Təhsil Nazirliyində kollegiya iclası keçirilib
Martın 11-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin məsul işçiləri, müvafiq struktur bölmə və şöbələrin rəhbərləri, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.
Kollegiya iclasında ali təhsil müəssisələrinə 2016-2017-ci tədris ili üçün tələbə qəbulu yerlərinin proqnozlaşdırılması, formalaşdırılması və təkmilləşdirilməsi, “Thomson Reuters” elmi məlumat bazasından səmərəli istifadənin təşkili məsələləri müzakirə edilib.
İclasda kolleclərin ali təhsil müəssisələrinin nəzdinə verilməsi ilə orta ixtisas təhsili müəssisələrinin strukturunun rasionallaşdırılması, ali təhsil müəssisələrinin 2014-2015-ci illər üzrə akkreditasiyalarının nəticələri, xarici vətəndaşların Azərbaycanda təhsilinin genişləndirilməsi istiqamətində ali təhsil müəssisələri tərəfindən tədbirlərin hazırlanması və həyata keçirilməsi ilə bağlı mövzulara toxunulub.
Təhsil naziri Mikayıl Cabbarov kollegiya iclasında çıxışında hər bir məruzə olunan mövzu ilə bağlı şərhlər verib və bu il ali təhsil müəssisələrində qış imtahan sessiyalarının şəffaf keçdiyini, cəmiyyət tərəfindən razılıqla qarşılandığını vurğulayıb.
Ali təhsil müəssisələrində işgüzar mühitin, tədris etikasının, tələbə-müəllim münasibətlərinin möhkəmlənməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirən nazir bütün bunların təhsilin inkişafı baxımından vacib olduğunu qeyd edib.
Daha sonra Mikayıl Cabbarov Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribovu yeni təyinat münasibətilə kollegiya üzvləri adından təbrik edib.