azia.az
azia.az

Prezident İlham Əliyev Gəncədə 39 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib

17-02-2016, 12:10

Prezident İlham Əliyev Gəncədə 39 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Gəncədə Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.
Azərbaycanda həyata keçirilən dövlət siyasətində təhsil sahəsinə xüsusi diqqət göstərilir. Mövcud məktəb binalarının yüksək səviyyədə yenidən qurulması, müasir təhsil ocaqlarının inşası bu sahəyə göstərilən dövlət qayğısının daha bir təzahürüdür. Gəncə şəhərində 39 nömrəli tam orta məktəbin əsaslı təmiri və yeni tədris korpusunun tikintisi bu qəbildən olan layihələrdəndir.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyevə məktəbin əsaslı təmiri və yeni tədris korpusunun tikintisi barədə məlumat verildi. Bildirildi ki, bu məktəb 1962-ci ildə istifadəyə verilib və ilk dövrlərdə 39 nömrəli beynəlmiləl orta məktəb adlanıb. 1978-ci ildə görkəmli ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayevin vəfatından sonra onun adını əbədiləşdirmək üçün pedaqoji kollektivin xahişinə əsasən məktəbə Mir Cəlal Paşayevin adı verilib. Bu təhsil ocağı nəinki Gəncənin, ümumilikdə Azərbaycanın ən nüfuzlu məktəblərindən biridir. Məktəbin müəllim kollektivi arasında “Tərəqqi” medalına, “Əməkdar müəllim”, “Qabaqcıl təhsil işçisi”, “İlin ən yaxşı müəllimi” fəxri adlarına layiq görülmüş pedaqoqlar var. Hər il məzunların əksəriyyəti yüksək balla ölkəmizin və dünyanın nüfuzlu ali təhsil ocaqlarına qəbul olur, Prezident təqaüdünə layiq görülür.
Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı Sərəncama əsasən bu məktəb 2009-2010-cu dərs ilində keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Hazırda məktəbdə 2138 şagird təhsil alır.
Qeyd olundu ki, məktəbin 930 şagird yerlik mövcud binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilib. Təhsil müəssisəsinin ümumi ərazisi 12 min kvadratmetrdir. Ətrafda yaşıllıq zolağı yaradılıb, 3,2 min kvadratmetr sahə asfaltlanıb.
Dördmərtəbəli binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Burada, eyni zamanda, smart sinif, informatika, psixoloq otaqları, inzibati bölmə, fizika, kimya, biologiya kabinetləri də zəruri ləvazimatla təchiz edilib.
Bildirildi ki, məktəbin 1200 şagird yerlik yeni korpusu şəhər icra hakimiyyətinin sifarişi ilə dövlət büdcəsi vəsaiti hesabına tikilib. Binanın tikintialtı sahəsi 3654 kvadratmetrdir. Yeni korpus üçün transformator yarımstansiyası quraşdırılıb, su və kanalizasiya şəbəkəsi yaradılıb, su və yanğın hovuzları inşa edilib, müasir qazanxana quraşdırılıb. Həyətyanı sahədə açıq idman meydançası yaradılıb, qurğular quraşdırılıb.
Binada sinif otaqları, üç emalatxana, qapalı idman zalları, zəngin kitabxana, kimya, fizika kabinetləri və laboratoriyaları, tibb otağı, yeməkxana, müəllimlər otağı, hərbi kabinet, arxiv, 150 yerlik akt zalı, dərnək kabinetləri var.
Bu tədris ocağında yaradılan şərait bir daha sübut edir ki, ölkəmizdə təhsilə yüksək diqqət və qayğı göstərilir, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Təqdirəlayiq haldır ki, bu layihələr Azərbaycanın hər bir şəhərini, rayonunu, qəsəbəsini əhatə edib. Belə müasir məktəblərin yaradılması həm də ölkəmizin gələcəyinə qoyulan sərmayə kimi böyük əhəmiyyət daşıyır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi