“Gördüm ki, qızımın bədənində sağlam yeri qalmayıb”
Model sevgilisi Raziyyat (Razi) Əliyevanı döymə və digər cinayətlərdə təqsirləndirilən iş adamı Ziya Hüseynzadənin məhkəməsi davam edir.
Azia.az “Qafqazinfo”ya istinadən yazır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki iclasda zərərçəkmiş modelin anası Xədijət Əliyeva ifadə verib. Şahid hakim qarşısında Ziyanın qızına verdiyi işgəncələrdən danışıb. Əliyevanın sözlərinə görə, qızının döyülməsindən sonradan xəbəri olub:
“Hadisədən bir müddət əvvəl qızım mənə mesaj yazdı, təcili onlara gəlməyimi istədi. 1 ay idi Razini görmürdüm. Qapını açanda qızımın həddən çox arıqladığını gördüm. Çox pis oldum. Dedi ki, guya Ziya pəhriz saxlayır deyə, bu da pəhrizdədir. Amma üzündə qançırlar var idi. Həmin gün Ziya da evdə idi. O günə kimi Ziya ilə əlaqəsi olduğunu bilirdim. Sonradan Razi 2 gün mənimlə qaldı. 48 saat ərzində zənglərin ardı-arası kəsilmədi. 2 gün sonra qızım dedi Ziya ilə barışdıq, evə qayıdıram. Sonra yenə bir müddət qızımla görüşə bilmədim. Görüşmək barədə yazanda hər dəfə bir bəhanə gətirirdi. Sonradan gördüm ki, qızımın bədənində sağlam yeri qalmayıb”.
Şahidin ifadəsindən aydın olub ki, qızı Ziya ilə münaqişəli münasibət yaşayıb. Razi Ziyanın yanına qayıtdıqdan bir müddət sonra yenidən anasının evinə dönüb:
“Ziya hər gün evə gül göndərirdi, amma Razi gülləri qəbul etmirdi. Sonuncu dəfə bizə gəldi. Qapını qırmaq istəyirdi. Onu içəri buraxmaq istəmirdik deyə polisə məlumat verdik. Polislər gələndən sonra Razi döyülmə şəkillərini onlara göstərdi. Ondan sonrası da məlumdur”.
Proses martın 27-i davam edəcək.
Qeyd edək ki, Z.Hüseynzadə bu iş üzrə qəsdən sağlamlığa ağır zərər vurmaqda, əzab verməkdə, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələməkdə, əmlakı məhv etməkdə, oğurluqda və xuliqanlıqda təqsirləndirilir. Bundan əlavə o iqtisadi fəaliyyətinə görə də cinayət əməlində ittiham edilir. Ona görə isə ayrıca mühakimə ediləcək.