azia.az
azia.az

Yol tikintisində “yeyilən” milyonlar

2-01-2021, 12:11


İyun ayının əvvəlində prezident İlham Əliyev Ağcabədi rayonun Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzaladı. Həmin sərəncamda yolun tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5 (beş) milyon manat ayrılması da nəzərdə tutulmuşdu.
Yol tikintisində “yeyilən” milyonlar
Prezident İlham Əliyevin bu sərəncamı imzalamasına səbəb, uzunluğu 41 km olan Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən yollar əsasən çınqıl örtüklü və torpaq əsaslı olduğundan, təbii faktorların, suvarma və qrunt sularının təsirindən yararsız vəziyyətdə olması idi. Eyni zamanda bir çox hissəsində yolun təbii relyef ilə eyni səviyyədə olmasına görə, əsaslı şəkildə təmirinə ehtiyac yaranmışdı. Bütün bu ehtiyaclar dövlət başçısının müfaviq sərəncamı imzalamasını zərurətə çevirmişdi.

Prezidentin sərəncamı Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinin sakinlərinin sevincinə səbəb olsa da, bu sevinc uzun sürmədi. Çünki 6 saylı Regional Yol İstismar İdarəsi tərəfindən həyata keçirilən yolun tikintisində prezident sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməməsi və aşkar fırıldaqlara yol verilməsi müşahidə olunurdu. Belə ki, Avşar kəndinə kimi olan 5.6 km yolun düz yarısı – 2.8 km köhnə yolun üzərinə yeni asfalt salınmaqla aparılır. Bundan başqa, yenicə tikintisi həyata keçirilmiş yolda çökmələr müşahidə olunur.

Çox maraqlıdır ki, bütün bu faktlarla bağlı vətəndaşların şikayətləri, Avşar Bələdiyyəsinin etirazları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən araşdırılmır. Bunu 6 saylı Regional Yol İstismar İdarəsinin rəisi Şükür Astanovun Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi tərəfindən ciddi dəstəyə malik olması ilə izah edənlər var.

Ancaq bəzi şəxslər bildirir ki, əslində problemin kökü daha dərindir. Bu fikirdə olanlar iddialarını Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin qeyri-peşəkarlardan ibarət olması ilə izah edirlər. Misal kimi isə, Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Hüsnü Ələkbər oğlu Quliyevi göstərirlər. İddi olunur ki, 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kəndində anadan olan Hüsnü Quliyev yol tikintisindən xəbərsiz bir şəxs olsa da, Agentlikdə əsas rəhbər vəzifələrdən birini daşımaqdadır.

Məlumata görə, uzun illər ticarətlə məşğul olmuş Hüsnü Quliyev 1984-cü ildə Bakı Kooperativ Texnikumunun “Ərzaq malları əmtəəşünaslığı və ticarətin təşkili” fakültəsini fərqlənmə ilə bitirib. Hüsnü Quliyevin 2002-ci ildə Odlar Yurdu Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsini bitirməsi haqqında məlumat da var. Ancaq, iddialara görə, Hüsnü Quliyev Odlar Yurdu Universitetinə testdən kənar qəbul olunub. Bu iddianın nə qədər əsaslı olduğunu söyləyə bilməsək də, araşdırmağa çalışacağıq.

Çox maraqlıdır ki, Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı şikayətlərin araşdırılması da məhz Hüsnü Quliyevə həvalə edilib. Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Şikayətlərin araşdırılacağını və lazımi tədbir görüləcəyini vəd etsə də, heç bir tədbir görülməyib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumatdan isə belə məlum olur ki, Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir. Ancaq Avşar kəndinin sakinlərinin bu vəziyyətlə barışmayacağı, daha yüksək səviyyəli icra orqanlarının araşdırmaya cəlb olunmasına çalışacağı gözlənilir. /Hurriyyet.org


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi