"Cavanşir Feyziyevin əməli hüquq-mühafizə orqanları tərəfindən yoxlanılmalıdır" - Mahmud Hacıyev
Xəbər verdiyimiz kimi, bugünlərdə London məhkəməsi Milli Məclisin deputatı Cavanşir Feyziyev və ailə üzvlərinə məxsus külli miqdarda vəsaitin, daha dəqiq desək, 5 milyon funt-sterlinqin müsadirə edilməsi ilə bağlı qərar verib. Məhz bundan sonra sözügedən olay sosial şəbəkələrdə geniş müzakirə olunub, eləcə də bir çox mətbuat orqanında təhlil, araşdırma xarakterli yazılar işi üzü görüb. Bu isə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü olan deputatın "çestinə" dəydiyindən o, eləmə tənbəllik "facebook"da bir status yazıb və 20-yə yaxın jurnalistin adını çəkərək, onları alçaldıcı ifadələrlə təhqir edib.
Bundan bir qədər sonra məsələnin böyüdüyünü və buraxdığı kobub, eyni zamanda bağışlanılmaz səhvin ucbatından özünə qarşı yeni, həm də daha geniş cəbhə açdığının fərqinə varan Feyziyev Mətbuat Şurasının İdarə Heyəti üzvlüyündən istefa verdiyini bəyan etməklə yaxasını məsuliyyətdən kənara çəkməyə çalışıb. Halbuki, media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədlinin də vurğuladığı kimi, sübut edilmədiyi halda onun işlətdiyi ifadələr Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır: "Korrupsiyaya bulaşdığına dair ciddi araşdırmalar aparılan və ona məxsus olan vəsaitin korrupsiya mənbəli olduğuna görə 11 milyon 500 min manatı İngiltərə məhkəmələrincə müsadirə edilən bu siyasətçi onu tənqid edən, siyasi və hüquqi cavab verməlidir deyənləri - öz fantaziyasına uyğun olaraq müxtəlif cinayətlərdə ittiham edib. Bu ifadələri işlədərkən bu siyasətçi konkret adlar çəkib, siyahılar yazıb, ölkənin tanınmış siyasətçilərinin, jurnalistlərinin, ictimai xadimlərinin adını çəkib. Beləliklə də, adları çəkilən şəxslərin bu cinayətləri işlədiklərini iddia edib. Sübut edilmədiyi halda bu ifadələr Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır. Yəqin ki, Cavanşir Feyziyevin özünü “qorumaq” üçün başqalarını ləkələmək cəhdinə görə həmin şəxslər hüquq yoluna müraciət edəcək, bu şəxsin konkret həm bu böhtan əməlinə həm də korrupsiya ehtimalının nəticələrinə görə məsuliyyətə cəlb olunmasını ciddi və ardıcıl tələb edəcəklər. Çünki AR Cinayət Məcəlləsinə görə dələduzluq 178-ci maddədə, casusluq 274-cü maddədə, böhtançılıq- 147-ci maddəsində aydın şəkildə cinayət məsuliyyəti yaradır. Bu maddələrlə nəzərdə tutulan cinyətləri işlədikləri isnad olunan şəxslərin barələrində belə məhkəmə qərarı olmadığına görə onların hər birinin bunu məhkəməyə daşımaları və Cavanşir Feyziyevə qarşı xüsusi ittiham qaydasında məhkəmələrə müraciət etmələri mümkündür". Ələsgər Məmmədli hesab edir ki, Cavanşir Feyziyev toxunulmazlıq zirehi altında uzun müddət gizlənə bilməyəcək.
Məsələ ilə bağlı fikirlərini Hurriyyet.az-la bölüşən sabiq polis rəisi, ekspert-kriminalist Mahmud Hacıyev isə bildirib ki, bu gün parlamentdə təmsil olunan deputatların əksəriyyətinin böyük biznes imperiyası var və onların pullarının xeyli hissəsi xarici banklara köçürülüb: "Məlumdur ki, deputatlar haqqında qanuna görə, onlar bizneslə məşğul ola bilməz. Yəni, bu, qanunla bütün deputatlara qadağan olunub. Məhz bu məsələdə deputatları 3 hissəyə bölürəm. Birincisi, onların bir qismi ümumiyyətlə qanundan bixəbərdir. Bu səbəbdən də özünün dükanını, bazarını, kababxanasını işlədir. İkincisi qrup deputatlar qanunu bildiyi halda ona əməl etmirlər, qanuna qarşı sayğısızlıq göstərirlər. Qanuna hörmətsizlik isə dövlətçiliyə hörmətsizlik etmək deməkdir. Çox az miqdarda üçüncü qrup deputatlar isə abırlı, həyalı olduğundan özlərini normal qaydada aparırlar. Onlar - Vahid Əhmədov, Əli Məsimli, Rafael Hüseynov və digərləri nə biznes fəaliyyəti ilə məşğuldurlar, nə də adları qalmaqallarda hallanır. Cavanşir Feyziyevə gəlincə, aydın məsələdir ki, o, bizneslə məşğuldur. Hətta Azərbaycanda orta məktəb şagirdləri belə, hansı deputatın siqaret və dərman biznesi ilə məşğul olduğunu çox yaxşı bilir. Bunu gizlətməyin mənası yoxdur, çünki hamı bilir və danışır. Heç kimə sirr deyil ki, bu gün parlamentdə təmsil olunan deputatların əksəriyyətinin böyük biznes imperiyası var və onların pullarının xeyli hissəsi xarici banklara köçürülüb".
Mahmud Hacıyev hesab edir ki, bu boyda qalmaqaldan sonra Cavanşir Feyziyevin hay-küy salması, media təmsilçilərinə qarşı hücuma keçməsi, onları təhqir etməsi qəbul olunmazdır: "Bununla yanaşı, mətbuatda gedən məlumata görə, deputat özü London məhkəməsində gedən işlə bağlı faktı da təsdiq edib. Bundan sonra jurnalistlərin üstünə düşmək, onları təhqir etmək heç cür qəbul olunan deyil. Jurnalistlərin ona cavabını da oxudum. Düşünürəm ki, Cavanşir Feyziyevə ən gözəl cavabı "Hürriyyət" qəzetində Qulu Məhərrəmli verib. Digərləri də yaxşı cavab verib, lakin Azərbaycan Jurnalistlər Birliyinin sədri kimi Elçin Şıxlının cavabı məni çox təəssüfləndirdi. Belə ki, o, ehtimal nəzəriyyəsindən çıxış edərək, məsələyə "nə şiş yansın, nə də kabab" prinsipindən yanaşıb. O, jurnalistləri hökm çıxarmaqda ittiham edir. Halbuki, bu, doğru yanaşma deyil. Jurnalist heç kimə hökm çıxarmır, sadəcə ona məlum olan informasiyanı verir. Buna görə jurnalisti ittiham etmək olmaz".
Ekspert-kriminalistin fikrincə, Cavanşir Feyziyevin əməli hüquq-mühafizə orqanları tərəfindən yoxlanılmalıdır: "Bir daha qeyd edirəm ki, onun jurnalistləri təhqir etməsi yolverilməz hərəkətdir. Onun bizneslə məşğul olmasına gəlincə, bu, hüquq-mühafizə orqanları tərəfindən yoxlanılmalıdır. Bundan sonra istintaq deməlidir ki, cinayət işi qaldırmaq olar, ya olmaz. Yəni, cinayət tərkibi var, yoxsa yox. Bunun yolu məhz budur. Onun mandatdan məhrum olunmasına gəlincə, buna Milli Məclisin İntizam komissiyasında baxıldıqdan sonra qərar verilə bilər".
Hurriyyet.az