“Müəllimin yanlış münasibəti uşağı uğursuzluğa sürükləyə bilər” - Vəfa Rəşidova
Məktəblərin açılmasına sayılı günlər qalıb. Yay tətilindən sonra bəzi şagirdlər yenidən məktəb rejiminə və dərs prosesinə uyğunlaşmaqda çətinlik çəkirlər. Bu isə bəzən valideynlərlə uşaqlar arasında mübahisələrə və gərginliyə səbəb olur. Nəticədə uşaqlarda dərsə maraq azalır, hətta məktəbə və oxumağa qarşı istəksizlik yarana bilir.
Bəs bu proses necə tənzimlənməlidir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Vəfa Rəşidova bildirdi ki, ilk 3 gün və bir həftə ərzində adaptasiya problemi yaşayan uşaqlarda müəyyən çətinliklərin olması normaldır. Onun sözlərinə görə, elə uşaqlar var ki, heç bir adaptasiya problemi yaşamadan istənilən mühitə tez uyğunlaşırlar:
"Amma təəssüf ki, son zamanlar uşaqlarda tez adaptasiya olmaq bacarığının azaldığını müşahidə edirik. Hətta böyüklərdə belə yeni mühitə tez uyğunlaşma halları əvvəlki qədər çox deyil. Adaptasiya problemi yaşayan uşaqların 3-7 gün ərzində müəyyən çətinliklər keçirməsi normal hesab oluna bilər. Bu məsələyə valideynlər düzgün yanaşmalıdırlar. Həmçinin uşağın dərs oxumaması o demək deyil ki, o, savadsızdır və ya oxumaq istəmir. Valideynlər anlamalıdırlar ki, uşaq məktəbdə müəyyən problemlə üzləşə bilər. Bu səbəblərdən uşaq dərs oxumaqdan imtina edə bilər. Məsələn, məktəbdə müəllimlə münasibətlərin düzgün qurulmaması və ya müəllimin uşağa qarşı düzgün olmayan münasibəti, eyni zamanda, uşağın zəif qiymət alması və bunu uğursuzluq kimi qəbul etməsi belə hallara səbəb ola bilər. Şagirdlər arasında münaqişələrin yaşanması, dostları ilə problemlərin olması və ya bullinqə məruz qalması da uşağın məktəbə və dərslərə münasibətinə təsir edə bilər".

Psixoloq nəzərə çatdırdı ki, belə hallarda uşaqda aqressiya da ortaya çıxa bilər:
"Təəssüf ki, uşaq çox vaxt gəlib yaşadığı problemi ailəsi ilə bölüşmür. Buna görə də valideyn evdə elə bir mühit yaratmalıdır ki, uşaq özünü güvənli və rahat hiss etsin, yaşadığı problemləri ailəsi ilə çəkinmədən bölüşə bilsin və bunları özünə kompleks etməsin. Uşaqların dərsdən və ümumiyyətlə, çalışmaqdan uzaqlaşmasının, məktəbə getmək və ya dərslərini yerinə yetirmək istəməməsinin səbəbləri çox vaxt məhz bunlarla bağlı olur. Bu səbəbləri müəyyən etdikdən sonra hər bir valideynə tövsiyə edərdim ki, uşaqlara daha nəvazişli, anlayışlı və empatiya hissi ilə yanaşsınlar. İnanın ki, bu cür yanaşma bir çox problemlərin qarşısını ala bilər. Əgər valideynlər bunu bacarmaqda çətinlik çəkirlərsə, onları da anlamaq lazımdır. Bəzən valideynlər səbirsiz və yorğun ola bilirlər və bu səbəbdən uşaqla lazımi empatiya qura bilmirlər. Belə hallarda peşəkar və təcrübəli psixoloqla bu məsələləri müzakirə etmək olar. Əlavə olaraq, uşağı görməzdən gəlmək, ailə daxilində digər uşaqlarla müqayisə etmək də doğru deyil. Çünki uşağı müqayisə etmək onun daha yaxşı övlad olacağına və ya daha yaxşı oxuyacağına səbəb olmayacaq".
NURİYYƏ