DOST-un 426 minə icarəyə götürdüyü ofis kimindir? (TƏFƏRRÜAT)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “DOST İş Mərkəzi” MMC-nin (VÖEN – 1305835261) elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, DOST üçün ofis sahəsinin icarəyə götürülməsiylə bağlı tenderin qalibi Əşrəf Səxavət oğlu Səfərov (VÖEN – 2004596032) olub. DOST Əşrəf Səfərova məxsus 2 750 kv. metr qeyri-yaşayış sahəsini 12 ay müddətinə icarəyə götürür və icrə haqqı olaraq 426 min 855 manat (ayda 35 min 571 manat) ödəyəcək.
Onu da qeyd edək ki, DOST qeyd olunan ofis sahəsini Əşrəf Səfərovdan daha əvvəl də icarəyə götürüb. 2020-ci ildə 8 ay üçün 249 min 600 manat, 2022-ci ildə isə 6 ay üçün 213 min 432 manat ödəyib.
Məlumat üçün onu da qeyd edək ki, 427 min manatlıq tenderin qalibi olan Əşrəf Səfərovun fərdi sahibkar kimi hazırda dövlət büdcəsinə vaxtında ödənilməyən 247 manat 39 qəpik vergi borcu var. Mətbuatda yer alan məlumatlardan belə görünür ki, Əşrəf Səfərov eyni zamanda ölkənin aparıcı şirkətlərindən olan "KİA Motors Az" MMC-nin də qanuni təmsilçisidir.
Onu da bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan qurumların bir çoxu ofis sahələrini icarəyə götürürlər.
Aşağıdakı siyahıda icarəyə götürülən ofis sahələrinin bəziləri yer alıb:
- Dövlət Əmək Müfəttişliyi Bakı şəhər İdarəsi üçün inzibati bina sahəsinin icarəyə götürülmsiylə bağlı tenderin qalibi Fəridə Hüseynalı qızı Orucova (VÖEN – 1400576242) olub. Dövlət Əmək Müfəttişliyi Xidməti F. Orucovaya məxsus 980 kv. metr qeyri-yaşayış sahəsini 12 ay müddətinə icarəyə götürür. Əmək Müfəttişliyi Xidməti icarə haqqı olaraq F. Orucovaya 163 min 548 manat 96 qəpik (ayda 13 min 629 manat) ödəyəcək.
- Ötən ilin noyabr ayının son günlərində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi keçirib. Müsabiqənin qalibi Bayramov Amil Qinyaz oğlu (VÖEN – 1003009142) olub. DSMF Bayramov Amilə məxsus 3000 kv. metr qeyri-yaşayış sahəsini 9 ay müddətinə icarəyə götürür. DSMF icarə haqqı olaraq A. Bayramova 445 min 500 manat (ayda 49 min 500 manat) ödəyəcək.
- Noyabr ayının əvvəlində isə DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi Hüseynova Almaz Hacı qızı (VÖEN – 1307950442) olub. DSMF Hüseynova Almaza məxsus 2200 kv. metr qeyri-yaşayış sahəsini 9 ay müddətinə icarəyə götürüb və 240 min 702 manat ödəyəcək.
- Oktyabr ayında Nazirliyin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi Emil Vidadi oğlu Orucov (VÖEN – 1604117012) olub. Nazirlik Emil Vidadi oğlu Orucova məxsus 2000 kv. metr qeyri-yaşayış sahəsini 12 ay müddətinə icarəyə götürüb və 318 min 622 manat 7 qəpik ödəyəcək.
- Ötən ilin iyul ayında Nazirliyin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi "Macaz Construction” MMC (VÖEN – 1302101451) olub. Nazirlik 2300 kv. metr qeyri-yaşayış sahəsini 6 ay müddətinə icarəyə götürüb və 743 min 853 manat 12 qəpik ödəyəcək. Qeyd edək ki, "Macaz Construction” MMC-nin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sabiq rəhbəri Akim Bədəlovun ailə üzvlərinə məxsus olduğu bildirilir.
- Ötən ilin may ayında Nazirliyin tabeliyində olan DOST İş Mərkəzi üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi Əşrəf Səxavət oğlu Səfərov (VÖEN – 2004596032) olub. Nazirlik Əşrəf Səxavət oğlu Səfərova məxsus 2750 kv. metr qeyri-yaşayış sahəsini 6 ay müddətinə icarəyə götürüb və 213 min 432 manat ödəyəcək.
- Bunlardan başqa ötən ilin yanvar ayında Nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyi üçün ofis sahəsinin və anbarın icarəsi üçün "Çinar Park” MMC (VÖEN – 1500764231) ilə 566 min 592 manatlıq müqavilə imzalanıb.
- Əvvəlki illərdə Nazirliyin tabeliyində olan DSMF Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün 3000 kv. metr ofis sahəsini icarəyə götürüb və Həsənova Qaze Həsən qızına (VÖEN – 1600110362) 12 ay üçün 556 min 200 manat ödəyib.
- Dövlət Məşğulluq Agentliyi 8 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı üçün 235 kv. metr ofis sahəsini icarəyə götürüb və Şirinov Faiq Nizami oğluna (VÖEN – 1306883522) 36 ay üçün 90 min manat ödəyib.
- DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçün 1900 kv. metr ofis sahəsini icarəyə götürüb və Kərimov İlqar İsmayıl oğluna (VÖEN – 1505343002) 12 ay üçün 167 min 808 manat ödəyib.
- DSMF Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı üçün 1000 kv. metr ofis sahəsini icarəyə götürüb və "Çinar Park” MMC (VÖEN – 1500764231) 12 ay üçün 148 min 680 manat ödəyib.
- DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçün 3000 kv. metr ofis sahəsini icarəyə götürüb və Bakı Avrasiya Universitetinə (VÖEN – 1500008331) 12 ay üçün 630 min manat ödəyib.