azia.az
azia.az

Ramiz Mehdiyevin masaj sirri: Maral buynuzunun qanı, Pant vannaları – Cavanlıq möcüzəsi

21-10-2023, 08:55

Bu gün Manset.az saytı Ramiz Mehdiyevin səhhətində problem yaranması haqda məlumat yayıb. Sayta açıqlama verən Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev bildirib ki, hazırda qayınatası telefona cavab verə bilmir, çünki, masaj olunur.
“Yeni Sabah” 85 yaşlı Ramiz Mehdiyevin sağlamlıq qayğıları, onun bu yaşda gümrah qalması, fikirlərini bu qədər aydın ifadə edə bilməsi və eyni zamanda cavan qalmaq strategiyaları haqda maraqlı məlumatlar əldə edib. Bu məlumatları uzun illər Mehdiyev cəmiyyət üçün sirr kimi qoruyub. Lakin indiki məqamda onun belə bir imkanı yoxdur. 
Beləliklə, Ramiz Mehdiyev harada masaj olunur? Onu yaşından xeyli cavan saxlayan nədir? Masajçısı kimdir? 
“Yeni Sabah” bildirir ki, Mehdiyev hələ ölkənin ikinci şəxsi olan zaman öz sağlamlığının qayğısına qalmaq üçün bütün mümkün imkanlardan istifadə edib. Redaksiyamıza məlumat verən mənbə qeyd edir ki, bunun üçün o cavanlıq möcüzəsi kimi qəbul olunan Sibir maral buynuzu müalicəsi üçün Rusiyanın uzaq əyalətlərinə “diversant” həkimlər də göndərib. Məlumdur ki, Rusiya Sibir maral buynuzu ilə müalicə texnologiyasını sirr kimi saxlayır. Lakin Mehdiyevin həkim ekspedisiyası hələ illər öncə bu sirri öyrənir və Azərbaycana gətirirlər.
Azərbaycanda - Xızı rayonunda, Altıağac qəsəbəsində yerləşən "Cənnət Bağı" istirahət mərkəzində bu texnologiya tətbiq olunmağa başlayır. Məlumdur ki, "Cənnət Bağı" İstirahət Mərkəzinin rəhbəri, eyni zamanda Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli Mehdiyevin ən yaxın adamlarından biridir. Maral buynuzu ilə müalicə məhz burada tətbiq olunur və ilk pasiyenti də Mehdiyev olur. Mərkəzdə R. Mehdiyev üçün ayrıca 3 mərtəbəli villa tikilir. O, təyin olunan tibbi kursa uyğun olaraq ildə bir neçə dəfə mərkəzdəki villasında qalır və müəyyən olunmuş intervalla 10 günlük müalicə kursu keçir.
Saytımıza məlumat verən mənbə bildirir ki, o, son bir neçə ildə bu müalicə kursundan tam imtina edibmiş. Səbəbsə Mehdiyevin küncə sıxışdırılması olub. İndi onun masaj prosedurunda olması istər-istəməz yada "Cənnət Bağı"ndakı  “cavanlıq möcüzəsi” yaradan maral buynuzu vannalarını salır.
Ramiz Mehdiyevin qaldığı villa
Maral buynuzu ilə müalicə insana hansı üstünlükləri bəxş edir? Bu haqda mütəxəssis olan şəxslərdən biri saytımıza deyib ki, prosedur üzrə təyin olunmuş vaxtda ildə bir neçə dəfə maral buynuzu müalicəsini qəbul edən şəxs həm fiziki görünüş olaraq, həm də daxili orqanların fəaliyyəti baxımından 5 il cavan qala bilir. Burada söhbət Pant vannalarından gedir. Pant vannaları Sibir marallarının il ərzində təbii olaraq atdığı buynuzlardan hazırlanır. Buynuzlar 3 sutka ərzində davamlı olaraq qaynadılır. Maral buynuzunun tərkibində 23 amin turşusu var. Sonra bu qaynamadan alınan məhlul xüsusi vannalara tökülür və pasiyent Naftalan vannalarında olduğu kimi müəyyən olunmuş müddətdə bu vannada uzanır. Vannadan sonra 1 sutka ərzində yuyunmaq olmaz. Bu məhlul insanın daxili orqanlarına möcüzəvi müsbət təsir göstərir. Daha konkret ifadə etsək, xroniki yorğunluğu aradan qaldırır, maddələr mübadiləsi, metabolik proseslərin intensivliyini artırır, müqaviməti gücləndirir, damarlarda mikrosirkulyasiyanı sürətləndirir. Bundan başqa sümük və oynaq ağrılarını, prostat, kişi sonsuzluğu və cinsi zəifliyi aradan qaldırır, ürək-qan damar fəaliyyətini yaxşılaşdırır.
Məsələnin masaj tərəfinə gəldikdə, bu prosedur da maraqlıdır. Sözügedən  masaj insanın xarici görünüşünün cavan görünməsinə xidmət edir. Bu masaj proseduru isə Sibir Marallarının buynuzlarından damcı-damcı alınmış qanla edilir. Maral buynuzu qanı ilə həyata keçirilən masaj dərini qırışlardan azad edir və xarici görünüş olaraq insanı cavan göstərir.
Məlumatlı mənbə deyir ki, belə müalicə üsulu eksklüziv olaraq Ramiz Mehdiyev üçün yaradılsa da, hazırda bir sıra məmurlar, millət vəkilləri və iş adamları sözügedən müalicə mərkəzinin pasiyentlərinə çeviriliblər. İndi "Cənnət Bağı"da  Sibir marallarının böyük ferması da yaradılıb. İstənilən şəxs bu bahalı prosedur üçün mərkəzə müraciət edə bilir. Eksklüzivlik ləğv olunub.
Kürəkəninin dediyi masajın isə Cənnət Bağında olub-olmaması haqda heç bir məlumata malik deyilik. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi