azia.az
azia.az

"General-mayor Mayis Bərxudarov dövlət üçün ciddi resursdur, dövlətin ən etibarlı sərkərdələrindən biri, sirr küpəsidir"

2-05-2020, 16:37

Samir Feyruzov; "General-mayor Mayis Bərxudarov dövlət üçün ciddi resursdur, dövlətin ən etibarlı sərkərdələrindən biri, sirr küpəsidir"

General-mayor Mayis Bərxudarov bizim hərbi hissədə qərargah rəisi idi. Cəbhə bölgəsində.., 12 il əvvəl... Əsgər kimi getdiyim hərbi hissədə həyat başqa sınaqlarla üz-üzə qoydu məni. Ya hər kəs kimi 1 illik hərbi xidmət dövrünü (ali təhsilli kimi) başa vurub evə gəlməli idim, yaxud qarşımda bundan da daha şərəfli, hər kəsdən gizli saxlanılmalı olan yolla getməli idim: Vətənə, dövlətə daha dərin bir xidmət! Düşmənə nəfəsləri qədər daha yaxın məsafədə zərbə vurmaq, məsələn, düz yanında, 20 metrlik... Sonu ölüm olan bir yol idi. Bu yolu getdik, amma sağ qaldıq, ölmədik, ayağı yalın, başı açıq, zülmət qaranlıqda sinəmizə basdığımız od kimi silahla qışın şaxtasında düşmənə ağır zərbələr vurduq. Ağırdı hər şeyi xatırlamaq, çox ağırdır..."General-mayor Mayis Bərxudarov dövlət üçün ciddi resursdur, dövlətin ən etibarlı sərkərdələrindən biri, sirr küpəsidir"
Bir gün Mayis Bərxudarov məni yanına çağırdı. Hərbçi kimi nə qədər əzəmətlidirsə, insan kimi də bir o qədər qiymətlidir. Xəzinə adamdır! Mənə çıxdığım yolun təhlükəli olduğunu xatırlatdı, əslində yoxlayırdı məni. Qarşısında hərbi salam verərək öldürməyə və ölməyə hazır olduğumu bildirdim Ona... Yerindən qalxıb alnımdan öpdü və yenidən yola davam... O gün anlamırdım, amma sonralar başa düşdüm ki, M.Bərxudarov əyninə mundir geyinmiş sıradan bir polkovnik-leytenant (həmin vaxt polkovnik-leytenant idi) deyil, bu adam dövlət üçün ciddi resursdur, dövlətin ən etibarlı sərkərdələrindən biri, sirr küpəsidir. Bu adamın sayəsində ölmədim, öz gözləri kimi qoruyurdu bizi, imkan vermədi ki, namərd düşmən gülləsi ilə ölək və leşimiz günlərlə hansısa neytral zonada qalsın.
Bayaq təsadüfən bir nəfərlə rastlaşdım, M.Bərxudarov haqqında xoş sözlər dedi. Ona görə mən də xatırladım bu böyük adamı... Son 22 illik tariximizdə döyüşərək GENERAL rütbəsi alan ilk şəxsi... Bəli, döyüşərək... Dövlətin ona verdiyi evi şəhid gizirin ailəsinə hədiyyə edən qəhrəman! Onun necə bir sərkərdə və insan olduğunu bilmək üçün aprel döyüşlərindəki roluna nəzər salsaq, bilərik. Aprel döyüşlərində də hər kəsin önündə tankın üstünə qalxıb düşmənin üstünə getdi və hər kəsi arxasınca apardı.
Tanıdığım ən ləyaqətli, dürüst və cəsur insandır. Qiblə adamdır! Bu sözü boş yerə demirəm, inanın: sizin, hər bir azərbaycanlının, hər birinizin həqiqi qardaşıdır bu adam, buna əmin olun, sevin onu!
Qarşında baş əyirəm, Cənab General!

Samir Feyruzov,
tanınmış jurnalist, blogger


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi