azia.az
azia.az

“Kristal Bakı” evimin söküntüsünə görə 11 min təklif edir, o pula nə edə bilərəm?”

8-08-2024, 09:46

Bakı şəhər Yasamal rayonu Qanlıgöl yaşayış sahəsində nömrəsiz evdə yaşayan Nərgiz Rafiq qızı Əhmədova evinin “Kristal Bakı” tikinti şirkəti tərəfindən aşağı məbləğdə qiymətləndirilməsindən şikayətçidir.
Xalqxeber.az saytına müraciət edən N.Əhmədova yaşadıqları ərazinin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun 23 dekabr 2021-ci il tarixli sərəncamı ilə şirkətin istifadəsinə verildiyini bildirib. Bundan sonra isə “Kristal Bakı” şirkəti sakinlərlə danışıqlar apararaq ərazidəki evlərin və digər tikililərin söküntüsünə başlayıb:

“Sərəncamın icrası ilə əlaqədar olaraq “Kristal Bakı” ASC tərəfindən həmin ərazidə yerləşən digər sahə istifadəçilərinin əksəriyyəti ilə danışıqlar aparılmış və razılıq əldə olunaraq real dəyərə uyğun kompensasiya ödənilib. Lakin mənim yaşadığım və uzun müddətdir istifadəmdə olan 2 otaq və bir qarajdan ibarət evi istifadəyə yararsız, tikinti normalarına uyğun olmayan tikili kimi qələmə verərək məhkəmə yolu ilə sökmək qərarına gəliblər. Kompensasiya kimi isə 11 min manat təzminat verilməsi qeyd edilib. Halbuki yaşadığım evin bazar dəyəri mənə təklif edilən məbləğdən qat-qat yüksəkdir. Vətəndaşın bu formada yaşadığı evdən çıxarılması hansı məntiqə, vicdana və reallıq şərtlərinə uyğundur? 11 min manata harada ev almaq mümkündür?”

N.Əhmədova əlavə edib ki, onunla birgə daha 2 əmlak sahibi də eyni vəziyyətlə üzləşib: “Biz şirkətin rəhbərliyi ilə görüşüb üzləşdiyimiz vəziyyəti onlarla danışmaq istəyirik. Ola bilər ki, evimizin sənədi yoxdur? Amma mövcud vəziyyəti də nəzərə almalıdırlar və həyat şəraitimizi düşünməlidirlər. Mən astma xəstəliyindən əziyyət çəkirəm və üzləşdiyim bu vəziyyət səhhətimin daha da ağırlaşmasına səbəb olur. Aidiyyəti qurumlardan və şəxslərdən də xahiş edirik bu məsələ ilə bağlı obyektiv tədbir görsünlər”.

O da məlum olub ki, neçə gün əvvəl qeyd edilən ərazidə əmlak sahiblərindən biri olan 1973-cü il təvəllüdlü Əhliman İmanov “Kristal Bakı” şirkətinin əməkdaşının şikayəti ilə həbs edilib. Yasamal rayon Məhkəməsinin 3 avqust tarixli qərarı ilə həmin sakinə 25 sutka inzibati həbs verilib. Ə.İmanovun vəkili qərarla bağlı apellyasiya instansiyasına müraciət edib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi