azia.az
azia.az

Təqaüdlərə hansı dəyişikliklər edilib? - Tələbələr oxusun

10-02-2016, 10:50

Təqaüdlərə hansı dəyişikliklər edilib? - Tələbələr oxusun Təhsil Nazirliyində tələbə təqaüdlərinə edilən dəyişikliklərlə bağlı ali məktəblərin prorektorları, mühasibləri, orta ixtisas təhsili müəssisələrinin direktorları və mühasibləri ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ““Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” sərəncamda dəyişikliklər edilməsi barədə” ölkə prezidentinin sərəncamından irəli gələn vəzifələr təhsil müəssisələrinin əməkdaşlarına izah olunub.
Bildirilib ki, sərəncama əsasən, ali və orta ixtisas təhsil müəssisələrində əyani formada təhsil alan tələbələrə ödənişsiz və ya ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, təqaüdlər ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə ödəniləcək.
Yeni qayda tələbə təqaüdünün həqiqi təyinatını özündə əks etdirir və ədalət prinsipinə əsaslanır. Yeni qaydalara əsasən, ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan tələbələrə ödənişsiz və ya ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, təqaüdlər ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə ödəniləcək.
Belə ki, birinci yarımildən sonra tələbənin dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, təqaüd təhsil müəssisəsinə cari ildə həmin ixtisas üzrə dövlət sifarişi ilə qəbul olunmuş tələbələrin ümumi sayı gözlənilməklə yüksək akademik göstəriciləri ilə fərqlənənlərə təyin ediləcək. Bu, aztəminatlı ailələrdən olan, ödənişli əsaslarla təhsil alan və yüksək akademik göstəricilərlə fərqlənən tələbələrə təqaüd almaq imkanı yaradır. Bununla yanaşı, qaçqın və məcburi köçkünlər, həmçinin təhsil haqqı dövlət tərəfindən ödənilən digər imtiyazlı ailələrdən olan tələbələr sosial rifah halını yaxşılaşdırmaq imkanı əldə edəcəklər.
Sadalananlarla yanaşı, yeni qaydalar təhsilə marağı stimullaşdırmağa və təhsilalanlar arasında rəqabət mühitini yaratmağa imkan verəcək. Bu da öz növbəsində, təhsilin keyfiyyətinin yüksəldilməsinə və keyfiyyətli kadr hazırlığı aparmağa zəmin yaradacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi