azia.az
azia.az

Vilyam Hacıyevi "Gilan Holdinq"ə nə bağlayır?

23-05-2020, 13:25

Vilyam Hacıyevi "Gilan Holdinq"ə nə bağlayır?
Son zamanlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək korrupsiya və rüşvət yolu ilə milyonlarla sərvət əldə edən yüksək vəzifəli məmurlara qarşı hüquq-mühafizə orqanlarının apardığı əməliyyat cəmiyyətdə böyük rezonans yaradıb...
İllərlə vəzifə səlahiyyətlərindən istifadə edərək dövlətin və xalqın sərvətini mənimsəyən bu məmurların televiziya ekranlarında göstərilən milyonlarla dəyəri olan villaları, obyektləri, yüz hektarlarla torpaq sahələri, yüzminlik avtomobilləri sosial şəbəkələrdə, ictimaiyyət arasında, mediada müzakirə olunmaqdadır.

Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi məmurların arasında ictimaiyyətdə və sosial şəbəkələrdə ən çox müzakirə olunan məmurlardan biri İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevdir.

Buna səbəb isə may ayının 6-da Səbail rayon məhkəməsi tərəfindən barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilən V.Hacıyevin evindən milyonlarla nəğd pul vəsaitlərinin çıxması oldu. DTX-nin əməliyyat videosundakı kadrlarda görüntülənən 500-lük evro və 100-lük dollar əskinaslarından ibarət bandrollarda təxminən 4-5 milyon manat ekvivalentində pul olduğu deyilirdi.

Burada əsas məqamlardan biri də digər icra başçılarından fərqli olaraq Vilyam Hacıyevin evindən çıxan milyonlarla vəsaitin iri həcmli əskinaslardan ibarət olması və xüsusi qablaşdırılması idi.

İqtisadçı alım Qubad İbadoğlunun yazdığına görə, DTX-nin təqdim etdiyi əməliyyat kadrları göstərilən pulların hamısını özündə əks etdirirsə, onda hesablamalar göstərir ki, orda 2 milyon 480 min dollar, 450 min avro var: "Əgər evdə xarici valyutada bu qədər vəsait nağd şəkildə gizlədilibsə, heç şübhəsiz ki, xarici və yerli banklarda yerləşdirilən vəsait bundan dəfələrlə çoxdur. Bundan əlavə pulların ondan da çox hissəsi biznesə və əmlaka yatırılır. Bu hesabla Vilyam Hacıyevın varidatı ən azından 10 milyonlarla dollarla ölçülə bilər. Bu da büdcə üçün əlavə maliyyə qaynağıdır”.

Bu nüansa diqqət edən bəzi ekspertlərin iddiasına görə, V.Hacıyevin evindən çıxan milyonlarla vəsait böyük ehtimalla bir mənşəlidirlər.

Səkkiz il İmişli rayonuna rəhbərlik etmiş V. Hacıyevin bu qədər sərvətə - villalara, bahalı avtomobillərə, milyonlarla manat nəğd pullara necə nail olması ətrafında günlərlə mətbatda və sosial şəbəkələrdə müzakirələr getsə də, hələ ki, ortada əsaslı arqument yoxdur.

Lakin Qlobal.az-ın əldə etdiyi məlumatda icra başçısının milyonlara necə sahibləndiyi barədə maraqlı iddialar yer alır.

Verilən məlumata görə, Vilyam Hacıyev sahib olduğu sərvətin böyük hissəsini "Gilan Holdinq" şirkəti ilə "əməkdaşlıq" çərçivəsində qazanıb. Belə ki, İmişli rayonu ərazisində 4300 hektar torpaq sahəsi icra başçısı tərəfindən sənədləşdirilərək "Gilan Holdinq"ə satılıb.

Məlumata görə, rəsmi sənədlərdə İmişli rayon İcra Hakimiyyəti tərəfindən "Gilan Holdinq"ə satılan torpaq sahələri 4300 hektar göstərilsə də, əslində şirkətin sahibləndiyi torpaqların 5000 hektardan artıq olduğu deyilir.

Qeyd edək ki, hələ ötən il İmişli rayonunun Cavadxanlı kəndi ərazisində Dövlət Fond torpağında uzun illərdir rəsmi müqavilə əsasında maldarlıq təsərrüfatı ilə məşğul 1-ci qrup Qarabağ müharibəsi əlili, Qarabağ müharibəsi veteranı Ağayev Elman İmişli rayon İcra Hakimiyyətinin rəhbərliyinin qanunsuzluqları ilə üz-üzə qaldığına görə Prezident İlham Əliyev cənablarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etmişdi.

Birinci qrup Qarabağ əlili dövlətin ali rəhbərliyinə ünvanladığı şikayət məktubunda 2006-cı ildə rəsmi müqavilə əsasında 15 illiyinə İmişli rayonunun Cavadxanlı kəndi ərazisində Dövlət Fond torpağında maldarlığın inkişafı məqsədi ilə aldığı 250 hektar otlaq sahəsinin İmişli rayon İcra Hakimiyyətinin başçısı tərəfindən əlindən alınaraq yüksək vəzifəli məmurlara satıldığını deyirdi.

Birinci qrup Qarabağ əlilinin ölkə rəhbərliyinə ünvanladığı şikayət məktubunda səsləndirdiyi ittihamlara İmişli rayon İcra Hakimiyyəti o zaman rəsmi açıqlama vermişdi.

İmişli rayon İcra Hakimiyyəti açıqlamasında 1-ci qrup Qarabağ müharibəsi əlili, Qarabağ müharibəsi veteranı Ağayev Elmanın torpaq sahəsinin müqaviləsinə xitam verildiyini, həmin ərazinin isə qanuni şəkildə "Gilan Holdinq" şirkətinə satıldığını qeyd edirdi.

Maraqlıdır ki, başqa zaman mediada barəsində yazılanlara operativ reaksiya verən "Gilan Holdinq" o zaman İmişli rayon İcra Hakimiyyətinin bu açıqlamasının üstündən sükutla keçdi.

Digər maraqlı məqam isə İmişli rayonunda 4300 hektar qnuni torpağa sahib olan "Gilan Holdinq"in rəsmi saytında bu barədə heç nə yazılmamasıdır.

Saytda yalnız şirkətin turizm, sənaye və tikinti fəaliyyəti barədə məlumatlar verilib. Belə olan təqdirdə isə "Gilan Holdinq"in İmişli rayonunda (rayon icra hakimiyyətinin vurğuladığı kimi) qanuni formada əldə etdiyi 4300 hektar torpaq sahəsində nə əkib-becərdiyini ictimaiyyətdən gizli saxlamaq istəməsi şübhələrə yol açır.

Analizlər də onu göstərir ki, iqtisadiyyatı yalnız aqrar sahədən ibarət olan İmişli rayonunun başçısı Vilyam Hacıyev milyonlarla vəsaitə yalnız rayonun min hektarlarla torpaq sahəsini arxasında oliqarx nazirlərin dayandığı şirkətlərə "qanuniləşdirib" satmaqla nail ola bilərdi.

Yerli mediada yazılanlara görə "Gilan Holdinq" Fövqaladə hallar Naziri Kəmaləddin Heydərova məxsusdur. Hazırda holdinqə K.Heydərovun qohumu (xalası oğlu olduğu iddia edilir) Cəmil Muradovun rəhbərlik etdiyi deyilir.

Məsələ ilə bağlı "Gilan Holdinq"dən mövqe öyrənməyə çalışsaq da, qarşı tərəf münasibət bildirmədi.

XalqXeber.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi