azia.az
azia.az

Deputat məhkəmə sədrinin fəaliyyətini tənqid etdi

19-09-2022, 19:25



Millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Jalə Əhmədova Salyan rayon Məhkəməsinin sədri Muradağa Qasımovun fəaliyyətini tənqid edib.

E-huquq.az xəbər verir ki, deputat seçicilərindən M.Qasımovun fəaliyyəti ilə bağlı çoxsaylı şikayət daxil olduğunu deyib.

"Hər birimiz bilirik ki, Azərbaycanda məhkəmə hakimiyyəti müstəqildir və o, hakimiyyətin başqa qollarından asılılığı olmadan həyata keçirilir. Yəni, məhkəmənin işinə müdaxilə etmək yolverilməzdir. Amma bu o demək deyil ki, bəzi məhkəmə sədrləri vəzifələrindən sui-istifadə etməli, məhkəmə prosesləri zamanı vətəndaşa aşağılayıcı münasibət sərgiləməli, yüksək tonla danışmalı və ya işi araşdırmadan birtərəfli mövqedən çıxış edərək qərar qəbul etməlidir. Məhkəmə-hüquq sisteminin inkişafı üçün aparılan uğurlu islahatlara kölgə salmalıdır! Məhkəmələrin müstəqil olması onlara bu hüququ verirmi ki, vətəndaşa bu cür davranış nümayiş etdirsin, ən əsası da qeyri-obyektiv qərarlar qəbul etsin və vətəndaşın konstitusion hüquqlarını pozsun?! Qəbul zamanı seçicilərimin Salyan rayon Məhkəməsinin sədri Muradağa Qasımovla bağlı səsləndirdikləri şikayətlər də məhz bu istiqamətdədir – Muradağa müəllim məhkəmə-hüquq sistemini özününküləşdirib! Deyəsən Muradağa Qasımov ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirildiyini və məhkəmənin qəbul etdiyi qərarların dövlətin adından çıxarıldığını unudub. Bəs, görəsən vətəndaşa “get, hara istəyisən şikayət et”, deyən Muradağa müəllim, bununla dövlətimizin nüfuzuna xələl gətirdiyini bilirmi? Yoxsa şəxsi mənafeyini daha üstün hesab edir?! Salyan rayon Məhkəməsinin sədri Muradağa Qasımov unutmasın ki, hər bir məmur xalqın xidmətçisidir! Bu gün Dövlətimizin, xalqımızın, Prezidentimizin qarşısında hesabat veririk, sonra isə Allahımıza hesab verəcəyik. Bunu unutmayaq!", - deyə o qeyd edib.

J.Əhmədova daha sonra bildirib ki, məsələ aidiyyəti orqanlar tərəfindən nəzarətə götürülüb: "Qəbul zamanı seçicilərimin Salyan rayon Məhkəməsinin sədri Muradağa Qasımovla bağlı səsləndirdikləri şikayətlərlə bağlı sosial şəbəkə hesablarımda etdiyim paylaşımlara dərhal reaksiya verən və artıq məsələni nəzarətə götürdüklərini bildirən aidiyyatı dövlət orqanının rəhbər şəxslərinə dərin təşəkkürümü bildirirəm. Təəssüf edirəm ki, məhkəmə-hüquq sistemində aparılan uğurlu islahatlara kölgə salan bəzi şəxslər bunun fərqində deyillər və onlara göstərilmiş etimadı layiqincə dəyərləndirə bilmirlər".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi