SATILAN BU SULARI İÇMƏYİN-XƏBƏRDARLIQ
Müxtəlif şirkətlərin istehsal etdiyi sularla bağlı mütəmadi olaraq fikirlər səsləndirilir. Əslində mineral tərkibli olduğunu düşünürək aldığımız suların nəinki içməli, məişətdə istifadə üçün də yararsız olduğu düşünülür. Hesab edilir ki, bu məhsullar xərçəng xəstəliyi, daun, autizm kimi sindromların artmasına səbəbdir.
Bu fikirlərlə çıxış edənlərdən biri də Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovadır.
O Teleqraf.com-a açıqlamasında su ilə bağlı cəmiyyətin bilməli olduğu məqamlara toxunub:
“Su insan orqanizmi üçün ən vacib amillərdən biridir. Xüsusən, orqanizmdə daxili orqanların funksiyasının düzgün şəkildə yerinə yetirilməsi üçün. Eyni zamanda qəbul etdiyimiz qidalardakı toksinlərin tam şəkildə orqanizmdən atılmasından ötrü su mütləqdir. Hər bir orqanizmin də qəbul edəcəyi bəlli bir miqdar var. Normal çəkidirsə, bədən kütlə indeksi həddindən artıq çox deyilsə, piylənmə yoxdursa, bu zaman hər kiloqrama, bədən çəkisinə görə 30 ml su qəbul edilməlidir. Ortalama 8 stəkan su gün ərzində qəbul olunan miqdarın əsas hissəsini təşkil etməlidir.
Qəbul olunan suyun keyfiyyəti ən önəmli faktordur. Çünki suyun tərkibindəki minerallar düzgün qəbul olunmadıqda orqanizmdə vitamin və mineral çatışmazlığı baş verir. Suyun codluluq səviyyəsi düzgün olmadıqda yenə müəyyən problemlər yaranır.
Digər bir məqam suyun pH ölçüsüdür. Bu da ən əsas amillərdəndir.
Ev şəraitində suyu analiz edərək dəqiq nəticə əldə etmək çətindir.
Bunu əsasən laborator analizlər müəyyən edir. Ancaq bir çox məqamlar var ki, biz onları suyu qəbul edərkən də hiss edə bilərik. Keyfiyyətli su qəbul ediriksə, birinci növbədə 4-18 dərəcə arasında temperatura malik olmalıdır. Qəbul edərkən su ağızda yüngül, xoşagələn dad verməli, rəngi parlaq və şəffaf olmalıdır. Mineral dəyəri isə içilə biləcək qədər olmalıdır.
Suyu içdikdən sonra ağırlıq, şişkillik olursa, bu, həmin suyun keyfiyyəsiz olduğunun əlamətləridir. Bu hal həmçinin mineral dəyərinin orqanizmin qəbul edəcəyi həddə olmadığını da göstərə bilər.
Suyun tərkibinə təsir edən digər amil hansı qabda saxlanmasıdır. Su əsasən şüşə qablarda saxlanılmalıdır. Əgər plastik butulkalardadırsa, onun saxlanma şəraitinə, istehsal prosesinə, süfrəyə qədərki bütün prosesə nəzarət olunmalı, lazimi temperatur qorunmalıdır. Açıq havada, günəş şüaları altında saxlamaq düzgün deyil. Çünki plastikin tərkibindəki “bisfinol A” maddəsi hava isti olduqda suya daha sürətlə keçir. Suyu qəbul etdikdə “bisfinol A” maddəsi orqanizmdə xərçəng yaradan təsir göstərir.
Suyun pH səviyyəsi daha çox 7.2 və 8.5 arasında olur. 7.2 və 7.5 hər kəsin istifadə edə biləcəyi ölçüdür. Bu, daha çox heç bir sağlamlıq problemi yaşamayan, eyni zamadan həzm sistemində problemi olmayanlar üçün ən lazımlı miqdardır”.
Məhsəti Hüseynova pH ölçüsünün normal olmadıqda orqanizmdə hansı fəsadlara səbəb olduğundan da danışıb: “Əgər pH düzgün deyilsə, mədə turşuluğu daha çox olur. Həmin şəkildə qəbul olunan su zaman keçdikcə mədədə qastrit, xora kimi xəstəliklərin yaranmasına gətirib çıxarır. Bizim marketlərdən aldığımız sularda bu məqamlar göstərilməlidir.
Aldığımız sularda diqqət yetirməli olduğumuz əsas məqam qablaşdırmanın düzgün olmasıdır. Qablaşdırmayla yanaşı istehsalçı şirkət, suyun tərkibi haqqında geniş məlumatlar göstərilməlidir. Bu, istehsalçı şirkətin özünə güvəndiyini göstərir.
Aidiyyəti qurumun açıqladığı son məlumata əsasən, 22 istehsalçı müəssisənin 18-də qanunvericiliyin pozulması halları müəyyən olunub. Bu məlumatlardan belə nəticəyə gəlmək olar ki, əhaliyə satılan sular mərkəzləşdirlimiş su sistemindən götürülür və ya artezian suları qablaşdırılaraq satışa çıxarılır. Bu isə düzgün olmayan prosedur deməkdir”.
Mütəxəssis normalara uyğun olmayan su istehsal edən şirkətlərin adlarını çəkmək istəməyib: “Hansısa şirkət adı çəkmək, reklam və ya antireklam etmək istəmirəm. Hər kəs su alan zaman məlumatları ilə tanış olsun. Ünvan, keçdiyi laborator analizlərin nəticələrinin olub-olmadığına diqqət yetirsinlər. Hər kəs bunları araşdırmaq əvəzinə konkret marka adı soruşur. Həmin suların içində olan minerallar var ki, bunlar əsasən kalsium, natrium, maqnezium, pH səviyyəsi, xlor, kükürd, SO4 və başqalarıdır. Bu elementlərə diqqət edilərsə, keyfiyyətli məhsulu seçmək asan olar”.