bu anlayış “müəyyən bir vəziyyətin yaranması nəticəsində şəxslərdə formalaşan hüquqa uyğun etimad” kimi izah edilə bilər. “Vertrauen” termini öz növbəsində kökündə “güvənmək, inanmaq” mənasını verən və dilimizdə inam, sədaqət, doğruluq, dürüstlük kimi tərcümə olunan “Treu” sözünü ehtiva edir.[4]
Bu prinsipin təsiri “haqlı (qanuni) gözlənti” (legitimate expectations) anlayışının hüquq ədəbiyyatına daxil edilməsində də özünü göstərir. Belə ki, ingilis hüquq ədəbiyyatında ilkin mərhələdə “legitimate confidence” (haqlı və ya qanuni etimad) anlayışı işlədilmiş, sonrakı dövrlərdə isə bu termin “legitimate expectations” (haqlı və ya qanuni gözləntilər) formasını almışdır. Fransız hüquq ədəbiyyatında isə “protection de la confiance légitime” (qanuni etimadın qorunması) və ya “la notion de confiance légitime de l’administré” (inzibati orqanlara bəslənən qanuni etimad anlayışı) kimi ifadələrdən istifadə olunmuşdur. Bununla yanaşı, Almaniya Federal Konstitusiya Məhkəməsinin bu prinsipi tətbiq edərkən 1930-cu illərdə İsveçrədə meydana çıxmış “qanuni etimad prinsipi”nə istinad etdiyi və sonradan bu prinsipin konstitusion dəyərinin açıq şəkildə tanındığı barədə fikirlər də mövcuddur. Digər tərəfdən, “legitimate expectation” mövzusunda hazırlanmış bir layihə çərçivəsində Niderland hesabatında bu prinsipin köklərinin 1930-cu illərə qədər uzandığı və səmərəli idarəçilik prinsipinin nəticəsi kimi tətbiq olunduğu qeyd edilmişdir.[5]
İnzibati icraatda qarşılıqlı etimad və etimadın qorunmasına dair müddəalar “İnzibati icraat haqqında” Qanunda təsbit edilmişdir. Həmin Qanunun 2-ci maddəsi “qanunda istifadə olunmuş əsas anlayışlar” adlanır. Sözügedən Qanunun 2.0.8-ci maddəsində qarşılıqlı etimada “inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam” kimi anlayış verilmişdir. Eyni zamanda, həmin Qanunun 13.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
Etimadın qorunması prinsipi hüquqi dövlət prinsipinin tələblərindən yaranmışdır və onun tərkib hissədir. İnzibati icraatda onun xüsusi əhəmiyyəti nəzərə alındığı üçün “İnzibati icraat haqqında” Qanunda müstəqil prinsip kimi öz yerini tapmışdır. Qarşılıqlı etimad ilk növbədə maraqlı şəxsin mövqeyinə xidmət etsə də, bununla yanaşı o, inzibati orqanın fəaliyyətinin sabit olmasına xidmət edir.[6]
Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12.05.2023-cü il tarixli, 21(102)-557/2023 saylı qərarı).
Qeyd edilməlidir ki, inzibati icraatda maraqlı şəxslər həm qanunsuz əlverişsiz inzibati aktların qəbul edilməsi, həm də qanunsuz əlverişli inzibati aktların ləğv edilməsi nəticəsində zərərə məruz qala bilərlər. Məsələn, səlahiyyətli orqan tərəfindən verilmiş və qüvvədə olan hüquqmüəyyənedici sənədlərdə torpağın kateqoriyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə və ya mövcud qeydiyyat ictimai mənafelərlə bağlı tələblər zəruri etdiyi halda müvafiq qaydada ləğv edilə bilər. Vətəndaşlar isə qanunsuz əlverişli inzibati akta etimad edərək müəyyən hüquqi hərəkətlər və əqdlər bağlamış, xərclər çəkmiş ola bilərlər. Bu baxımdan, əlverişli qanunsuz inzibati akt ictimai maraqlara zidd olduğuna görə ləğv olunarsa, maraqlı şəxslərin çəkdiyi xərclər ödənilməlidir.[7]
“İnzibati icraat haqqında” Qanunun 67.9-cu maddəsinə müvafiq olaraq, maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir.
Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.[8]
Etimadın qorunması prinsipinin inkişafında mülki hüququn rolunu anlamaq üçün xüsusi hüquq və publik hüquq arasındakı qarşılıqlı təsirin araşdırılması xüsusi əhəmiyyət kəsb edir. Çünki müasir dövrdə dövlət-vətəndaş münasibətləri klassik mənada yalnız hakimiyyət-tabeçilik münasibəti deyil, qarşılıqlı hüquqi etimada əsaslanan münasibət kimi qəbul edilməyə başlanmışdır.
Qeyd etmək lazımdır ki, metodologiya baxımından hüquq öz içərisində iki əsas qrupa bölünür: ümumi hüquq (ius publicum) və xüsusi hüquq (ius privatum)[9]. Bu bölünmə qədim Roma hüququndan gəlir. Romalı hüquqçu Ulpian “Roma dövlətini maraqlandıran hər münasibət publik hüquqa, maraqlandırmayan isə özəl hüquqa aiddir” deyirdi.10
Nəzərə almaq lazımdır ki, kontinental hüquq sistemi XIX əsrdə (1800-cü illərdə) publik hüquq–xüsusi hüquq ayrımına əsaslanaraq formalaşmışdır. İnzibati orqanın legitimliyini ictimai maraqda görən bu yanaşma publik hakimiyyətin tətbiqi ilə əlaqədar olaraq iki hüquq sahəsi – xüsusi hüquq və publik hüquq – arasında dərin fərqin yaranmasına səbəb olmuşdur. Bu fərqin əsas səbəbi publik hüquqda inzibati orqanla maraqlı şəxs arasındakı münasibətin xüsusi hüquqdakı kimi hüquqi bərabərlik prinsipinə əsaslanmamasıdır. [10]
Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 3.1-ci bəndinə qeyd olunmuşdur ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.
İlk növbədə mülki hüquq münasibətlərində etimad prinsipinə necə yanaşdıldığını nəzərdən keçirdək.
Mülki Məcəllənin 420.2-ci maddəsi etimad prinsipinə, həmin Məcəllənin 728.2-ci maddəsi isə qarşılıqlı etimad prinsipinə istinad edərək tərəflərin müqavilənin şərtlərini müəyyən edərkən həmin prinsipləri rəhbər tutmalarını qeyd etmişdir.
Bundan başqa, xarici ölkələrin mülki qanunverciliyində, məsələn, İsveçrə öhdəlik hüququnda etimad mühüm prinsip kimi təsbit edilmişdir. Belə ki, mülki hüquq münasibətlərinin tərəfləri arasında xüsusi bağ yalnız müqavilə ilə yaranmır, tərəflər arasında etimadın yaranması belə artıq tərəflərin mülki hüquqi məsuliyyətini müəyyən edir. Yəni hələ müqavilənin bağlanmaması o demək deyil ki, mülki hüquqi məsuliyyət yoxdur. Məhz etimad hüququnun yaranması belə tərəflər üçün mülki hüquqi məsuliyyət yaradır. İsveçrə öhdəliklər hüququnda etimad hüququ müstəqil bir prinsip olaraq nəzərdən keçirilir[11]. Türk mülki hüququnda etimad hüququ “culpa in contrahendo” (müqavilə bağlanarkən təqsir) institutu ilə yaxın olaraq qəbul edilmişdir. Yəni müqavilə öncəsində tərəflər arasındakı müzakirələrdə, müqavilənin bağlanması sırasında və sonrasında da etimad mühüm rol oynayır[12].
Doktrinada bəzi müəlliflər etimad hüququnu müqavilədən irəli gələn mülki hüquqi məsuliyyət olaraq qəbul edərkən, digər qrup müəlliflər etimad hüququnu qanundan irəli gələn mülki hüquqi məsuliyyət olaraq qəbul edir, lakin bu müəlliflərdən fərqli üçüncü qrup müəlliflər isə etimad hüququnu xüsusi hüquqi hadisə olaraq qeyd edirlər14. Bizim də razılaşdığımız yanaşmaya görə, mülki hüquq münasibətlərində etimad hüququ xüsusi olaraq müstəqil yaranmış və inkişaf edən hüquq institudur. Çünki istənilən halda mülki hüquq münasibətlərinin subyektləri etimad prinsipinə əməl etməlidirlər. Bu qanundan irəli gəlməsə də və ya müqavilə bağlanmasa da, etimad qorunub saxlanılmalıdır15. Bu baxımdan müqavilənin qurulmasından əvvəl tərəflər arasındakı müzakirələrdə etimad prinsipinin mənbəyi “culpa in contrahendo” institutudur. Başqa sözlə, müqavilənin tərəfləri öz hüquq və vəzifələrini həyata keçirərkən də etimad prinsipini rəhbər tutumalıdırlar.16
Qeyd etmək lazımdır ki, inzibati hüquqda etimadın qorunması prinsipi mülki hüquqdan “köçürülmüş” institut deyil, o, əsas etibarı ilə hüquqi dövlət prinsipindən törəmiş inzibati-hüquqi institutdur, lakin mülki hüquqdan güclü metodoloji təsir almışdır. Başqa sözlə desək, etimadın qorunması prinsipinin formalaşması əsasən inzibati hüquq müstəvisində baş versə də, onun nəzəri əsaslarının mühüm hissəsi mülki hüquqdan qaynaqlanmışdır. Xüsusilə vicdanlı davranış və dürüstlük qaydası kimi institutlar etimadın qorunması prinsipinin inkişafında müəyyənedici rol oynamışdır.
Xoş niyyət və vicdanlılıq prinsipləri tarixi başlanğıcını Roma hüququnun mühüm prinsiplərindən almışdır. Bona fides anlayışı özündə xoş niyyət və vicdanlılıq prinsiplərini ehtiva etməkdədir[13].
Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-280/2025 saylı qərarında qeyd olunmuşdur ki, “...etimad hüququnun qorunması prinsipi “bona fides” prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada – “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu görə bilmədiyini və ya bilməyəcəyini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə, işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”.
Qeyd olunmaldır ki, alman inzibati hüququnda 1950-ci illərin əvvəllərində Federal İnzibati Məhkəmə mülki hüquqda tətbiq edilən “yaxşı niyyət və dürüstlük qaydası”na əsaslanaraq qərarlar qəbul etməyə başlamışdır. Həmin dövrdə hüququn tətbiqində ictimai marağın fərdi maraqdan üstün tutulduğu müşahidə olunurdu. Lakin 1950-ci illərin sonlarına doğru alman məhkəmə təcrübəsi və hüquq doktrinası bu yanaşmadan uzaqlaşaraq fərdin (maraqlı şəxsin) etimadının ictimai maraq qarşısında qorunmasının istisna deyil, əsas prinsip olduğunu qəbul etmişdir. Bu dövrdə qəbul edilən qərarlarda “etimadın qorunmasının hüquqi dövlət prinsipinin ayrılmaz tərkib hissəsi olduğu” vurğulanmağa başlanmışdır.[14]
Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarına da nəzər salmaqda fayda var. Belə ki, sözügedən qərarda qeyd olunmuşdur ki, “..dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir”.
Nəzərə almaq lazımdır ki, vicdanlılıq prinsipi Azərbaycan Mülki Məcəlləsində vicdanlılıq ümumi davranış standartı olaraq nəzərdən keçirilmişdir. Ancaq türk mülki hüququnda 2-ci maddədə vicdanlılıq prinsipi xüsusi olaraq qeyd edilmişdir[15].
Mülki hüquqda dürüstlük qaydasının tətbiqi tərəflər arasındakı bərabərlik münasibətlərinə əsaslandığı halda, publik hüquqda belə bir bərabərliyin olmaması bu qaydanın tətbiqinə dair şübhə və tənqidlər doğurmuşdur. Lakin zaman keçdikcə bu qaydanın publik hüquqa ciddi təsiri qarşısıalınmaz olmuşdur. Bu təsirdə dövlət–vətəndaş münasibətlərinə yanaşmanın dəyişməsi mühüm rol oynamışdır. Obrazlı desək, inzibati hüquqda etimadın qorunması prinsipi mülki hüquqdan gələn vicdanlılıq ideyası ilə hüquqi dövlət konsepsiyasının konstitusion mahiyyətinin kəsişdiyi nöqtədə formalaşmışdır.
Müasir yanaşmaya görə, vətəndaşın dövlətin öz fəaliyyətində qanuna və hüquqa uyğun davranacağına, həmçinin inzibati orqanların mövcud inzibati praktikaya uyğun hərəkət edəcəyinə dair haqlı etimadı mövcuddur. Bununla yanaşı, vurğulanmalıdır ki, dürüstlük qaydasının publik hüquqa tətbiqində onun mahiyyətinin təhrif olunmaması və sərhədlərinin həddindən artıq genişləndirilməməsi xüsusi diqqət tələb edir.
Nəticə etibarilə, etimadın qorunması prinsipinin formalaşması və inkişafı hüququn müxtəlif sahələri arasında qarşılıqlı təsirin parlaq nümunələrindən biridir. Bu prinsipin nəzəri kökləri mülki hüquqda, xüsusilə dürüstlük və vicdanlı davranış, habelə culpa in contrahendo kimi institutlarda formalaşmışdır. Məhz həmin institutlar vasitəsilə hüquq bir şəxsin digər şəxsin davranışına əsaslanaraq yaratdığı etimadın müəyyən hallarda hüquqi müdafiəyə layiq olduğunu qəbul etmişdir.
Sonrakı dövrdə bu ideya inzibati hüquqa da təsir etmiş və etimadın qorunması prinsipi qanunvercilik səviyyəsində tanınmışdır. Beləliklə, etimadın qorunması prinsipi yalnız fərdi maraqların müdafiəsinə xidmət edən xüsusi hüquq institutu kimi deyil, həm də inzibati icraatda hüquqi təhlükəsizliyi və hüquqi sabitliyi təmin edən fundamental hüquqi prinsip kimi çıxış edir.
[1] Azərbaycan dilinin izahlı lüğəti: [3 cilddə] /tərt. ed. İ.O.Məmmədov, N.R.Rəhimzadə, S.N.Əhədova; red. A.Axundov; naşir Ə.Cəfərov; AEA Nəsimi adına Dilçilik İnstitutu.- 1-ci Cild (A-Z).- Bakı: Çıraq, 1997, s.388.
[2] Axundov, A. Azərbaycan dilinin izahlı lüğəti: Bircildlik /Ağamusa Axundov [ön söz]; red. E.Abdullayeva.- Bakı: [Elm], 2005, s.90.
[3] Elektron mənbə: https://dergipark.org.tr/en/pub/sduhfd/article/755474`
[4] 4Elektron mənbə: https://tez.yok.gov.tr/UlusalTezMerkezi/TezGoster?key=vjszP7PzV0HebcjFEvDfwLZiGVRUPp1QUdW9P90HgMGt_YNvkXN_Gi0RFtW7XTGb
[5] 5Elektron mənbə: https://tez.yok.gov.tr/UlusalTezMerkezi/TezGoster?key=vjszP7PzV0HebcjFEvDfwLZiGV RUPp1QUdW9P90HgMGt_YNvkXN_Gi0RFtW7XTGb
[6] Səyyad Kərimov, Günəş Vəliyeva. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu. Kommentariya. “Hüquq ədəbiyyatı” nəşriyyatı, Bakı, 2006, s.99
[7] Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10.12.2024-cü il tarixli Qərardadı
[8] Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2021-ci il tarixli Qərarı
[9] Sərvər Süleymanlı. Mülki hüququn əsasları. Bakı, Hüquq Yayın Evi, 2019, s. 30. 10 Fərhad Mehdiyev, Emin Quliyev. Hüquq nəzəriyyəsi. Theory of law. Genişləndirilmiş 2ci nəşri. Bakı, “Qanun” nəşriyyatı, 2023, s.199
[10] 1Elektron mənbə: https://tez.yok.gov.tr/UlusalTezMerkezi/TezGoster?key=vjszP7PzV0HebcjFEvDfwLZiGVRUPp1QUdW9P90HgMGt_YNvkXN_Gi0RFtW7XTGb
[11] WEBER, Rolf/EMMENEGGER, Susan, Berner Kommentar, Art 97-109 OR, s. 129.
[12] DURAK, Yasemin, Güven Sorumluluğu ve Culpa İn Contrahendo, SÜHFD, s. 242. 14 WEBER, Rolf/EMMENEGGER, Susan, Berner Kommentar, Art 97-109 OR, s. 37. 15 WEBER, Rolf/EMMENEGGER, Susan, Berner Kommentar, Art 97-109 OR, s. 30. 16 DURAK, s. 243.
[13] UÇARYILMAZ, Talya: Bona Fides (Dürüstlük kuralı), Yetkin Hukuk Yayınları, Ankara 2019, s. 1.
[14] Elektron mənbə: https://tez.yok.gov.tr/UlusalTezMerkezi/TezGoster?key=vjszP7PzV0HebcjFEvDfwLZiGV RUPp1QUdW9P90HgMGt_YNvkXN_Gi0RFtW7XTGb
[15] TMK (Türk Medeni Kanunu), m. 2.