Müğənni Talıbdan dayısı oğlu Bəxtiyar Hacıyevin aclıq aksiyasına REAKSİYA: "Nə edə bilərəm..."
Tanınmış müğənni Talıb Tale həbsdə olan dayısı oğlu, ictimai fəal Bəxtiyar Hacıyevin 49 gündür aclıq aksiyası keçirməsinə münasibət bildirib.
Azia.az xəbər verir ki, T.Tale Pravda.az-a Bəxtiyar Hacıyevin aclıq aksiyasını dayandırmasını istədiyini deyib.
“Bəxtiyar Hacıyevin özü ilə danışmaq imkanım olmayıb. Sıx əlaqədə deyilik. Bir-birimizi nadir hallarda, az görürük. Hər kəs bilir ki, Bəxtiyar haqsız yerə həbs olunub. Hər şeydən vacib sağlamlığıdır. Aksiyanı dayandırsın. Digər məsələlər, məncə, yoluna düşər. İnanmıram ki, uzun müddət həbsdə qalar. Bu, müvəqqəti bir şeydir. Sadəcə, aclıq aksiyası keçirməklə nə edirsə, özünə, sağlamığına edir. Ona görə aksiyanı dayandırmasını istəyirəm”, - müğənni qeyd edib.
T.Tale onun Bəxtiyar Hacıyevi müdafiə etməməsi ilə bağlı səslənən iradlara da münasibət bildirib:
Fikrimi bildirirəm, başqa nə edə bilərəm? Azadlığa buraxılması ilə bağlı müraciət etməmişəm, amma müəyyən strukturlardan vəziyyəti ilə, məsələnin necə olacağı ilə maraqlanıram. Hələ ki bilmirik. Bəlkə, bilmədiyimiz məsələlər var. Amma yeganə bildiyimiz budur ki, Bəxtiyar haqsız yerə həbs olunub”.