Salyanda "KÖHNƏ HAMAM, KÖHNƏ TAS" siyasəti - Vaxtı ilə atasına heykəl ucaldan başçının müavin qalmaqalı böyüyür?/FOTO
Rüstəm Gülabba oğlu Xəlilovun Salyan rayonuna icra başçısı təyinatından 5 ay ötdü. Salyana ayaq basdığı gündən insanların qarşısına böyük vədlərlə çıxan yeni icra başçısı 5 aylıq fəaliyyəti ilə əslində sələfi Sevindik Hətəmovdan heç nə ilə fərqlənmədiyini göstərdi. Amma, vaxti ilə 64 saylı Sabirabad ikinci seçki dairəsindən, Yeni Azərbaycan Partiyasının üzvü kimi deputat olduqdan dərhal sonra rayonun Nizami kəndində ŞƏHİDLƏR LÖVHƏSİNİN qarşısında, 1982-ci ildə Sosialist Əməyi Qəhrəmanı, daha sonra Lenin ordeni ilə təltif olunan, rəhmətlik atası Gülabba Xəlilova heykəl ucaltmışdı. Görəsən belə bir uğura imza atmağı bacaran şəxs 5 ay keçməsinə baxmayaraq nədən salyanlıları ağ günə aparmır!? Hələ də Salyanda "köhnə hamam, köhnə tas" siyasəti davam etməkdədir.
Paytaxt.org bildirir ki, Rüstəm Gülabba oğlu Xəlilovun Salyandakı 5 aylıq fəaliyyəti ilə bağlı, Kainat.tv-yə bəzi məlumatlar daxil olub.
Ondan başlayaq ki, prezident İlham Əliyev icra başçısı təyin edərkən ona ilk tapşırığı rayonun abadlaşdırılması və kimliyindən aslı olmayaraq yerli əhaliyə xidmət etməsi ilə bağlı olur. Məlum olduğu kimi, Sevindik Hətəmovun dövründə Salyanda heç iş görülməyib. Təkcə rayonun mərkəzi küçəsini abadlaşdırmaq və şəhərin gözlə görünən yerlərində bir neçə yeni bina tikməklə kifayətlənən idarəçilər dövlət büdcəsindən ayrılan pulları demək olar ki, havaya sovrub.
Rüstəm Xəlilov Salyana təyin olunandan bu günə qədər demək olar ki, kabinet idarəçiliyi ilə məşğuldur, Hacıqabulda olduğu kimi, bu rayonda da daşı, daş üstünə qoymaq fikiri yoxdu. Amma məlumatlara görə, Xəlilov Salyana gəldiyi gündən sələfi S.Hətəmovun vəzifə verdiyi şəxsləri hədəfə alıb. Görünür, başçı bununla kifayətlənmək niyyətinə deyil. Mənbə bildirir ki, hazırda onun hədəfində daha iki vəzifəli şəxs də var. Hər iki şəxs S.Hətəmovun vaxtında vəzifəyə təyin olunub. Deyilənə görə, (hələ ki, adların yazmırıq) hər iki şəxs yaxın günlərdə vəzifəsindən azad olunacaq.
Məlumatlı mənbə onu da bildirir ki, Rüstəm Xəlilovun öz kadrlarını İcra Hakimiyyətinə yerləşdirmək istəyi hələ ki, baş tutmur. Belə ki, icra başçısı yaxın adamını özünə müavin təyin etdirmək arzusundadır. Amma, yuxarılar hələ ki, bu imkanı ona verməyiblər və köhnə müavinlərlə davam etməyini tapşırıblar.
Gələn xəbərlərə görə Rüstəm Xəlilovun hədəfindəki müavin nədənsə Rəşad Cəbrayılovdur. Bu şəxs təşkilatçılığı və fəaliyyəti ilə yerli əhalininin və yuxarıların hörmətini qazanmağı ilə yanaşı, həmçinin Vaqif Axundovun da qohumudur. Rayonda icra başçısından da böyük nüfuza sahib olan bu şəxsi, Xəlilov özünə böyük təhlükə hesab edir. Söz-söhbəti rayon və qəsəbə çayxanalarında hər gün müzakirələrə çevrilməsi də əbəs deyil. Bütün bunları biz deyil, salyanlılar və mənbə iddia edib. Biz isə Rüstəm Xəlilovun rəhbərliyi altında işsiz salyanlıların işlə təmin edilməsini, sakinlərin ədalətli idarə olunmasını ümid edirik.
İcra Hakimiyyətinin rəsmi saytında axtarış apararkən maraqlı faktla qarşılaşdıq. Belə ki, rəsmi saytın "Aparatın strukturu" bölməsində "Salyan rayon icra hakimiyyəti başçısının I müavini" bölməsi tamamilə boşdur, vakant yazılıb. Eyni zamanda müavin vəzifələri qeyd edilsə də, sayt yenilənməyib. Görünür, Rüstəm Xəlilov çalışacağı 1-ci, 2-ci və 3-cü yardımçıları ilə bağlı hələ də qərar verə bilməyib.
(Ardı var)
Kainat.tv