azia.az
azia.az

Həbsdən çıxan gəncəli “qanuni oğru” düşmənini seçdi- Lənkəranski ilə “Quli” klanı qarşı-qarşıya

20-11-2021, 09:36

Həbsdən çıxan gəncəli “qanuni oğru” düşmənini seçdi- Lənkəranski ilə “Quli” klanı qarşı-qarşıya
Kriminal aləmdə daha çox “Rufo Gəncinski” kimi tanınan 40 yaşlı azərbaycanlı Ülfət Tağıyevin 8 illik həbs cəzasını çəkdikdən sonra Voloqda həbsxanasından azadlığa buraxılması barədə xəbər vermişdik. Voloqda vilayətinin Şeksna qəsəbəsində yerləşən 12 saylı cəzaçəkmə müəssisəsi ciddi rejimli koloniyadır. Məlumatlara görə müəssisədə yeganə “qanuni oğru” da “Rufo Gəncsinki” olub.

1981-ci il aprel ayının 12-də Gəncə şəhərində anadan olan “Rufo”nu 2013-cü ilin sentyabrında DİN və FTX İdarəsinin əməkdaşları Moskvada saxlayıblar. Əməliyyat məlumatlarına görə isə “Rufo” əslində “ölü”idi. Həmin məlumatda deyilirdi ki, killerlər “Rufo Gəncinski”ni küçənin ortasında gülləyiblər və cəsədini maşının yük yerinə qoyaraq naməlum istiqamətə aparıblar. Bildirilirdi ki, “Rufo Gəncinski” “Ded Xasan”ın qətlinin təşkilində də əsas rola malik olub. O, əfsanəvi kriminal avtoritetin təqib olunmasını təşkil edib, qətldən sonra snayperi hadisə yerindən qaçırdıb. Məsuliyyətdən və “Ded Xasan” tərəfdarlarının təqibindən yayınmaq üçün isə “öldürüldü” xəbəri dövriyyəyə buraxılıb.

Həbs edilən zaman isə onun Moskvaya Türkiyə vətəndaşının saxta sənədləri ilə gəldiyi məlum olmuşdu. Əməliyyatçıların məlumatına əsasən, o, həmin zaman hələ sağ olan Rövşən Caniyevin (“Rövşən Lənkəranski”) yaxın əhatəsinə daxil idi və 2012-ci ildə Dubayda “qanuni oğru” adı almışdı. Onların hamısı “Ded Xasan”ın başçılıq etdiyi qanuni oğrular qruplaşmasına qarşı olan mafiya klanının üzvləri idilər. “Ded Xasan”ın qatili olmasına dair əsas versiyanın da səbəbi məhz bu idi.

Lyublinsk Rayon Məhkəməsi isə gəncəli “qanuni oğru”nu Cinayət Məcəlləsinin qətl və qanunsuz silah dövriyyəsində ittiham edərək 8 il həbs cəzası verdi. “Ded Xasan”ın qətlinə görə tutulsa da, bunu məhkəmədə sübut edən faktlar tapılmadı, nəticədə ona başqa bir azərbaycanlının qətlinə görə ittiham verildi.

Rusiya mediası yazır ki, azadlığa buraxılandan sonra bu ölkədən ömürlük deportasiyası üçün müvəqqəti saxlama mərkəzinə yerləşdirilən “Rufo Gəncinski” qərarın icrasından yayına bilib və Moskvaya yollanıb. Lakin “qanuni oğru”ya yaxın mənbələrin bildirdiyinə görə, o, Türkiyədə daha dəqiq desək, İstanbulda məskunlaşmağı planlaşdırır.

Bildirilir ki, “Rufo” Gəncədə doğulmuş və bu ilin 12 aprelində(maraqlıdır ki, məhz Ülfətin ad günündə) qətlə yetirilən “Albert Piterski”(“Albert Rıjıy”) kimi -Əli Heydərovun yerini tutmağa iddialıdır.

Bu isə o deməkdir ki, “Rufo Gəncinski” “Quli klanı”na rəhbərlik edən “qanuni oğru” Namiq Səlifovla (“Bakinski”) qarşıdurmaya gedəcək. Məlumdur ki, “Albert Rıjıy” ilə “Quli” düşmən münasibətdə olub. “Quli”onun titulunu heç vaxt tanımayıb.

“Quli”nin öldürülməsində hətta onun əli olduğu haqda da iddialar vardı. “Albert Rıjı”nın da məhz bu səbəbdən öldürüldüyü deyilirdi.

Məlumdur ki, “Quli”dən sonra onun kriminal imperiyasına qardaşı - 2013-cü ilin avqustunda “qanuni oğru” statusu almış “Namiq Bakinski” rəhbərlik edir. Yeri gəlmişkən, bir neçə gün əvvəl Türkiyədə həbs edilən azərbaycanlı "qanuni oğru” (“Quli”nin qohumudur) İlqam Hacıyev (“İlqam Bolniski”) vaxtilə “Albert Rıjı”ya qarşı sui-qəsdin təşkilatçısı olduğuna görə məsuliyyətə cəlb olunub.

Musavat.com bu barədə bir neçə dəfə yazıb. Yalnız onu qeyd edək ki, 2014-cü ildə baş tutmayan sui-qəsddə “Quli”nin və həmin vaxt həbs edilən İlqam Hacıyevin heç bir əlaqəsi olmadığı məhkəmə qərarı ilə təsdiqlənmişdi. İ.Hacıyevin illər sonra, artıq həyatda olmayan “Albert Rıjı” ya sui-qəsd cəhdinə görə yenidən həbsi suallar doğurur...

Moskvaya qayıdandan sonra gəncəli “qanuni oğru” özəl klinikalardan birində reabilitasiya kursu keçib, daha sonra onu Moskva küçələrindən birində 5 maşından ibarət kortejin müşayiəti ilə gedən görüblər. Güc strukturlarında narahatdırlar ki, “Rufo”nun Moskvaya qayıtması cinayətkarlığın artmasına, azərbaycanlı kriminal qruplar arasında yeni toqquşmalara gətirib çıxara bilər.

Musavat.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi