FHN-dəki 1,4 milyonluq yeyintinin izi ilə... - SENSASİON FAKTLAR
Bugünlərdə "Hürriyyət"in redaksiyasına müraciət edən Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin Dib Dərinləşdirmə İşləri İdarəsində kadr üzrə mütəxəssis vəzifəsində çalışan İlahə Mirəsgər qızı Ağalarova həm özünün, həm də adıçəkilən idarənin digər əməkdaşlarının üzləşdiyi problemlərdən, o cümlədən yol verilən yeyinti faktlarından, özbaşınalıqlardan danışıb.
"Üzünü görmədiyimiz şəxsə, "ölü can" Məmmədov Elnur Rasim oğluna iş saatı yazmadığım üçün əməkhaqlarım, əlavələr kəsildi, bütün vəzifə səlahiyyətlərim əlimdən alındı"
Belə ki, Neftçalada yerləşən Dib Dərinləşdirmə İşləri İdarəsinin sel və daşqınlar nəticəsində əziyyət çəkən əhalinin təhlükəsizliyini nəzərə alaraq, ölkə başçısının məlum sərəncamıyla yaradıldığını qeyd edən İlahə Ağalarova fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanovun göstərişi ilə Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin rəisi Fuad Bağırovun və Dib Dərinləşdirmə İşləri İdarəsinin rəisi Fuad İsmayılzadənin özbaşınalıqlarından əziyyət çəkdiyini bildirib: "İlk öncə qeyd edim ki, mən 2012-ci ildən etibarən bu idarədə kadr üzrə mütəxəssis vəzifəsində çalışıram, 4 azyaşlı uşaq anasıyam. Nəzərinizə çatdırım ki, bu idarə Kür çayının dibinin dərinləşdirilməsi ilə məşğul olur. İdarəmiz torpaq qazan və torpaq sovuran 3 gəmidən ibarətdir. 9 ildir Dib Dərinləşdirmə İşləri İdarəsində çalışıram və artıq bir neçə ildir ki, haqsızlıqla qarşılaşıram. Məsələn, 2016-cı ildə analıq məzuniyyətindən işə qayıdarkən mənə əmr gəldi. Orada Məmmədov Elnur Rasim oğlunun idarəmizə iqtisadçı vəzifəsinə qəbul olunduğu qeyd edilmişdi. Həmin şəxs haqda maraqlandım, dedilər ki, biz görməmişik. Davamiyyət jurnallarına baxdıqda orada da qeydiyyatın olmadığını gördüm. Sonra bildirdilər ki, nazirlikdən tapşırılıb, "ölü can"dır. Məndən həmin şəxsə tabeldə iş saatı yazmağın tapşırıldı. Əgər mən üzünü görmədiyimiz şəxsə iş saatı yazsaydım, onda ayın 15 sutkasını radiasiya altında işləyən 100 nəfərdən artıq kollektivin haqqına girmiş olardım. Bu, həm də qanunvericiliyə zidd olduğu üçün etiraz etdim. Məhz bundan sonra, yəni həmin tarixdən etibarən əməkhaqlarım, əlavələr kəsildi, bütün vəzifə səlahiyyətlərim əlimdən alındı və dispeçerə həvalə olundu. Bu azmış kimi, Məmmədov Elnur Rasim oğlunun Dib Dərinləşdirmə İşləri İdarəsinin işində fəal iştiraka görə əmək əmsalına baxılması barədə idarə rəisi xidməti yazı yazaraq, onun əməkhaqqı süni şəkildə dəfələrlə artırılıb. Odur ki, həm bu barədə, həm də idarədə kadra aid olan digər neqativ hallarla bağlı cənab nazirimizə (fövqəladə hallar naziri Kəmaləddin Heydərov nəzərdə tutulur-red.) müraciət etdim. Çünki idarədə ciddi yeyinti, rüşvət alma halları vardı. Əlimdə bununla bağlı sənədlər, poçt qəbzləri var ki, nazirimizə dəfələrlə müraciət etmişəm. Lakin Fövqəladə Hallar Nazirliyindəki maraqlı şəxslər indiyədək mənim müraciətlərimin nazirimizə çatmasının qarşısını alırlar. İdarəmiz Neftçala rayonunun Qaralı kəndində yerləşir. Bəlkə paytaxtdan 180 kilometr uzaqda olmağımız, yaxud da idarə rəhbərlərinin birbaşa nazirlikdə yüksək rütbəli şəxslərlə dostluğu, tanışlığı səbəbindən haqq səsimizi nazirimizə çatdıra bilmirik".
"Hətta müddətli müqavilələr əsas tutularaq işdən azad edilən və incidilən əməkdaşlar içərisində 2012-ci ildə holland mütəxəssisləri tərəfindən sertifikatlaşdırılmış, təlim keçmiş baqermeysterlər (gəmi kapitanları) də mövcuddur"
Bir müddət öncə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qəbuluna düşmək istədiyini deyən FHN əməkdaşının sözlərinə görə, həmin vaxt nazirlikdən onun guya asayişi pozduğunu iddia edərək post-patrul çağırılıb: "Məni idarəyə apardılar. Orada sənədimi təqdim etdim və nazirliyin əməkdaşı olduğumu, nazirimi görmək istədiyimi bildirdim. Orda da təəccübləndilər ki, bu nə yanaşmadır, bu xanım hansı asayişi pozub?! Mən ali savadlı, 4 körpəsi olan anayam. Bu, bir daha onu təsdiqləyir ki, bizim nazirimizlə görüşümüz hər vasitə ilə əngəllənir. Bütün bu hallardan istifadə edən Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin rəisi Fuad Bağırov və Dib Dərinləşdirmə İşləri İdarəsinin rəisi Fuad İsmayılzadənin azğınlıqları artıq sərhəd tanımır. Belə ki, onlar Əmək Məcəlləsinin tələblərinə məhəl qoymurlar. Əmək Məcəlləsinin müvafiq maddəsində deyilir ki, işçi 3 aylıq müqavilə ilə sınaq müddətinə götürülür. Bunun ardınca, yəni sınaq müddəti bitdikdə və 5 illik müqavilədən sonra işçi ilə müddətsiz əmək müqaviləsi bağlanmalıdır. Bu gün mən Fövqəladə Hallar Nazirliyinin əmri ilə müddətsiz əmək müqaviləsi ilə fəaliyyət göstərirəm. Təbii ki, əgər buna fəaliyyət göstərmək demək mümkündürsə... Qeyd etdiyim kimi, mənim bütün vəzifə səlahiyyətlərim əlimdən alınıb. Fuad Bağırov və Fuad İsmayılzadə işçiləri özlərindən asılı vəziyyətdə saxlamaq üçün onlarla 3 və 6 aylıq müqavilə bağlayırlar. Belə ki, idarədə 8-9 il çalışmış işçilər bu gün 3 və ya 6 aylıq müqavilə ilə fəaliyyət göstərirlər. Halbuki, Əmək Məcəlləsinə əsasən onlarla çoxdan müddətsiz əmək müqaviləsi bağlanmalıdır. Fuad Bağırov və Fuad İsmayılzadə isə buna əhəmiyyət vermirlər və nəticədə istənilən işçini sosial durumunu, mövqeyini, iş qabiliyyətini nəzərə almadan bir göz qırpımında "Biz səninlə işləmək istəmirik" deyərək işdən azad edirlər. Hətta müddətli müqavilələr əsas tutularaq işdən azad edilən və incidilən əməkdaşlar içərisində 2012-ci ildə holland mütəxəssisləri tərəfindən sertifikatlaşdırılmış, təlim keçmiş baqermeysterlər (gəmi kapitanları) də mövcuddur. Ümumiyyətlə, Fuad Bağırov və Fuad İsmayılzadənin haqsızlığına etiraz edən istənilən işçi dərhal cəzalandırılır, əməkhaqqısı azaldılır və ya işdən azad edilir".
Dib Dərinləşdirmə İşləri İdarəsinin rəisi Fuad İsmayılzadə işçilərin maaşını azaldıb, öz əməkhaqqını isə 3 dəfə artırıb
Dib Dərinləşdirmə İşləri İdarəsinin əməkdaşlarının dəfələrlə haqsızlıqlara məruz qaldıqlarını, məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə məlumat verdiklərini vurğulayan şikayətçi bunun da heç bir əhəmiyyətinin olmadığını deyib: "Əfsus ki, nazirliyin "112" qaynar xəttinə etdiyimiz müraciətlərimizə də baxmayıblar. Bu səbəbdən də ölkə başçısına, fövqəladə hallar naziri Kəmaləddin Heydərova mətbuat vasitəsiylə müraciət etmək məcburiyyətində qalmışam. Onlara bildirmək istəyirəm ki, ötən ilin dekabr ayında bizimlə, yəni Dib Dərinləşdirmə İşləri İdarəsinin əməkdaşlarıyla bağlı Əmək Məcəlləsinin 169-cu maddəsi (Boşdayanma vaxtı əməyin ödənilməsi) maddəsiylə əmr verdilər. Həmin maddədə deyilir ki, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşçinin təqsiri üzündən isə boşdayanma vaxtı ödənilmir. Məcəllənin 168-ci maddəsində isə bildirilir ki, işçinin təqsiri olmadan zay məhsul hazırlandıqda onun hazırlanması üçün əmək haqqı azaldılmış qiymətlərlə ödənilir. Bu halda işçinin aylıq əmək haqqı onun üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmamalıdır. Qeyd edim ki, biz Fövqəladə Hallar Nazirliyi Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin Dib Dərinləşdirmə İşləri İdarəsinin əməkdaşları olaraq məhsul hazırlamırıq. Adından da göründüyü kimi, biz xidmət göstəririk. Axı, biz hansı məhsulu zay etdik?! Onu da nəzərinizə çatdırım ki, qeyd olunan maddə, yəni aylıq əmək haqqının 67 faizinin ödənilməsi ancaq baş verən haqsızlıqlara göz yummayan, neqativ hallara etiraz edən işçilərə tətbiq olunur. Məsələn, mən 4 azyaşlı körpəsi olan bir ana aylıq vəzifə maaşım (oklad) 600 manat olsa da, 320 manat alıram. Bu pulla nə etmək olar? 4 uşağı saxlamaq mümkündürmü? Bildirim ki, əlimdə rəsmi sənədlər var və onlara uyğun olaraq deyə bilərəm ki, biz qeyd olunan maddəyə əsasən maaşının üçdə iki hissəsini alırıq, lakin Dib Dərinləşdirmə İşləri İdarəsinin rəisi Fuad İsmayılzadəyə 3745 manat 23 qəpik pul hesablanır. Kadr üzrə mütəxəssis olduğumdan məndə idarənin işçilərinin müəyyən edilmiş ştat cədvəlinin çıxarışı var. Həmin çıxarışa uyğun olaraq Fuad İsmayılzadənin aylıq vəzifə maaşı 1322 manatdır. Bu halda sual yaranır ki, hansı əsasla Fuad İsmayılzadəyə bu qədər pul, yəni 3745 manat 23 qəpik hesablanır? Ona görə ki, o, idarədə haqsızlıqlara yol verilir, işçilərin hüquqları tapdanır".
"Tapdıq Əmiraslanov Dib Dərinləşdirmə İşləri İdarəsində baş verən bütün hallardan məlumatlıdır, özü göstəriş verir"
Bir neçə il öncə 1 milyon 400 min manatdan artıq yeyinti ilə bağlı faktların ona təqdim olunduğunu bildirən İlahə Ağalarova fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanovun Dib Dərinləşdirmə İşləri İdarəsinin rəisi Fuad İsmayılzadəni müdafiə etdiyini qeyd edib: "Həmin faktları mənə verən şəxs mütəxəssis, iş icrasıdır. O, hər gün etdiyi hesabatlara əsasən 1 milyon 400 min manatlıq yeyintinin olduğunu qeyd edib. Bu, ancaq sənədlə görünən yeyintidir. Hələ sənədlə görünməyən yeyintilər də var. Təəssüf ki, bununla bağlı nazirliyə müraciət etsəm də əhəmiyyət verən yoxdur, Dib Dərinləşdirmə İşləri İdarəsinin rəisi Fuad İsmayılzadəni müdafiə edirlər. Nədən bu cür edildiyi, yəni Fuad İsmayılzadənin fövqəladə hallar nazirinin müavini, kuratorumuz Tapdıq Əmiraslanov tərəfindən müdafiə olunması aydın məsələdir. Qeyd edim ki, o, Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğludur. Bildirmək istərdim ki, Tapdıq Əmiraslanovun qəbuluna düşmək, onunla görüşmək mümkün deyil. O, Fövqəladə Hallar Nazirliyində toxunulmaz bir şəxsdir. Tapdıq Əmiraslanov Dib Dərinləşdirmə İşləri İdarəsində baş verən bütün hallardan məlumatlıdır, özü göstəriş verir. Onu da əlavə edim ki, idarədə baş verən haqsızlıqlara göz yummayan, etirazını bildirən mən və daha 22 əməkdaş ölkə başçısı cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, baş prokuror Kamran Əliyevə, fövqəladə hallar naziri Kəmaləddin Heydərova, o cümlədən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət ünvanladıq. Ölkənin adıçəkilən yetkili şəxslərindən xahiş etdik ki, biz əməkhaqqımızın 67 faizi, yəni üçdə iki hissəsi ilə dolana bilmirik. Onu da bildirdik ki, rəhbərlik idarəmizi öz şəxsi mülki kimi idarə edir, burada heç bir qanunlar işləmir. Təsəvvür edin ki, bu gün həmin 22 nəfər əməkdaşdan ancaq 3-ü qalıb. Onlar da incidilir, lakin nazirliyin əmri olduğu üçün onları işdən çıxarmağa tutarlı əsasları yoxdur".
"Nazirliyin daxili təhqiqat idarəsinin polkovniki qaziyə deyir ki, qızın 7 il işləyib, bəsdir. O zaman sən niyə nazirlikdə kök salıbsan?!"
Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin rəisi Fuad Bağırov haqda ətraflı məlumat verən İlahə Ağalarovanın sözlərinə görə, o, bundan əvvəl Dib Dərinləşdirmə İşləri İdarəsində müvəqqəti rəis səlahiyyətlərini icra edib: "Mən hələ o zaman Fuad Bağırovun müəyyən özbaşınalıqları barədə dəfələrlə müraciət etmişəm. Lakin o, çox yaxın adamının fövqəladə hallar nazirinin müavinlərindən biri ilə dostluğundan istifadə edərək Xəzər Hövzə Qəza Xilasetmə Xidmətində "at oynadır". Baxın, 22 nəfər əməkdaşı bir ayın ərzində işdən azad etdilər. Onların arasında qazi qızı Cəfərova Günel də vardı. Onun atası ikinci qrup əlildir. Qazilər bizim həssas yerimizdir. Lakin nazirliyin daxili təhqiqat idarəsinin polkovniki qaziyə deyir ki, qızın 7 il işləyib, bəsdir. O zaman sən niyə nazirlikdə kök salıbsan?! Həmin qazinin 4 övladı var, ancaq biri dövlət işində çalışır. O da kargüzar kimi 200-300 manat maaş alırdı. Bütün bu neqativ hallarla bağlı nazirimizə müraciət etmək istəsəm də, düz 5 ildir ki, onu görə bilmirəm. Bir qədər öncə də qeyd etdiyim ki, 4 azyaşlı uşaq anasıyam və məhkəmə qərarı ilə övladlarına təkbaşına baxıram. Ancaq buna baxmayaraq, məzuniyyət istədikdə verilmir, həkimə uşaq apardıqda xəstəxanaya təzyiqlər göstərilir. Artıq onlar hər şeyə əl atırlar. Artıq qanunsuzluq o qədər baş alıb gedir ki, adam bilmir nə etsin. Məsələn, mənim üzərimə gələn əmrdə deyilir ki, Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin rəisi Fuad Bağırov öz oğlunu, yəni Kamran Bağırovu 2019-cu ildə dağılmış neftin ləğvi bölməsinə operator vəzifəsinə işə götürüb. Mən 4 körpəsi olan anaya məzuniyyət verməyən Fuad Bağırov "ölü can" saxladığı oğlunu 2020-ci ilin sentyabrın 30-da məzuniyyətə çıxarır, oktyabrın 1-də isə məzuniyyətdən geri çağrılır, sonradan pulları ödənmiş 20 məzuniyyət günü təqdim edilib. Beləcə, Fuad Bağırov oğlunu 1 gün məzuniyyətə çıxarıb 20 günün pulunu aldırır. Qeyd edim ki, operatorun əməkhaqqı 250 manat olduğu halda, Fuad Bağırovun oğlu 500 manat maaş alır. Mən bu barədə Maliyyə Nazirliyinə rəsmi məlumat vermişəm. Lakin hələ də cavab verilməyib. Vallah, adam dəhşətə gəlir. Axı, niyə bu qədər özbaşınalığa göz yumulur?"
Sonda "Hürriyyət" qəzeti vasitəsiylə ölkə başçısı İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, fövqəladə hallar naziri Kəmaləddin Heydərova, baş prokuror Kamran Əliyevə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət edən İlahə Ağalarova onlardan həm özünün, həm də Dib Dərinləşdirmə İşləri İdarəsinin hüquqları tapdanan digər əməkdaşlarının üzləşdiyi problemlərin həllində yardımçı olmalarını xahiş edib.
Hurriyyet.az