Namizədliyi ləğv olunan Eltun Məmmədov 6 aylıq həbs oluna bilər-Məzahir Pənahovdan...
Xəbər verdiyimiz kimi, növbədənkənar parlament seçkilərinə 94 saylı Ucar seçki dairəsindən qatılmaq istəyən Elton Məmmədovun deputatlığa namizədliyi ləğv edilib.
Bu qərardan sonra saytımıza açıqlama verən Milli Məclisin sabiq üzvü MSK sədri Məzəhir Pənahov və komissiya üzvləri barədə sərt ifadələr səsləndirmiş, onları “saxtakar” adlandırmışdı.
Maraqlıdır, Elton Məmmədovun bu açıqlaması qarşı tərəfə məhkəmə iddiası qaldırmaq üçün əsas verə bilərmi?
Mövzu ilə bağlı hüquqşunas Rüstəm Süleymanov KONKRET.az-a açıqlamasında məsələyə aydınlıq gətirib:
“Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən Azərbaycan Respublikasının ərazisində seçkilərdə iştirak etmək istəyən şəxsdən bəzi məlumatlar tələb edilir. Belə ki, Seçki Məcəlləsinin 58.3 maddəsinə görə namizəd 1 illik dövrü gəliri və əmlakı barədə məlumat verməlidir. Əgər həmin məlumatlarda uyğunsuzluq qeydə alınarsa, müvafiq qurum həmin şəxsin seçkidə iştirakına icazə vermir. Elton Məmmədovun işinə gəlincə, o, MSK-nın qərarından narazı qalıbsa, məhkəməyə müraciət edə və məsələni mübahisələndirə bilər. İddiaları sübuta yetirilərsə, MSK-nın üzərinə namizədliyinin qeydə alınması ilə bağlı öhdəlik qoyulacaq”.
Hüquqşünas səsləndirdiyi ittihamların əsassızlığı sübuta yetiriləcəyi təqdirdə Elton Məmmədovun məsuliyyət daşıya biləcəyini deyib:
“MSK sədri Məzahir Pənahov xüsusi ittiham qaydasında məhkəməyə və ya Azərbaycan Respublikasının Prokurorluğuna müraciət edə bilər. Qərar Məmmədovun əlehinə olarsa, o, Cinayyət Məcəlləsinin 147-ci maddəsinə görə məsuliyyətə cəlb ediləcək. Belə ki, onu 1000-1500 manat cərimə və ya 6 aylıq həbs təhlükəsi gözləyə bilər. Onun açıqlaması seçkini keçirən və təşkil edən quruma basqı kimi də qiymətləndirilə bilər”.
Orxan Həsənli