azia.az
azia.az

Sünnət olunmuşam, kişilərdən gizlədirik-GÖRÜN BUNU KİM ETİRAF ETDİ

4-09-2024, 08:11

Əsasən, Afrika və Yaxın Şərqdə yerləşən ölkələrdə müşahidə olunan qadın sünnətinin hazırda Azərbaycanda da həyata keçirilməsi ilə bağlı iddialar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 


Xəbər verilir ki, ictimai fəal, deputatlığa keçmiş namizəd Nurlana Cəlil ölkənin şimal-qərbində, Zaqatala-Balakən rayonlarının bəzi kəndlərində belə bir adətin olması məsələsinə diqqət çəkib. Qeyd edib ki, Zaqatalanın Danaçı, Car və Balakənin bəzi kəndlərində qadınlar uşaq yaşlarında sünnət olunur: “Bu sünnətin normal qadın sünnətində olduğu kimi klitorisin və ya vulvanın kəsilməsi ilə deyil, klitorisi çərtərək azca qan çıxardılması ilə tətbiq edildiyi deyilir”.

N. Cəlilin paylaşımından sonra xeyli insan sözügedən bölgədə belə bir adətin olmasından xəbərdar olduğunu və həmin ərazidə yaşayan avar milləti tərəfindən davam etdirildiyini bildirib. Hətta uşaq yaşında sünnət olunduğunu iddia edən bir qadın ictimai fəalla əlaqə saxlayaraq anonim paylaşılması şərti ilə iddianı təsdiqləyib:
“Zaqatalanın Danaçı, Yolayrıc, Makov, Car, Matsex kəndlərində qadın sünnəti var, amma Afrikada olduğu kimi deyil. O sünnət işgəncəlidir, amma bizim sünnət çox adi formada olur. Çox vaxt 2-3 yaşlarında edilir. Uşaq onu heç hiss də etmir. Niyə edilir, səbəb nədir, din ilə bağlıdırmı biz də bilmirik. Şəxsən mən özüm də olunmuşam. Xəyal kimi yadıma gəlir. Heç ağlamamışdım da. Hiss də etməmişdim heç nə”.
Adını açıqlamayan xanım söhbətin davamında əlavə edib ki, bölgədə qadınlar sünnətlə bağlı məsələni kişilərdən gizlədirlər:
“Bacılarım, bacım qızları, tanıdığım bütün qızlar, onların qız uşaqları da sünnət olunub. Biz çoxumuz bunu öz həyat yoldaşlarımızdan da gizli edirik. Heç bir qadın yoldaşına deməz ki, qızı sünnət olunub. Bax beləcə davam edir bu adət. Məncə, çox lüzumsuz bir adətdir. Təki bu adət yox olsun”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elgün Səfərov məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Azərbaycanda qadın sünnətinin olması ilə bağlı Komitəyə indiyə kimi hər hansı müraciət və ya şikayət daxil olmayıb: “Dünya üzrə statistikaya baxsaq, qadınların sünnəti məsələsi, qadınların cinsi orqanları ilə bağlı hər hansı əməliyyatların aparılması daha çox Afrika ölkələrində yayılıb. Nə əvvəllər, nə də indi ölkəmizdə belə bir fakt öz təsdiqini tapıb. Həmçinin, dövlət qurumları tərəfindən də inzibati, cinayət halı kimi belə bir fakt qeydə alınmayıb. Buna baxmayaraq Komitə tərəfindən cinsi ayrı-seçkiliyin aradan qaldırılması, cinsi ayrı-seçkilik, gender üzrə bərabərliyin təmin edilməsi, sağlamlıq haqda təlimlər keçirilir”.
E. Səfərov qeyd edib ki, sözügedən məsələ ilə bağlı araşdırma aparılması üçün zorakılığa məruz qalan şəxs özü müraciət edərək fakt təqdim etməlidir: “Araşdırma o vaxt aparılır ki, faktı, əsası olsun. Sosial şəbəkələrdə bir qrup insan bu mövzunu müzakirəyə çıxarıb. Hətta qurbanlar bunu müzakirə etmir, qıraq şəxslər müzakirə edir. Heç özləri belə bir halın olub-olmadığını bilmirlər”.  
Qeyd edək ki, qadın sünnəti (Female Genital Mutilation - FGM) yəni, klitorisin kəsilməsi, qadın cinsini şikəst etmələrinin ən məşhur üsuludur. Məqsəd qadında cinsi zövq orqanını korlayaraq bəkarəti qorumaq, qadının cinsiliyini və cinsi duyğularına maneə törətməkdir. Bu əməliyyat yüngül formada qanaxma, ağır formada isə ölümlə nəticələ bilər. 
Birləşmiş Millətlər Təşkilatı hər il əksəriyyəti Afrika və Orta şərq ölkələrində olmaqla 3 milyon qadının sünnət edildiyini açıqlayıb. UNİCEF tərəfindən açıqlanan hesabatda Afrikada Səhra bölgəsi və Orta şərqdəki 28 ölkədə indiyə qədər 128 milyon qadının sünnət edildiyi bildirilib. Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasına əsasən, qadın sünnəti ciddi zorakılıq forması adlandırılaraq 1247 (2001) saylı Qətnamə qəbul edilib. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatı qadın cinsiyyət orqanında deformasiyaya səbəb olacaq hər hansı digər fiziki dəyişikliklərin edilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulduğunu qeyd edib. 

(“Qafqazinfo”)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi