Gəraybəylinin TƏHSİL BAZARI... - ATU-nu su `budka`sı kimi işlədir...
Tibb Universiteti və qurumun rektoru Gəray Gəraybəyli ilə bağlı əsas mövzuya keçməzdən öncə bir məsələyə nəzər salaq.
Söhbət Hesablama Palatasından gedir.
Bütün dünyada az qala bundan səlahiyyətli qurum yoxdur.
Təsəvvür edirsiniz, Hesablama Palatası bütün dövlət qurumlarını və bu, qurumlara ayrılan vəsaitlərin necə xərclənməsini yoxlaya bilər.
Yəni bu qurumun qarşısında duracaq ikinci dövlət idarəsi yoxdur.
Bu qədər səlahiyyətli bir qurum.
Bu qurum nəinki manat, hətta qəpiyə kimi dövlət vəsaitinin hara xərcləndiyini yoxlaya bilər.
Bəs görəsən, “paçka-paçka” həbs olunan icra başçılarını, nazir və komitə sədrlərini və s niyə neçə ildir Hesablama Palatası yoxlamayıb..?
Təsəvvür edirsiniz, icra başçısı milyonları, nazir yüz milyonları mənimsəyib. Amma bu qurumlarda Hesablama Palatasının apardığı yoxlamalardan xəbər yoxdur.
Yaxud bu yaxınlarda bəlli oldu ki, Müdafiə Nazirliyinin maliyyə müdiri 80 milyon mənimsəyib.
Bəs onda Hesablama Palatası nə üçündür..?
Dövlət bu qurumun saxlanılmasına niyə milyonlar ayırır..?
Bu qurumun Heydər Əsədov adlı bir sədri var idi, indi Dəniz Akademiyasının rektorudur.
Vallahi, adam məntiq tapa bilmir. "Buxqalter"i, yəni mühasibi gətirib Hesablama Palatasına rəhbər təyin edirlər, sonra oradan çıxarıb, Kənd Təsərrüfatı naziri təyin edirlər, daha sonra Dəniz Akademiyasına rektor təyin edirlər...
Qardaşlar, dəniz hara, mühasib hara...?
Nə isə əsas mövzudan yayınmayaq.
Qısaca onu qeyd edək ki, bir neçə il öncə Hesablama Palatası Azərbaycan Tibb Universitetində ciddi qanun pozuntuları aşkarladı.
Bəs nəticə nə oldu..?
Ümumiyyətlə, səhiyyəmizin nə gündə olması barədə danışmağa ehtiyac yoxdur.
Azərbaycan səhiyyəsi müasir dünya səhiyyəsindən ən azı 40-50 il geri qalır.
Səhiyyəmizin bu gündə olmasının əsas səbəblərindən biri də Azərbaycan Tibb Universitetidir. Çünki həkimləri hazırlayan qurum ATU-dur. Deməli məsuliyyəti də bu ali məktəb daşıyır.
Bir neçə il əvvəl, daha dəqiq desək, 2016-cı ildə ATU-ya cavan bir şəxs, Gəray Gəraybəyli rektor təyin olunanda hamı düşündü ki, səhiyyəmizdə müsbət dəyişikliklər olacaq.
Ancaq təəssüf ki, belə olmadı.
Gəray Gəraybəylinin ömür yolu, harada doğulması, harada işləməsi barədə uzun-uzadı yazmaq istəmirik.
Gəraybəyli Gəray Çingiz oğlu 1967-ci ildə Bakı şəhərində doğulub. ATU-nu bitirib. 1992-ci ildən 1993-cü ilədək Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında baş laborant, 1993-cü ildən 1996-cı ilədək assistent, 1996-cı ildən 2007-ci ilə qədər dosent vəzifələrində çalışıb. 2007-ci ilin dekabr ayından indiyə qədər Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri vəzifəsində çalışır.
2007-ci ildən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatorudır. 2016-cı ildən rektordur.
Özünüz də gördünüz ki, normal və maraqlı bir ömür yoludur.
Bəs, görəsən, nə üçün bu alim rektor təyin olunan kimi özünü göstərdi.
Bu təhsil ocağının kollektivi öz rektorlarından nələr yazmırlar. Adam dəhşətə gəlir.
Deyirlər ki, bu adam rektor təyin olunan kimi dostlarını, yaxın adamlarını başına yığıb “rüşvət və korrupsiya” şəbəkəsi yaradıb.
Baş mühasibi işdən çıxarıb, öz dostunu götürüb.
Universitetin təsərrüfat və təchizat işlərinə baxan şəxs rektorun bacısının həyat yoldaşı Elçin Əlizadədir.
Yəqin ATU-nun korpuslarını görənlər bilir ki, neçə ildir o binaların divarlarını qaşımaq, malalamaq, rəngləmək bitmək bilmir…
Bütün bunlar hamısı yüz minlərlə dövlət vəsaitinin silinməsi, daha doğrusu, mənimsənilməsidir…
Ən dəhşətlisi odur ki, rektor səriştəli şəxsləri çıxarıb heç bir təcrübəsi olmayan dostlarını vəzifəyə təyin edir.
Məqsəd aydındır. Maliyyə məsələlərini öz əlində cəmləşdirmək və büdcədən ayrılan vəsaitləri mənimsəmək.
Onu da qeyd edək ki, ATU-nun aylıq və illik büdcəsi kifayət qədərdir və burada hər şey “qara mühasibatlıq” üzərində aparılır.
Ən maraqlısı odur ki, rektor tədris klinikalarının hamısını öz yaxınlarına tapşırıb.
Məlumat üçün qeyd edək ki, ATU-nun nəzdində 4 tədris klinikası fəaliyyət göstərir. Bunlardan ikisi onkoloji və stomotoloji klinikalardır ki, bunlar Ulu Öndər Heydər Əliyevin müvafiq sərəncamları ilə təsis edilərək, müasir standartlara cavab verən tibbi avadanlıqlarla təmin ediliblər. Bu klinikaların yaradılmasında məqsəd, yüksək səviyyəli və təcrübəli tibbi kadrların hazırlanması olub. Prezident İlham Əliyevin səhiyyəyə və təhsilə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində Prezidentin ehtiyyat fondundan ayrılmış vəsait hesabına ən yüksək dünya standartlarına cavab verən, müasir tibbi avadanlıqlarla təchiz edilmiş terapevtik və cərrahiyyə klinikalarının yeni binaları tikilib və istifadəyə verilib.
Yəni bütün şəraiti dövlət yaradıb.
Bu klinikalarda təkcə həkim məsləhətinə görə dövlət xəzinəsinə 50 manat ödənilir. Amma vətəndaşlara verilən qəbzlər isə sadəcə printerdən çıxıb. Kassada çalışanların heç biri rəsmi ştatda oturmayıb, hamısı maaşı qeyri-rəsmi alır.
Hətta xəstələrin köçürdüyü xeyli miqdarda pullar da saxta qəbzlərlə verilir və milyonlarla pul dövlət büdcəsindən yayındırılır.
ATU-nun tabeçiliyində olan Onkoloji klinika da büdcədən maliyyələşdiyi halda, burada göstərilən tibbi xidmət, müayinə və müalicə prosedurları pul alınmadan həyata keçirilmir. Hətta ölümə məhkum olunmuş onkoloji xəstələrin mütəmadi qəbul etdiyi kimyəvi-terapiya tədbirləri də 500-600 AZN-ə başa gəlir.
Yazının girişində Hesablama Palatasının adını əbəs yerə çəkmədik.
Hesablama Palatasının ATU-da apardığı yoxlamadan bəlli olur ki, xəzinəyə pul ödəyərkən, dövlət tərəfindən təsdiq olunmuş, nömrəli ciddi hesabat blankı, mədaxil qəbzi deyil, printerdən çıxmış sadə kağız parçası vəsait ödəyən şəxsə verilir. Heç bir hüquqi qüvvəyə malik olmayan bu kağız parçaları adi kompyuter proqramı vasitəsilə hazırlanaraq çap edilir. Bu da ATU-nun rəhbərliyi və mühasibatlığı tərəfindən çirkli pulların axınını nəzarətdə saxlamaq üçün düşünülmüş bir cinayət əməlidir.
Gəray Gəraybəylinin rektoru olduğu Azərbaycan Tibb Universitetində 2016-2017-ci illərdə daxil olmaların və xərclərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş audit zamanı ortaya ciddi faktlar çıxıb.
Universitetdə heç bir əhəmiyyəti olmayan ştatlar saxlanıb və maaşlar ödənilib.
Hesablama Palatasının kollegiyası öz qərarını Səhiyyə Nazirliyinə və Milli Məclisə göndərib.
Təkcə bir faktı qeyd edək ki, ATU-nun klinikalarında bir paket qan 100 manata satılır. Bunun haqq-hesabını ancaq rektor bilir.
Bax, bu da bizim səhiyyənin qara günü. Nə qədər ki, qara mühasibatlıq var, səhiyyəmiz ağ günə çıxa builməz.
Növbəti yazıda ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, Beynəlxalq əlaqələr üzrə prorektoru, Elmi işlər üzrə prorektoru, Tərbiyə işləri üzrə prorektoru, Ümumi işlər üzrə prorektoru, İnzibati-təsərrüfat işləri üzrə prorektoru və digər rəhbər şəxslərin əməllərindən bəhs edəcəyik.
Bizi izləyin.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mənbə:My Webpage