Əli Mirəliyev Alim Qasımovun bostanına daş atdı: "O boyda Xalq artistinin qızına bax…"
"Bu gün televiziya və internet indiki oxuyanları məşhur edir. Kanallar onları efirə dəvət edirlər, sonra da sənətkar axtarırlar. Sənətkar sənətə illərini verməlidir, 5 dəfə efirə çıxmaqla sənətkar olmurlar".
Azia.az xəbər verir ki, bu sözləri müğənni Əli Mirəliyev cebhe.info-ya açıqlamasında deyib.
O, müğənni Damlanın Naxçıvandakı konserti zamanı böyük izdihamla qarşılaşmasını və fanatlarının onun əlini öpməsinə münasibət bildirib.
"Damla, Üzeyir Mehdizadə kimi insanlar heç vaxt sənətkar olmayacaqlar. Onlar "həci"lərin və prodüserlərin hesabına özlərini məşhur ediblər. Biz sənətkarlar prodüserin və sponsorun nə olduğunu bilməmişik. Biz zənglərə də özümüz cavab veririk. Onlara elə gəlir ki, sənətdə ədəbazlıq edərək tarixə düşəcəklər. Xeyr, onlar tarixin qara sahifələrindədir. Əsl sənətkar olaraq biz kənarda qalmamışıq. Mən yeganə adamam ki, Üzeyir Hacıbəyov, Tofiq Quliyev, Cahangir Cahangirov, Hacı Xanməmmədov kimi bəstəkarların mahnılarını oxumuşam".
Əli Mirəliyev Xalq artistlərini də kəskin tənqid edib:
"Necə ola bilər ki, Aygün Kazımova, Röya Ayxan və Faiq Ağayev Xalq artisti olur? Bu, düz deyil. Adıçəkilən insanlar Xalq artisti adını layiq deyillər və o adları geri almaq lazımdır. Onlar, buna layiq olduqlarını göstərmək üçün attestasiya imtahanı verməlidirlər.
Çünki heç biri özfəaliyyət səviyyəsində belə oxumurlar və sənət yolu getmirlər. Onlara Xalq artisti deyənlərin...
Həmin məşhurlar jurnalistlərə pul verərək, özlərini reklam etdirirlər və yalandan "YouTube"-da baxış saylarını artırırlar. Amma bunların hamısı müvəqqəti şeylərdir, heç biri yadda qalmayacaq. Tarixdə bizim kimi sənətkarlar qalacaq".
O, bəyəndiyi xanəndələrin də adlarını çəkib:
"Sənət yolu gedən, xoşuma gələn xanəndələr Aygün Bayramova, Təyyar Bayramov, İlkin Əhmədov, Babək Niftəliyev, Mənsur İbrahimov və Güllü Muradovadır. Onlar bizim dedilklərimizi həyata keçirirlər, amma o birilərin hamısı ədəbazlıq edirlər".
Onun sözlərinə görə, artıq insanların musiqi zövqləri dəyişib:
"Cavan nəsil elə bilir ki, Aygün və Röya necə oxuyursa, elə də olmalıdır. Hətta Alim Qasımovun qızı Fərqanə Qasımova Azərbaycan bəstəkarlarının mahnılarını hind üslubunda oxuyur. Bunlar elə bilir ki, mahnı belə oxunmalıdır. Ötən dəfə Fəqanə Qasımova sözlərini Molla Pənah Vaqifin yazdığı, Cahangir Cahangirovun bəstələdiyi "Durnalar" əsərini hind üslubunda oxuyurdu. Hətta Hindistandan gələnlər Azərbaycan musiqisi ilə göbək atırdılar. Bu qədər özbaşınalıq olmaz. O boyda Xalq artistinin qızına bax… Atası dərviş kimi, qızı isə hind üslubunda oxuyur. Yeni mahnı olsa, deyərdim cəhənnəm, amma Cahangir Cahangirovun mahnısını hind üslubunda oxumağa sənə kim ixtiyar verib? Belə olmaz. Ona görə də musiqimiz bu gündədir".
Sənətçi fanatları başqa məqsəd güdməkdə ittiham edib:
"Hazırda fanatları məşhurların lüt olmağını və çirmərlikdən şəkillər paylaşmağını istəyirlər. Sənət isə qıraqda qalıb, çünki sənəti əxlaqsızlıq yuvasına çeviriblər. İndi kişilər arvad olub, arvadlar kişiləşib. Biz isə bunun ağrısını illər boyu çəkəcəyik".