azia.az
azia.az

SMS icazə sistemi aktivləşdiriləcəkmi? - AÇIQLAMA + FOTO

30-11-2020, 17:14

SMS icazə sistemi aktivləşdiriləcəkmi? - AÇIQLAMA + FOTO

Son günlərdə koronavirusa yoluxanların sayı kəskin artır. Bu isə kifayət qədər riskli, çətin mərhələdir. Yay ayları ilə müqayisədə gündəlik ölüm halları da 4 dəfəyə qədər artıb. Gündəlik yoluxma hallarının artması gündəlik ölüm hallarının yüksəlməsi ilə nəticələnəcək. Hazırda yoluxma hallarının 1-1,5%-i ölümlə nəticələnir. Ölüm hallarının qarşısını almaq üçün isə yoluxmanın azalması mütləq şərtdir.

Görünən odur ki, bu istiqamətdə görülən qabaqlayıcı tədbirlər gözlənilən nəticəni vermir. Yoluxmanın dinamikasını azaltmaq məqsədilə karantin tədbirlərinin sərtləşməsi və SMS icazə sisteminin aktivləşməsi gözlənilirmi?

Millət vəkili Fazil Mustafa Azia.Az-a açıqlamasında mövcud vəziyyətdə koronovirusa yoluxmanın və ölənlərin sayının sürətlə artmasının təcili nəzərə alınmasının vacibliyini vurğulayıb:
“Əslində bu məsələdə daha peşəkar addımların atılmasına gərək var. İstər karantinin sərtləşdirilməsi, istərsə də SMS icazə sistemi ilə bağlı qərarın verilməsinə aidiyyəti üzrə baxılmalıdır. Çox güman ki, müəyyən məhdudiyyətlərə gedilməsi intensivləşdiriləcək. Karantin qaydalarını cəmiyyətin öhdəsinə buraxmaq bir qədər doğru deyil. Bu daha çox operativ qərargahın aldığı qərarlar çərçivəsində həll olunmalıdır.

Çünki hazırda ölkədəki durum, xəstəxanalardakı vəziyyət, çarpayı fondu və s. barədə ən dəqiq məlumatlar onlardadı. Paralel olaraq əhaliyə təbliğat işi də gücləndirilməlidir”.

F.Mustafa deyir ki, yoluxmanın sayının sürətlə artmasına səbəb karantin qaydalarına rəğmən insanların öz evlərində belə olsa kütləvi tədbirlər keçirməsidir:

“Bunun qarşısını almaq təəssüf ki, mümkün olmur. İnsanlar kütləvi tədbirlərə qatılır. Bu tərbirlər qeyri-rəsmi olaraq evlərdə keçirilir. Eləcə də hüzur məclisləri də bu şəkildə. İnsanlar ümumi adət-ənənələrə uyğun olaraq, ictimai qınaq səbəbindən bəzi mərasimləri keçirir.

Paralel olaraq müharibə ilə əlaqədar olaraq şəhidlərimiz oldu. Allah onlara rəhmət eləsin. İnsanlar hörmət əlaməti olaraq şəhidləri, onların ailələrini ziyarət edir. Bilirsiz, bu məqamda da insan çox şey deyə bilmir. Müvafiq orqanlar da bu xalqın bir üzvüdür, çox müdaxilə, təzyiq edə bilmirlər. Eyni zamanda qazilərimizə də baş çəkənlərin sayı hədsiz çoxdur. Artıq müharibə bitdi. Koronavirusla mübarizəyə diqqəti daha da artırmaq lazımdır. Düşünürəm ki, Operativ Qərargah daha da sərtləşməyə getməlidir”.

“Hava şəraitinin sərtləşməsi, mövsümi xəstəliklərin artması yoluxmanın daha da süətlənməsinə təkan verir. Eyni zamanda evlərdə istilik sistemlərinin verilməməsi də əhali arasında xəstəliklərin yayılmasına gətirib çıxarır. Binalarda istilik sistemlərinin də lazımı qaydada verilməsinə nəzarət olunmalıdır. Düşünürəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələrdə zəruri olacaq addımlar atacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi