General Rövşən Əkbərovun daha bir cinayəti: Oğluna görə əsgər yanaraq ölüb
Həbsdə olan general Rövşən Əkbərovun əməlləri barədə yeni faktlar ortaya çıxıb. Onun haqqında başqa bir cinayət işi də açılıbmış.
Belə ki, 2007-2009-cu illərdə hərbi hissə komandiri olduğu dövrdə tabeliyində olan əsgərlər onun evində və obyektlərində işlədilib. Rəsmi sənədlərdə obyektin mülkiyyətçisi Telman Əkbərov olsa da, rəsmi qaydada N saylı hərbi hissənin giziri İbrahim Həsənov onu icarəyə götürüb.
Məlumata görə Rövşən Əkbərovun atasının adını daşıyan Telman adlı oğlu var.
Telmanın adına olan obyektin bir hissəsi mebel sexi, bir hissəsi şirniyyat, bir hissəsi isə mağazadır.
Telman Əkbərov
İşin ilginc tərəfi budur ki, general əlində olan imkanlardan sui-istifadə edərək həmin obyektdə əsgərləri işlədib. Həmin zaman da yanğın baş verib. Nəticədə bir əsgər ölüb, qalanları isə xəsarət alıb.
Hadisəyə görə cinayət işi gizir Həsənova qarşı açılıb. Ona yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda maddəsilə ittiham irəli sürülüb və cinayət məsuliyyətinə cəlb olunub.
2009-cu ildə hərbi hissənin başqa vəzifəli şəxsləri, o cümlədən general Rövşən Əkbərov haqqında da Cinayət Məcəlləsinin 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsilə cinayət işi ayrılıb, amma o işə xitam verilməyib.
İndi Rövşən Əkbərovun həbsindən sonra həmin cinayət işi yenidən araşdırılıb.
Və bu iş də generala qarşı irəli sürülən ölüm işinə işinə birləşdirilib.
Nəticə isə belə olub ki, araşdırma aparılıb və Rövşən Əkbərovun əməlində Cinayət Məcəlləsinin 341.2.3 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddəsinin tərkibi olsa da, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçib. Ona görə də ərizəsiylə, eyni zamanda, Cinayət-Prosessual Məcəllənin 39.1.3 (cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə) maddəsinə əsaslanaraq, cinayət təqibinə xitam verilib.
Rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanında yerləşən "Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Qeyd edək ki, R.Əkbərov ittihamları qəbul etmir.