Müğənnilərin şəxsi həyatı haqqında yazmaq olarmı? - Vəkildən AÇIQLAMA
Son günlər müğənni Nura Suri və digər müğənnilər şəxsi həyat toxunulmazlığı ilə bağlı tez-tez mövqe bildirirlər. Bu məsələdə qanun nə deyir?
Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Esmira rzayeva bildirib ki, Azərbaycan qanunvericiliyi şəxsi həyatın toxunulmazlığı prinsipini çox aydın və sərt şəkildə qoruyur. Konstitusiyanın 32-ci maddəsinə əsasən, şəxsi həyat və ailə sirri toxunulmazdır. Bu hüquq hər kəsə aiddir – müğənni, aktyor, bloger və ya adi vətəndaş olmasından asılı olmayaraq. Heç bir media qurumu şəxsin razılığı olmadan onun şəxsi həyatını araşdıra və yayımlaya bilməz.
– Bəzən media bunu “ictimai maraq” kimi əsaslandırır. Bu arqument keçərlidirmi?
Vəkil Esmira Rzayeva: Xeyr, keçərli deyil. “İctimai maraq” yalnız cəmiyyətə real təsiri olan hallara şamil edilir. Bir müğənninin kiminlə münasibətdə olması, ailə problemləri və ya şəxsi mesajları ictimai maraq hesab olunmur. Qanunda bu açıq şəkildə müəyyən olunub. İctimai tanınmış sima olmaq şəxsi həyatın müzakirəyə çıxarılması üçün hüquqi əsas yaratmır.
– Şəxsi məlumatlar razılıq olmadan yayımlansa, məsuliyyət nədir?
Vəkil Esmira Rzayeva: Bir neçə məsuliyyət forması var:
1. Cinayət Məcəlləsi – 155-ci maddə:
Şəxsi məlumatların qanunsuz toplanması və yayılması cinayətdir. Foto, video, yazışma, səs yazılarının icazəsiz dərc edilməsi bunun içərisinə daxildir.
2. İnzibati Xətalar Məcəlləsi – 388-1:
Media bilərəkdən şəxsi həyata müdaxilə edirsə, həm fərdi jurnalist, həm də redaksiya cərimələnir.
3. Mülki Məcəllə – 23-cü maddə:
Şəxs öz şərəf və ləyaqətinin müdafiəsi üçün məhkəməyə müraciət edərək:
təkzib,üzr, mənəvi zərərin ödənilməsini tələb edilə bilər.
– Sosial şəbəkələrdə şəxsi videoların və mesajların yayılması hallarında müğənnilər nə etməlidir?
Vəkil Esmira Rzayeva: Ən birinci addım sübutları toplamaqdır — linklər, screenshot, video. Sonra hüquqi prosedura keçmək lazımdır. Qanunla bu cür yayımlar həm cinayət, həm də mülki qaydada məsuliyyət yaradır. Şəxs videonun silinməsini, təkzib verilməsini və təzminat tələbini eyni vaxtda irəli sürə bilər. Bundan əlavə, sosial şəbəkə platformalarına da rəsmi müraciət edilərək kontentin dərhal bloklanması mümkündür.
– Sizcə, media bu sərhədləri niyə tez-tez pozur?
Vəkil Esmira Rzayeva: Reytinq və klik toplamaq üçün. Amma unutmaq olmaz ki, media azaddır, ancaq bu azadlıq başqasının şəxsi həyatına müdaxilə etmək hüququ vermir. Qanun bu sərhədi çox dəqiq müəyyən edir və pozanlar hüquqi məsuliyyət daşıyır.
– Məşhurlar şəxsi həyatlarının qorunması üçün nələri bilməlidirlər?
Vəkil Esmira Rzayeva:Şəxsi həyat qanunla tam müdafiə olunur. Heç kim icazə olmadan şəxsi məlumatı yayımlaya bilməz. Media “ictimai maraq” adı ilə bunu əsaslandıra bilməz. Hər bir icazəsiz paylaşım hüquqi məsuliyyət yaradır. Təsdiqlənməmiş məlumatlara qarşı dərhal hüquqi reaksiya verilməlidir.
-Ətraflı məlumat üçün Sizə təşəkkür edirik.
-Buyurun,Sizə də təşəkkür.

Hazırladı: Miri Məcidli